Dünyada Bədən Dili.

0
3387
Dünyada Bədən Dili.

Lambert`ə  (1966) görə, sözsüz ünsiyyət (informasiya) haqqında ətraflı və nəticə verən çalışmalar ,adətən, Amerika Birləşmiş Ştatlarındakı sosial psixoloqlar və  antropoloqlar tərəfindən həyata keçirilmişdir. Bu tədqiqatlarla bərabər, 20-ci əsrdən əvvəl aparılan elmi təməl üzərində durmadan, daha çox müşahidə xarakterli  çalışmalar da məlumdur və sözsüz informasiya üzərində bu istiqamətdə həyata keçirilən ilk araşdırmanın nəticələri 1644-cü ildə, John Bulwerin “Əlin təbii dili” (Chirologia: or the Natural Language of the hand) adlı nəşrində verilmişdir. Əl hərəkətlərinin mənalarını incələyən bu ilk çalışma, bədən dili mövzusunda hazırki dövrə qədər reallaşdırılan əksər çalışmalara rəhbərlik etmişdir. 1800-cü illərdə teatr aktyorları, xüsusilə də dram pantomimika aktyorları, mimika və jestlər vasitəsilə hissləri və duyğuları ötürməyin əhəmiyyətini başa düşmüş və bunu səhnəyə gətirmişlər. Yenə eyni zamanlarda, Çarliz Darvin (1872) İnsan və heyvanda duyğuların ifadəsi (The Expression of the Emotions in Man and Animals) adlı əsərində sözsüz ünsiyyəti elmi aspektdə araşdırmışdır.

1900-cü illərdə bədən dili ,əsasən, praktiki psixologiyanın təməlini ortaya qoyan Alman elm adamı Vundt tərəfindən Etnik Psixologiya (Volkerpsychologie) adlı əsərinin birinci hissəsində əhatəli şəkildə incələnmiş, daha sonra 1969-cu ildə İngilis elm adamı Desmond Moris tərəfindən “Çılpaq meymun” (the Naked Ape) adlı ən çox satılanlar siyahısına daxil olan əsərində araşdırılmışdır. Moris daha sonra yazdığı kitablar və televiziya proqramları vasitəsilə də insanlar və heyvanlar arasındakı oxşarlıqları vurğulayan nəticələr əldə etmişlər. 
 
Darvinin 1872-1877-ci illərdə bədən dili mövzusunda başlatdığı çalışmalar dövrümüzə qədər bir çox araşdırmaçılar tərəfindən davam etdirilmişdir. Bu araşdırmalarda informasiyanın sözsüz elementləri üç  ölçüdə nəzərdən keçirilmişdir. Bunlar dildən kənar faktorlar (Paralanguage), hərəkətlər (Kinesics) və bədənin məkandakı vəziyyətidir(Proxemics). Dildən kənar faktorlar, hərəkətlər və bədənin məkandakı vəziyyəti mövzularını əhatə edən bədən dili haqqındakı çalışmalar əsasən, iki ayrı formada aparılmışdır. Bunlar mədəniyyətlərarası sahədə işlər və psixi-fizioloji laborator işlərdir.
Mədəniyyətlərarası çalışmalarda bədən dilinin bioloji təməlləri üzərində durulmuşdur. Qərb mədəniyyəti ilə heç bir təması olmayan bəzi cəmiyyətlərdən, Amerikan və Yapon cəmiyyətlərinə qədər müxtəlif qaynaqlardan əldə edilən məlumatlar dəyərləndirildiyi zaman təməl duyğu ötürücüsü olan üz ifadələrindəki ortaqlıq diqqəti çəkməkdədir. Paul Ekman İnsan üzündəki duyğu (Emotion in the Human Face) adlı əsərinin tədqiqatlarını ABŞ, Yaponiya, Yeni Gine, və Borneoda aparmışdır. Tədqiqatlarında istifadə etdiyi texnika, üzdəki duyğuları dəyərləndirmə texnikasıdır. Qısaca FAST (Facial Affect Scoring Technique) olaraq adlandırılan bu texnika P.Ekmanın psixoloq Friesen və Tomkinslə hazırladığı, üz ifadələri atlası dəqiqliyindədir.
 
Berko`ya(1989) görə mütəxəssislər tərəfindən aparılan bütün çalışmalardan sonra sözsüz informasiyanın məlumatı daşımaqda daşıdığı əhəmiyyət haqqında ortaq bir nəticəyə gəlinmişdir. Ray L.Birdwhistell apardığı araşdırmaların nəticəsində, informasiyanın 35%-nin sözlə, 65%-nin isə sözsüz yollar vasitəsilə ötürüldüyünü bildirmişdir. Albert Mehrabian isə eyni mövzuda aparmış olduğu təcrübəsində, informasiyanın 7%-nin söz, 38%-nin səs tonu, 55%-nin bədən dili ilə ötürüldüyünü vurğulayan bir formul hazırlamışdır.
 
 
Tərcümə edən: Cəlalə Yəhyalı
 

ŞƏRH YAZIN