Evlilik Qorxusunu Yaradan Səbəblər

0
2982
Evlilik Qorxusunu Yaradan Səbəblər

-Ailədə və ətrafdaki evliliklərin normal olmaması;

-Mükəmməllik axtarışı;

-Psixoloji olaraq bağlılıq qorxusu;

-Boşanmanın çətin olması;
 
-Daha yaxşısını tapma arzusu;
 
-Maddi çətinliklər;
Evlilik qorxusunun səbəbləri ən yaxın ətraf və ailə ola bilər. Ailədə düzgün olmayan münasibətlər, ata-ana arasındakı anlaşılmazlıq, dava-dalaş, ümumi məqsəddən daha çox hər kəsin özünü haqlı çıxarma istəyi bu qorxunu yaradan səbəblərdəndir. Ətrafda da bu tip ailələrin olması bu qorxunu daha da artırır. Gənc ailə quracağı təqdirdə heç vaxt xoşbəxt olmayacağını, bu ailələrin aqibətini yaşayacağını düşünür.
Xoşbəxt ailələrdə böyüyən uşaqlarda da bu qorxuya rast gəlmək mümkündür.Belə ailələrdə böyüyən gənclər ailədə gördüyü mükəmməl münasibəti öz ailəsində də görmək istəyir, qarşı tərəfdən özünə qarşı xüsusi münasibət gözləyir. Evlilik öncəsi yaşadıqları kiçik mübahisələri şişirdir və ailədə valideynlərinin yaşadığı xoşbəxtliyi yaşaya bilməyəcəyini düşünür. Deməli, həddən artıq mükəmməllik də bu qorxunu yaradan səbəblərdəndir.
Psixoloji olaraq bağlılıq qorxusu, qarşı tərəfə bağlı olmaq, onunla hesablaşmaq, fikirlərinə önəm vermək bəzi insanlara çətin gəlir. Fərqli ailələrdə, fərqli mühitdə tərbiyə almış insanlar özlərini birdən-birə bu çətinliklərə hazır hiss etmirlər. Evlilik qorxusu evliliyi əngəlləyən səbəblərdən biri də boşanmanın mümkünsüzlüyüdür. Çünki ailə uğursuz olsa belə, boşanma yaxşı qarşılanmayacaq.
Nişan, toy mərasimlərinin təmtəraqlı keçirilməsi, bunların meydana gətirdiyi stress də insani evlilikdən uzaqlaşdıra bilər. Qarşısına çıxanları bəyənməmək, iqtisadi, sosial, mədəni cəhətdən "daha yaxşısını taparam" düşüncəsi də evliliyi ləngidir. Bu, bir muddət sonra xroniki subaylığa çevrilir.
Maddi çətinliklərdən qorxma, ailəni necə dolandıra bilmək, yaşayış üçün hər şeyin olmasını gözləmə də evliliyi gecikdirir. Evlilik öncəsi yaşanan qısa, uğursuz münasibətlər, xüsusilə indiki dövrdə sosial şəbəkələrin mövcudluğu, hər an yeni tanışlıqlara imza atma, gəncin "hamı vəfasızdır, heç kimə güvənilməz" kimi nəticələr çıxarmasına səbəb olur. Səbəblər çoxdur. Amma bir şeyi də nəzərə almalıyıq ki, insan nə axtarırsa, onu tapır. Nöqsan axtardıqca tapacağınız da ancaq nöqsan olacaq. Hətta nöqsanı aradığınız üçün ona bənzəyən hər şeyi nöqsan zənn edəcəksiniz.
Evlilik bir birgəlikdir. Bu yola mən deyərək çıxılmaz. Çünki evli olduğunuz zaman ancaq özünüz üçün yaşamayacaqsınız. Birgə düşünüb qərar verməlisiniz. Yeri gəldikdə fədakar olmağı bacarmalı, maddi və mənəvi imkanlarınızı bu vəziyyətə uyğunlaşdırmalısınız. İlk öncə çox çətin görünənlər, zamanı gəlincə həyat tərzinizə çevriləcək. İstəyiniz ailə qurmaqdırsa, bunu həyata keçirin. Cəsarətli və faydalı hərəkət, qorxaq sükutdan daha məqsədə uyğundur.
 


Korrektor: Əliyeva Aynur


Korrektor: Əliyeva Aynur

ŞƏRH YAZIN