Yeni Evlilərə Vacib Məsləhətlər!

0
2445
Yeni Evlilərə Vacib Məsləhətlər!

Hər bir yeni qurulan evlilik yeni bir başlanğıcdır. Tanımadığın bir səfərə çıxırsan, müxtəlif şəraitlərdə bir yerdə yaşayırsan. Əlbəttə asan deyil. Gözəl, amma kompleksli, şirin, amma çətindir. Sizə təqdim etdiyimiz bu resept yeni ailə quranlar üçündür:

Subaylığa "əlvida" deyin

Hər şeydən əvvəl subaylığa zehnən vida edin. Yeni bir həyata başladığınızı unutmayın. Subaylıq günlərinizdəki "Harada axşam, orada səhər!" səhifəsini bağlayın. "Subaylıq sultanlıqdır" yerinə "Evlilik sultanlıqdır" cümləsini qoyun.

Möhkəm ünsiyyət

Yoldaşınızın bədən dilini öyrənin. Jest və mimikalarını doğru mənalandırın. Sağlam ünsiyyət qurun. Danışmaqdan və mədəni ölçülər çərçivəsində yoldaşınızın xətrinə dəymədən mübahisə etməkdən qorxmayın. Ən pis şey susqunluqdur. Sizi narahat edən məsələlər üst-üstə yığıldıqda özünüz belə hiss etmədən vulkan kimi partlaya bilərsiniz.

Nəzakəti əldən buraxmayın

Nəzakətli, mədəni, başa düşən, hörmətli və ciddi olun. Sadə işlərin hesabını apararaq sadə düşünməyin. Nəzakət insana, kobudluq isə daş və qayaya yaraşır. Mübahisə etsəniz belə, mütləq barışacağınızı, onsuz da barışmağınız lazım olduğunu əsla unutmayın.

Yoldaşınıza zaman ayırın

Mümkün olduqca yoldaşınıza daha çox zaman ayırın. Evdə birlikdə ikən zamanınızı TV, ya da kompüter başında keçirməyin. Eyni dam altında iki ayrı insan olmayın. Xüsusilə hobbiləriniz uğruna yoldaşınıza olan marağınızı və bilavasitə xoşbəxtliyinizi kölgə altına salmayın.

"Niyə evləndim ki!" sözü deyilməməlidir!

Evliliyinizdə qarşılaşdığınız problemlər ucbatından peşmanlıq nümayiş etdirməyin. Həyat yoldaşınızın yanında "Axı niyə evləndim!" sözünü işlətməyin. Hər evlilikdə xırda-para  çətinliklər olur. Əhəmiyyətli olan maneələrə fikir vermədən çətinliklərin öhdəsindən gəlməkdir. İdeal evlilik xəyallarına ilişib qalmayın. Dünyanın və ölkənin bu qədər çətinliyi içində "mübahisəsiz" evlilik ola bilməz. Hər evlilikdə bunlar olur. "İdeal" adlandırılan cütlüklər bu böhranlarda manevr qabiliyyəti yüksək, üzr diləyə bilən, kiçik şeylərə ilişməyən və bağışlayan cütlüklərdir.

Səbirli olun

Evlilikdə xoşbəxtliyin yolu səbirdən keçir. Gənclər evlənən kimi xoşbəxtlik ölkəsinə uçmaq istəyir. Qarşılarına çıxan kiçik bir çətinlikdə əlləri ayaqlarına dəyir. Halbuki, dəmir atəşdə döyülmədən şəkil ala bilməz. Meyvə günəşdə yanmadan yetişməz.

Çətin insan olmayın

Bəzi insanlar rahatdır. Yaradılışdan şən və xoşbəxtdir. Xoşbəxt olduqları üçün yoldaşlarını da xoşbəxt edirlər. Lakin bəzilərini xoşbəxt etmək asan deyil. "Mən çətin insanam" deyib işin içindən çıxmaq hünər deyil. Hünər - asan yaşanıla bilən insan olmaqdadır.

Fədakarlıq təktərəfli olmamalıdır

Həyat yoldaşınız xoşbəxtliyiniz üçün nə qədər fədakarlıq göstərərsə, siz də bir o qədər fədakarlıq göstərin. Fədakarlığı həmişə qarşı tərəfdən gözləmək eqoizmdir. Eqoizmsə xoşbəxtliyi təkcə zədələməklə qalmır, zamanla fədakar yoldaşı da bezdirir.

Evə dərd gətirməyin

Əgər ailələriniz problemlərinizi həll etmək yerinə hadisələri daha da böyüdərək yoldaşınızla aranızı pozursa, onları problemlərinizdən uzaq tutun.

Evlilik ruhunu meydana gətirin

Xoşbəxtlik ruh kimidir. Ruh bədənə girmədən bədən canlanmadığı kimi, xoşbəxtlik ruhunun olmadığı evliliklər də cansızdır. Evin əşyalarında da bir yabanılıq hiss olunar. Həyat yoldaşınızı xoşbəxt etməyə çalışın ki, o da sizə xoşbəxtlik kimi geri qayıtsın.
 
Korrektə etdi: Hürü Mustafayeva

 

ŞƏRH YAZIN