Öyrənməyi öyrənmək lazımdırmı?

0
6284
 Öyrənməyi öyrənmək lazımdırmı?

Ən savadlı adam, yaşadığı həyatı ən yaxşı anlayandır !


Biz  doğulduğumuz andan həyatı öyrənməyə başlayırıq. Bir an belə olsun öyrənməkdən vaz keçmirik. Bu hadisə, böyümə dövrünün qeyri-şüuri öyrənmə prosesidir. Körpə uşaq öyrənərkən tez və ya gec öyrənəcəyini, başqalarının onun öyrənməsinə hansı münasibət bəsləyəcəyini düşünməyərək, inadla öyrənməyə davam edir. Əgər körpə vaxtı öyrənməkdən vaz keçsəydik, bu an həyatımızın necə olacağını təsəvvür edirsinizmi? Yeriməyi öyrənərkən, irəli doğru titrək bir addım atıb, yıxıldığınızı və “bir daha bunu təkrarlamayacağam, lap biabır oldum” deyə düşündüyünüzü xəyalınızda canlandırın. Əgər bunu etsəydik, həyat bizim üçün maraqlı olmayacaqdı və hələ də dörd ayaq üzərində gəzəcəkdik. Biz kiçik yaşlarda bir bacarığı mənimsəyənə qədər davam edərdik.

Öyrənməyi öyrənmədən heç nə öyrənmək mümkün deyil !

Yetərlilik qazanmaq və ya bir sahədə həqiqi usta olmaq üçün nə etmək lazımdır?  Asanlıqla maşın sürməyinizi düşünün. Bəs maşını ilk dəfə sürdüyünüz dövrləri xatırlayırsınızmı? Eyni anda sükanı döndərməyi, qabağa baxmağı, yan şüşələrə baxmağı, əyləc və qaz pedallarını nəzarətdə saxlamağı və yol hərəkəti qaydalarını xatırlamağa çalışaraq sürücü oturacağında otururdunuz. Hətta maşını işə salanda mühərriki bir neçə dəfə boğmuşdunuz. Bir müddət sonra öyrəndiniz, ancaq yenə də şüurlu diqqətinizin böyük qismini cəmləşdirmək lazım gəlirdi. İndi isə, sükan arxasına keçib, yüz əlli kilometr yol sürürsünüz və hara getdiyinizi, maşını necə idarə edəcəyinizi deyil, tamam fərqli şeylər düşünürsünüz. Deməli, siz öz içinizdə sizin üçün maşını sürəcək bir sürücü təkmilləşdirdiniz və artıq sükanı ona etibar edirsiniz. Nə zaman bir şeyi öyrənmək istəsəniz, eyni mərhələlərdən keçərsiniz. Bu mərhələləri belə sıralaya bilərik – qeyri-şüuri  yetərsizlik, şüurlu yetərsizlik, şüurlu yetərlilik, qeyri-şüuri yetərlilik.

Qeyri-şüuri yetərsizlik: Bir şeyi öyrənməyi təcrübədən keçirməyi düşünmədən əvvəl, o bacarıqda nə qədər yetərsiz olduğunuzun fərqində deyildiniz. Çünki bu barədə düşünməmişdiniz.
Şüurlu yetərsizlik: Yeni bir bacarığı öyrənməyə başlayanda, yetərsizliyin fərqinə varırsınız.
Şüurlu yetərlilik:  Bir az öyrəndikdən sonra, bir bacarıqda yetərlilik göstərirsiniz. Amma bu bacarığın böyük bir qismini şüurlu olaraq həyata keçirirsiniz – Nə etdiyinizi düşünməyiniz lazım gəlir.
Qeyri-şüuri yetərlilik: Nəhayət, bacarığı qeyri-şüuri şəkildə edəcək bir səviyyəyə nail olursunuz. Onu şüurlu bir diqqət göstərmədən, avtomatik edərsiniz.

Bilik necə əldə edilir?

İngiliscə  təhsil, “education” deməkdir ki, bu söz də öz mənbəyini  latınca “eks-duka” sözündən götürüb. Mənası içə “içdən-çölə” deməkdir. Öyrənmə tamamən insanın içində gedən prosesdir. İnsan hər bir şeyi kəşf etməklə öyrənir. Bu fikri antik dövrün filosofu olan Platon daha yaxşı ifadə etmişdir: “Bilmək – kəşf etmək, yada salmaq, xatırlamaq deməkdir”.  Əzbərləyərək dərs danışanlar, bir müddət sonra unudurlar. Ancaq biliyin mahiyyətini kəşf etməklə öyrəndikdə, beyin hüceyrələri olan neyronlar arasında əlaqə yaranır və öyrənilənlər uzunmüddətli hafizəyə keçir. Beyindəki neyronlar arası bağlar gücləndikdə zəka inkişaf edir. Mən orta məktəbdə oxuyanda  elm və həyat jurnalında beyində 100 milyon neyronun olması güman edilirdi, üzərindən 10 il keçdikdən sonra bu rəqəmin yanlış olduğu, əslində beyində 1 milyard neyronun olması fikri media vasitəsilə bəyan edildi. Son bir neçə ildir ki, bu rəqəmin də yanlış olduğu, beynimizin 1 trilyon neyrona sahib olduğu deyilir. Bu isə o deməkdir ki, dünyanın bütün biliklərini bu hüceyrələrdə anbarlaşdırmaq mümkündür. Əgər bu belədirsə, bəs onda nə üçün öyrənmə problemləri yaranır? 

Hansı öyrənmə üsulları vardır?

Cəmiyyətimizdə “dərs oxumaq” sözü ilə “dərs öyrənmək” sözünü çox zaman sinonim kimi qəbul edirlər. “Mənim oğlumun(qızımın) oxumaqla arası yoxdur” ifadəsi hər birimizə tanışdır. Ancaq oxumaq (görərək öyrənmə), öyrənməyin sadəcə bir formasıdır.  İnsan dünyadan bütün informasiyaları duyğularla alır, yəni bilikləri duyğuların köməkliyi ilə əldə edir. Bu duyğular, bizim təmsil sistemlərimizdir:
1. Görmə
2. Eşitmə
3. Toxunma
4. Dadbilmə
5. İyləmə
 
Dadbilmə və iyləmə duyğuları vasitəsi ilə alınan biliklərin uzunmüddətli yaddaşa keçməsi zəifdir və tez unudulur. Ona görə də, öyrənmə prosesində cəmi 3 üsuldan istifadə edilir:
1. Görərək öyrənmə (Visual)
2. Eşidərək öyrənmə (Auditory)
3. Toxunaraq öyrənmə (Kinestetic)
Beləliklə, bəzi insanlar görərək, bəziləri eşidərək, bəziləri isə toxunaraq öyrənirlər. Ancaq öyrənmə prosesində nə qədər çox təmsil sistemi işin içərisinə daxil olarsa, öyrənmə o qədər asanlaşar. Bütün ailələrdə uşaqlar görərək öyrənmə üsulu ilə öyrənirlər. Əgər uşağın əsas təmsil sistemi eşitmədirsə, o zaman valideyn özü mətni oxuyaraq, uşaqdan nə anladığını soruşa bilər. Ən yaxşı öyrənmə üsulu isə axtiv öyrənmədir. Aktiv öyrənmə zamanı bütün təmsil sistemləri dövrədə olur, öyrənilənlər tətbiq edilir və müzakirə olunur. Aktiv öyrənmə zamanı yalnız məntiq deyil, duyğular da aktiv halda olur. Beynin hər iki yarımkürəsi birgə işləyir. 

Diqqət - hafizə əlaqəsi

Öyrənmə prosesinin kökünü qazıyaraq, bu sahədəki problemlərimizi həll edə bilərik. Davranışın əsasında düşüncə, düşüncənin əsasında isə duyğular dayanır. Öyrənmək – hafizəyə yerləşdirməkdir. Əgər bilik sadəcə məntiqi yolla hafizəyə yerləşdirilərsə, o bilik qalıcı olmaya bilər.Duyğularla qüvvətləndirilmiş bilik isə, beyni çox yormadan uzunmüddətli yaddaşa keçə bilir. Yaddaşı psixologiya elmi 3 hissəyə ayırıb – uzunmüddətli yaddaş, sekunder yaddaş və qısamüddətli yaddaş. Yaddaşın uzunmüddətli və ya qısa müddətli olmasını müəyyən edən faktorlar isə, diqqət və duyğulardır. Diqqət nə qədər çox cəmləşdirilərsə, yaddaş o qədər qalıcı olur. Diqqəti bir yerə yığmaq üçün isə, motivasiya çox önəmlidir. 
Bir çox valideynlər, öyrənmə prosesində uşaqlara təzyiq edirlər, cəzalandıracaqları ilə hədələyirlər. Qorxudaraq uşağın öyrənməsini təmin etsələr də, bu qorxular silinmir və böyük yaşlarda fobiyalaya çevrilərək fəsadlar törədirlər. Ona görə də, ən gözəl yol müsbət motivasiyadır.

İnsanı öyrənməyə təhrik edən reallıq nədir?

Insan öyrənməyi istəmədiyi müddət boyu, heç  kim ona nəsə öyrədə bilməz. İlk öncə istək oyandırılmalıdır. Valideynlər öz övladlarını öyrənməyə məcbur etmək əvəzinə onlarda istək oyandırmağı bacarmalıdır. Qorxunun təsiri altında uşaq dərsi əzbərləyə bilər, ancaq o dərsə nifrət edəcəkdir. Əgər uşağı dərs oxumamağın üstündə cəza verirsinizsə, o başına gələnlərdə elmi təqsirkar görəcəkdir. Uşağın içindəki EQO uşağa deyəcəkdir ki, “elm sənin düşmənindir”. Bu dialoq tamamən uşağın daxilində gedir və uşaq özü belə fərqində olmadan elmdən uzaqlaşır. Digər yandan isə, uşağın dəyər verdiyi və inandığı insanlar, daim ona  “bilik yaxşıdır” fikrini aşılamağa çalışırlar. Ancaq bunun bir faydası olmur, çünki uşaq, artıq biliyin ona zərərli olduğunu təhtəlşüur, yəni şüuraltı səviyyədə kəşf etmişdir.  İnsan beyni məhz bu cür işləyir. Bizim bütün davranışlarımızın əsasında 2 şey dayanır: “Ağrıdan qaç və ya həzzə yönəl.” Məcburən öyrənən insanın öyrənmə prosesi, ağrıdan qaçmağa əsaslanır. Əgər hər hansısa bir proses neqativ duyğuların müşayiəti ilə baş verirsə, insan o şeyi sevə bilməz. Ancaq örənmə də daxil olmaqla insanın içində olduğu bütün proseslər pozitiv duyğularla müşayət olunarsa, insan o prosesi sevər.  Məsələn, bir çox bacarıqlı şirkətlərdə işgüzar danışıqları yemək masası arxasında aparırlar. Nə üçün? Yeməkdə yaranan həzzi, işə transfer etmək üçün.
Ona görə də, motivasiya vasitəsi olaraq “həzzə yönəlməyi” istifadə etmək daha faydalıdır. Bunun üçün isə, uşaqda ilk növbədə öyrənməyə istək oyandırılmalıdır. Bəs bu istək necə oyandırıla bilər? Oxucuların məni yanlış anlamalarının qarşısını almaq üçün bir məqamı qeyd etməliyəm. Uşağa sevdiyi bir şeyi hədiyyə etməklə onda istək oyandırmaq qısa müddətli effekt verən bir davranışdır. Ona velosiped almaq, tort almaq, pul vermək kimi üsullardan hər dəfə istifadə etməklə uşağın elmə olan həvəsini artıra bilərsiniz. Ancaq bu zaman evinizdə bir korrupsioner yetişdirmiş olarsınız. Belə olarsa, uşağın zehnində “elm=rüşvət” inanc formulunu yaratmış olarsınız və bir gün ona dərs oxuduğu üçün bir şey vermədikdə uşaq özünü narahat hiss edəcəkdir. Niyə? Çünki, uşaq elmi hədiyyə ilə şərtləndirir və onda normal olaraq şərti refleks yaranır. Hər zaman uşağı mükafatlandıran, ancaq bir dəfə mükafat vermədiyi üçün uşağın ciddi etirazları ilə qarşılaşan valideynlər buna görə əsəbləşib  daha dərinə gedirlər, uşağı cəzalandırırlar. Ancaq anlamaq lazımdır ki, uşaq etirazını şüurlu surətdə eləmir, onun zehnində uzun müddətdir kodlaşdırılmış bir proqram işləyir və bu proqramın da müəllifi elə valideynin özüdür. Əlbəttə kiçik mükafatlandırmalar arada bir, xüsusi hallarda ola bilər. Məsələn, uşaq riyaziyyatdan 3 alırsa, “rüblükdə 4 alsan sənə velosiped alacam” kimi vəd verməklə evdə kiçik aksiya keçirmək, uşağı  dərslərə səyini artırmağa təhrik etmək olar. Ancaq uşaq rüb ərzində sizdən riyaziyyatda ona kömək etməyinizi istədikdə “Mən sənə sözümü dedim. Velosiped istəyirsənsə, özün hazırlaşmalısan”, deyib uşağın motivasiyasını aşağı salmaq olmaz. Çünki, burada əsl hədəf 4 qiyməti deyil, uşağın riyaziyyat elminə həvəsini artırmaqdır. Aksiya müəyyən etməklə kifayətlənməyib, eyni zamanda uşağa dəstək olmaq, nail olmaq istədiyi hədəfə çatmaqda ona kömək etmək lazımdır. Bu aksiya da rübün sonuna kimi davam edəcəkdir. Həm də uşağa qısamüddətli hədəf qoyarkən hədəfin ölçüsüdə diqqətli olmaq lazımdır. Çünki, 3 alan uşağa 5 qiyməti hədəf olaraq müəyyən etdikdə, uşaq hədəfin reallığına inanmaya bilər. 4 isə daha inandırıcıdır. 

Vizionsuz öyrənmə, nə üçün öyrəndiyini bilməməkdir

Uşaqların özlərinə hədəf müəyyən etmələrinə kömək etmək, ən vacib addımdır. Təəssüf ki, zəmanəmizdə nəinki uşaqların, hətta böyüklərin böyük əksəriyyətinin hədəfi yoxdur.  Uşağın öyrənməyə uzunmüddətli və hətta ömürlük istəyini təmin etmək üçün, uşağın vizionunu açmaq lazımdır. Vizion açmaq, uşağın öz gələcəyi ilə bağlı xəyal qurmasını təmin etməkdir. Çox zaman valideynlər, “yaxşı oxusan biznesmen olarsan, nazir olarsan, diplomat olarsan” deyə uşaqları həvəsləndirməyə çalışırlar. Ancaq çox zaman uşaqlar bu bər-bəzəkli sözlərin mahiyyətini tam dərk edə bilmirlər. “Oxusan çoxlu pulun olar, zəngin olarsan” deməyin də təsiri azdır. Çünki, çox zaman böyüklər özləri zənginliklə savadlı olmağın arasında bir bağ olmasına şübhə ilə yanaşırlar. Əgər bir şeyə özün inanmırsansa, başqasını, hətta uşağı necə inandıra bilərsən? Uşaq internetdən öyrənir ki, Bill  Qeytsin milyard dollarlarla ölçülən kapitalı var, ancaq universitet təhsili yoxdur. Ətrafımızda o qədər təhsilsiz varlı, təhsilli kasıb var ki, bunlar da deyilənlərin yanlış olduğunu üzə çıxarır. Uşaq, yaşadığı həyatda elmlə zənginlik arasında bağ qura bilmir. Neftin sıxlığının 0,8q/sm3 olduğunu öyrənir, ancaq gedib bu biliyi mağazada deməklə bir saqqız ala bilmir. 
Uşaqların vizionunu özlərinin açmasına və öz vizionlarını sevməsinə nail olmaq lazımdır. Ancaq bu vizion açma prosesi “böyüyəndə nə olacaqsan?” sualı ilə yekunlaşmamalıdır. Böyük və rəngarəng xəyalların qurulmasına nail olmaq lazımdır. Daha sonra isə, uşağın əldə edəcəyi biliklərlə onun vizionu arasında sağlam bağlar qurulmalıdır. Yəni, qazanılan biliklərin onun həyatına hansı nəticələrə gətirəcəyini obrazlı şəkildə izah etmək vacibdir. Vizyonun yaradılması isə, xüsusi üsullarla mümkündür. Bir texnika indi verim: “İnşa yazdırmaq”. Uşağınızı həvəsləndirərək, ona  “Mənim 30 yaşım var” adlı bir inşa yazdırın. Uşaq özünü 30 yaşında təsəvvür edərək xəyal gücündən istifadə edəcəkdir. O, 20-22 il qabağa gedərək, geriyə baxacaqdır. Hansı sənətin sahibidir, evinin tərtibatı necədir, neçə uşağı var, maşının markası nədir, həyətindəki hovuzda üzən balıqlar hansı rəngdədirlər və s. Vizion açıldıqdan sonra isə, vaxtaşırı uşağın xəyalındakı görüntülərini təkmilləşdirməsinə, daha aydın hala gətirilməsinə və təkrarlanmasına nail olmaq lazımdır. Təkrarlar nə qədər tez-tez olarsa, beyin ona daha çox inanacaqdır. Bu özünühipnozun bir növüdür.
Vizionu açılmış və təkmilləşdirilmiş uşaqlar sosial həyatda və ünsiyyətdə daha çox uğur qazanırlar, hara getdiklərini bilirlər, yaradıcı olurlar, həyata daha sağlam baxırlar, daha səmərəli qərarlar verirlər, öyrənməyə meylli olurlar, problemlərə deyil, onların həllinə fokuslanırlar, zehinlərindəki dünya modeli daha dəqiq təsvir edilmiş olur. 

Babək Bayramov
NLP Ustadı
Biznes və Yaşam Koçu

 

ŞƏRH YAZIN