Toxunun... Toxunmaq Sehrlidir.

0
2463
Toxunun... Toxunmaq Sehrlidir.

Toxunmaq, təmas etmək, öz hislərini qarşındakına ötürərkən, ondan da eyni istiliyi və sevgi siqnallarını ala bilmək və bunu içində, dərinliklərində hiss edəbilmək, yaşamaq və yaşatmaq...

Toxunmaq bir sözlə sevgimizi ötürməyin ən gözəl yolu, bəlkə də ən təsirlisidir. İçimizdəki sevgini və hisləri sözlərlə ifadə edərkən çətinlik çəkdiyimiz vaxtlarda toxunmanın bir anda bütövlük və məna qazandığını görürük. Toxunmaq sehrlidir, sevgimizi bu yolla ötürərkən toxunduğumuz yerdə sanki bir pərinin tilsimli çubuğu dəyirmiş kimi bir qarşılıq yaradır. Əl görüşməyin qüvvəti, qucaqlaşmağın istiliyi, qısaca toxunmanın hər halı nə qədər də gözəl və sehrlidir.
 
Barmaqlarınızın ucları ilə ətrafınızdakı əşyalara toxunun, sanki ilk dəfə başa düşürmüş kimi, ilk dəfə toxunurmuş kimi... Hiss edin, təmasın və toxunmanın  xüsusiyyətini... Siqnalların barmaqlarınızın uclarından bədəninizə doğru dalğa dalğa yayılmasını izləyin... Təbiətə toxunmağı sınayın, bir gül yarpağına toxunun məsələn. O məxməri yumşaqlığı hiss edin barmaq uclarınızda. Gözlərinizi yumub, sadəcə təmasın gözəlliyini yaşayın, hiss etdiklərinizin həzzini çıxarın. 
 
Təəssüf ki, bir çox insan hissetmədən toxunur hər şeyə. Bu eynilə baxıb da baxdıqlarımızı görə bilməməyə bənzəyir. Halbuki toxunmaq,  bütün bədəninizlə və əlinizlə, barmaq uclarınızla dərindən toxunaraq dinləmək və hiss etmək önəmlidir. Haqqında danışdığımız  sehr o vaxt meydana çıxacaq və hiss edilənlər unudulmaz anlar olacaqdır.
 
Soyuq bir qış günündə bir fincan çay bir başqa misal ola bilməzmi? Udduğunuz o isti çayın əvvəlcə damağınızda buraxdığı dadı, sonra da ilıq-ilıq  boğazınızdan yayılması da bir növ toxunmaq deyilmi? Vacib olan hiss etmək. Toxunmanın sirli ovsununu yaxalayıb o sehri yaşamaq, anın gözəlliyini qaçırmadan.
 
Toxunun... toxunmaqdan qorxmayın. Kefini çıxarın duyğularınızın, hiss etdiklerinizi deyin heç çəkinmədən. Sevginizi limitsiz yaşayın, sevdiklerinizi xoşbəxt etməyə çalışın. 
 
Toxunduğunuz  sirli anları ömür boyu xatırlamanız diləyi ilə.
 
 
Tərcümə edən: Cəlalə Yəhyalı
 

ŞƏRH YAZIN