Evli Cütlüklərin Bənzərlik Sirri

0
1083
Evli Cütlüklərin Bənzərlik Sirri

Fikir vermisinizsə, evli olan bir çox cütlüklər bir-birlərinə bənzəyir. Yalnız görünüşcə də deyil, xaraktercə də oxşarlıqları olur. Hətta onları bacı-qardaş hesab edənlər də tapılır.

Yel Universitetinin tədqiqatçıları 25 ildən çox bir yerdə yaşayan cütlüklərin şəkillərini toplayıblar. Sonra onlar evliliyə qədər olan və müxtəlif vaxtlarda çəkilən şəkilləri müqayisə ediblər. Şəkillərin müqayisəsi göstərir ki, ər və arvad ildən-ilə, get-gedə daha çox bir-birinə oxşamağa başlayırlar. Bu oxşarlıq təkcə xarici oxşarlıq deyil, həm də xaraktercə baş verir.

Həmçinin o da müəyyən olunub ki, ailələr nə qədər xoşbəxt olsalar, bir o qədər çox oxşarlıq müşahidə olunur. Araşdırmaya görə, ər-arvad bir-birindən heç özləri də hiss etmədən müəyyən xüsusiyyətlər götürür. Bu, xüsusən də, vərdişlərə aiddir. Məsələn, əgər ər siqareti və ya içkini tərgidirsə, bunu onun həyat yoldaşı da edir. Bu hallar idmanla məşğul olmaya, həkimə müraciət etməyə və digərlərinə də aiddir.

Sosioloq və psixoloqlar hesab edirlər ki, əksər hallarda kişilər və qadınlar xarici görünüşlərinə görə özlərinə oxşar olan insanları seçirlər. Müşahidələr göstərir ki, özünə bənzəyənlərlə ailə quran cütlüklər daha çox xoşbəxt və uzunömürlü həyat yaşayırlar. Və əksinə, illərlə sürən xoşbəxt həyat kişi və qadını bir-birinə bənzədir. Cütlük bir-birindən əksər xüsusiyyətləri və vərdişləri götürərək yamsılayır. Ailə həyatı uzun müddət sürdükcə, bu proses daha çox dərk edilmədən baş verir.
 
 
Korrektor:Əhmədova Sevinc

ŞƏRH YAZIN