İstəkli Kürəkən - Əsmər Yusifzadə (Birinci Bölüm)

0
1503
 İstəkli Kürəkən - Əsmər Yusifzadə (Birinci Bölüm)

“İstəkli kürəkən” televiziya serialıdır. Ssenarini müxtəlif prodakşnlara təqdim edib müsbət rəylər alsam da serialın çəkilişi baş tutmayıb. Səbəb maliyyə imkanlarının olmamasıdır. İndiki iqtisadi tənəzzül dövründə isə bu işin reallaşacağı inandırıcı görünmür.Mövcud vəziyyətdə “işin ən çətin hissəsini həll etmək üçün ən asan yolu seçmək” (Cazibe.info) qərarına gəldim.Bu həftədən başlayaraq teleserialın ssenarisini oxuculara təqdim edirəm. Əgər sizin ruhunuzu və zövqünüzü oxşasa, serialı davam etdirəcəyəm.

Əsmər Yusifzadə
 
İstəkli kürəkən (teleserial)
 
1-ci hissə
 
Bölüm iştirakçıları
 
Zərif – 21 yaşında. Universitetdə oxuyur.
Çimnaz – Zərifin anası. 45 yaşında evdar qadındır.
Vasif – Zərifin atası. 47 yaş. Nazirliklərdən birində şöbə müdiridir.
Maral – alverçidir. Bankrot olub.
Ağoppa – Maralın oğlu. 27 yaşında. Heç bir işlə məşğul olmur.
Xədicə - Qonşu qız. Maral onun evini kirayə götürüb.
Naməlum qadın – Son dəblə geyinib. Sarışın, cazibəli qadındır.
 
1/ Çimnazın mənzili. Otaq. Gündüz.
 
Söhbət ana ilə qızı arasında gedir.Ananın adı Çimnaz (45 yaş, qəşəng qadındır), qızın adı Zərifdir (21 yaş, gənc qızdır, universitetdə təhsil alır).Çimnaz xanımın hərəkətlərindən məlum olur ki, o harasa getməyə hazırlaşır. Bu vaxt Zərif dərsdən qayıdır.
 
Zərif – Salam, mən gəldim.
Çimnaz – Hə, qızım, sənsən? Vaxtında gəlmisən. Atan da indilərə gəlməlidi. Bizi Maralgilə aparacaq. Deyirlər Dubaydan təzəcə qayıdıb. Yaxşı mallar gətirib.
Zərif – Mağazalarda hər şey var da. Nə istəyirsən gedib seçib alaq. Bir də bu boyda yolu Maralgilə getməyin nə mənası. Papanı da işindən- gücündən qoyursan.
Çimnaz – Sən onun dərdini çəkmə. 2-3 saat işdə olmasa dünya dağılmaz (divardakı saata baxır). Bax, söz vermişdi ki, saat 2-də evdə olacaq. Görək bu dəfə bəhanəsi nə olacaq?
 
Telefonu götürüb nömrəni yığır.
 
XXX
 
2/ İdarə binası. Vasif müəllimin kabineti. Gündüz. 
 
Vasif (45 yaş) – nazirlikdə şöbə müdiridir. Səliqəli geyinib, əynində kostyum, boynunda qalstuk var. İş stolunun arxasında oturub. Saatına baxır. Ayağa qalxıb, qapıya tərəf gedir. Otaqdan çıxmaq istəyəndə əl telefonu zng çalır. Dayanır. Telefonu cibindən çıxarıb, nömrəyə baxır. Gülümsünür. Məmnun halda telefonu qulağına qoyur.
Vasif – Hə, canım, eşidirəm. mən səni eşitməyə bilərəm? Necəsən? Hara gedirsən? Yaxşı eliyirsən. Özünə qulluq elə. Kimnən gedirsən? Bacınla? Nəynən gedirsiz? Taksi nədi, ay qız? 5-10 dəqiqə gözləyin, özüm gəlib sizi apararam. (Bu vaxt şəhər telefonu zəng çalır. Vasif iş stoluna yaxınlaşır. Telefonun dəstəyini qaldırır. Xətdə Çimnaz xanımdır. Dəstəyi aşağı salıb əl telefonu ilə danışır).
Vasif – Rəis çağırır. Gözlə, sənə zəng vuracam. 
 
(Sonra şəhər telefonunu götürür).
 
ХХХ
 
3/ Çimnazın mənzili. Otaq. Gündüz.
 
Çimaz xanım telefonla danışır.
 
Çimnaz – Hələ işdəsən? Bir saatdı səni gözləyirik. Əl telefonuna zəng vururam zanitdi. Kimnən danışırsan? Yadından çıxıb ki, mən Maralgilə getməliyəm?
 
ХХХ
 
4/ İdarə binası. Vasif müəllimin kabineti. Gündüz.
 
Vasif ayaq üstədir. Əlində şəhər telefonunun dəstəyi var.
 
Vasif – Yox, yadımdan çıxmayıb. Camalı gözləyirəm. Səhərdən göndərmişəm iş dalınca, hələ gəlib çıxmayıb. Mobilim də ona görə zanitdi. Hər dəqiqə ona zəng vurub tələsdirirəm. Elə indi də onnan danışırdım. Deyir bir saata burda olacaq. (Çimnazın səsi eşidilir).
Çimnaz – Yox, yox. Mən bu qədər gözləyə bilmərəm. Onda biz özümüz taksi tutub gedərik.
Vasif – Nə taksi? Nə danışırsan? Yaxşı, gözlə, özüm gəlirəm.
 
(Dəstəyi yerinə qoyub əl telefonu ilə nömrəni yığır). 
 
Vasif - Canım, necəsən? Məni gözləməkdən yorulmadın ki? Rəis çağırmışdı. Mənə təcili bir iş tapşırdı. İdarədən çıxa bilmərəm. Camalı göndərirəm, sizi hara desəniz aparacaq. Eybi yoxdur. Onu bütün günü sənin ixtiyarına verirəm. Qoy gözləsin. Sizi evə gətirməmiş heç yerə tərpənməyəcək. Özündən muğayar ol, yaxşı?
 
(Vasif müəllim otaqdan çıxır).
 
 
ХХХ
 
5/ İdarənin həyəti. Gündüz.
 
Vasif idarənin həyətində dayanan maşına yaxınlaşır. Sürücü (25 yaş) cəld düşüb maşının qapısını açmaq istəyir. 
 
Vasif – Yox, gedəsi olmadım. Sən belə elə, get Şöləgilə. Bacısı ilə saunaya gedəcək. Onları hara desələr apar.
Sürücü – Çimnaz xanım hara isə getmək istəyirdi.
Vasif – Onu özüm yola verərəm. sən işində ol. Bu gün Şölənin ixtiyarındasan.
 
(Maşın yola düşür. Vasif müəllim yavaş addımlarla idarədən çıxıb dayanacağa tərəf gedir).
 
 
XXX
 
6/ Çimnazın mənzili. Otaq. Gündüz.
 
Çimnaz xanım evdə var-gəl edir. Bir qədər əsəbi görünür. Telefonu götürüb nömrəni yığır. Lakin fikrini dəyişir. Dəstəyi yerinə qoyub qızına yaxınlaşır. Zərif çantasında nəyi isə axtarır, dəftər-kitablarını açıb oxuyur.
 
Çimnaz – Zərif, tez ol, hazırlaş, getdik.
Zərif – Papa gəldi?
 
XXX
 
7/  Maralın mənzili. Dəhliz. Günortaçağı.
 
Maral (50 yaş) – alverçidir, əli gətirmir, kirayədə yaşayır. Əynindəki paltarlar zərli olmalıdır.
(Qapının zəngi çalınır. Maral gözlükdən baxıb üz-gözünü turşudur).
 
Maral – Vay, vay, bu mürdəşir yenə gəldi.
(Qapını açıb gülümsəyə-gülümsəyə qonağı içəri dəvət edir).
 
Maral – Xədicə, sənsən? Keç içəri.
(Xədicə (25-30 yaş) – (bu mənzilin Sahibidir. İçəri girir. Gülümsəyir).
 
Xədicə - Salam, Maral xala. Neçə gündü gəlirəm, səni evdə tapa bilmirəm.
Maral – Xaricdə idim. Dünən gecə gəlmişəm.
Xədicə - Nə yaxşı oldu. Maral xala, anamın yanına gedən var. Evin pulunu versəydin...
 
(Maral  qızın sözlərini ağzında qoyur).
 
Maral - Bəsdir, ay qız! Anan Hollandiyada bu evin pulu ilə yaşayır? Verəcəm də. İndi əlim aşağıdır. Bütün Dubayı gətirib tökmüşəm bazara. Yaxın gələn yoxdu. Eh... Heyif deyildi o bəyənmədiyimiz kommunistlərin zamanı. Belorusiyadan, Ukraynadan, day Moskvanı heç demirəm, malı gətirdiymi görürdüm... Özü də xahişlə, minnətlə... Mənlə tanış olmaq üçün sino gedənlər var idi. Ay qız, Riqadan, Tallindən gətirdiyim malların üstünə on qat qiymət qoyurdum, onu da mənnən bəh-bəhnən alırdılar. İndi mayasından da aşağı satıram, alan yoxdu. Bu müstəqillik mənə heç düşmədi də. İranı vurmuşam Polşaya, Polşanı qatmışam Dubaya, bir müsibətnən handa bir malı gətirirəm, görürəm bazarda budey... dolub, eynən həmin mallardan.
Xədicə - Ay Maral xala, malın çox olması yaxşıdı da. O sovet dövrü nə idi? Bir cüt ayaqqabı almaq üçün gərək beş mağazaya baş çəkəydin, xahiş, minnət edəydin.
(Maral   Xədicənin üstünə qışqırır). 
 
Maral - Kiri!... “Azadlıq”, “İstiqlal” – deyə qışqıranlardan biri də elə sən idin.
Xədicə - Mən? Mən onda uşaq idim.
 
(Qapının zəngi çalınır. Maral gözlükdən baxır. Üzünü Xədicəyə tərəf çevirir).
 
Maral – Kliyentdi
 
XXX
 
8/ Avtobus dayanacağı. Gündüz.
 
Dayanacaqda heç kim yoxdur. Vasif müəllim sonuncu dəfə nə vaxt dayanacaqda gözlədiyini xatırlaya bilməzdi. Odur ki, bir qədər çaşqınlıqla ətrafa nəzər salır. Bu vaxt qarşısında xarici markalı, təzə bir maşın dayanır. Rulun arxasında cavan qadın əyləşmişdi. O, üzünü Vasif müəllimə tutub nəzakətlə soruşur:
 
Qadın (35 yaş, sarışın, cazibəlidir. Son dəblə geyinib)  – Bağışlayın, Rəşid Behbudov prospektinə buradan necə getmək olar?
Vasif – Buradan üzüaşağı gedin, Azərbaycan prospektinə çatıb sağa dönün, yoxsa probkaya düşərsiniz. Oralara asfalt çəkilir.
Qadın – Sağ olun. 
 
(Sükan arxasında qadın maşını işə salır 3-5 metr getməmiş,dayanır. Yenidən maşını arxaya sürüb Vasif müəllimin yanında saxlayır).
 
Qadın - İstəyirsiniz, gəlin əyləşin. Siz mənə yolu göstərərsiniz, мən də sizi mənzilinizə çatdıraram.
 
(Vasif müəllim tələsirdi. Fikirləşməyə vaxtı yox idi. Ona görə də təklifi məmnunluqla qəbul edir. Keçib xanımın yanında əyləşir. Maşın yola düşür).
 
ХХХ
 
9/ Maralın mənzili. Dəhliz. Gündüz.
 
(Qonşu qız Xədicə də buradadır. Maral Xədicəyə tərəf):
 
Maral – Kliyentdir. Bu saat onu “soyub” sənin pulunu düzəldəcəm. 
 
(Qapını açır. İçəri Çimnaz xanım və Zərif daxil olurlar. Maral onları gülərüzlə qarşılayır).
 
 
Maral – Xoş gəlmisiniz, həmişə siz gələsiniz. Buyurun, keçin, keçin içəri.
 
(Qonaqlar otağa keçirlər).
 
ХХХ
 
10/ Maralın mənzili. Qonaq otağı. Gündüz. 
 
(Otaq genişdir. Mebellər qədimi olsa da zənginlikdən xəbər verir).
Maral - Əyləşin, (Çimnaza xüsusi nəvaziş göstərir): yox-yox sən keç kresloda otur. 
 
(Üzünü Xədicəyə çevirir, ərkyana)
 
Maral - Ay qız, tez elə, get bir türk qəhvəsi dəmlə. 
 
(Qonşu qız duruxur, lakin özünü ələ ala bilir, cəld otaqdan çıxır. Maral keçib divanda oturur).
 
Maral – Dubaydan iki gündü gəlmişəm. elə mallar gətirmişəm, belə krik moda ey... Belə şeylərdən burda tapmazsınız. Mən indiki alverçilər kimi hər şeydən ton-ton, top-top gətirmirəm. hər paltardan bircə dənə, imennoy gətirirəm.
 
(Çimnaz razı halda gülümsəyir).
 
Çimnaz – Biz bazardan, tolkuçkadan heç nə almırıq. Oralardan paltar alıb geyinmək olar? Adam biabır olar.
Maral – Bir küçəyə çıxanda, metroya girəndə bu camaata fikir vermisiz?
Çimnaz– Biz metroyla gəzmirik.
Maral – Elə yaxşı da eləyirsiniz. İnqubator cücələri kimi hamı bir-birinə oxşayır. Koftalarından tutmuş sumkalarınacan eynidir.
Çimnaz– Siz metronu deyirsiniz, toylarda, qonaqlıqlarda da belədir. Üzbəüz oturduğun adam görürsən ki, eynən həmin kostyumnan geyinib. Bir dəfə mənim başıma bu iş gəlib. İndi də yadıma düşəndə xəcalət çəkirəm.
Maral – Çimnaz xanım, mənim mallarıma söz ola bilməz. Bu xırda-xuruş alverçilər, alveri indi öyrənməyə başlayanlar gedib harada ucuz mal var, bir yerdən, tonnan alıb gətirirlər. Mən malı seçib alıram, imennoy gətirirəm. özü də malın qiymətinə-zadına baxmaram. Bilirəm ki, mənim gətirdiyim şeylər yerdə qalmayacaq. Dubaydan qayıtdığım iki gündür, mallarımın çoxu satılıb.
Çimnaz – (nigarançılıqla) Belə çıxır ki, biz gec gəlmişik?
Maral – Gec gələndə nə olar? Deyirəm ki, mən malı imennoy gətirirəm. bir aydan sonra da gəlsəydiniz, sizin üçün gətirdiklərimi heç kimə satmazdım. 
 
(Qonşu qız Xədicə əlində padnos içəri daxil olur).
 
Maral – Bir fincan qəhvə gətirməyin nə uzun çəkdi? Get o biri otaqdan çamadanları gətir.
(Xədicə yenə də duruxur, amma üzə vurmur. Qonşu otağa keçir).
 
XXX
 
11/ Küçə. Maşının içi. Gündüz.
 
(Sükan arxasında naməlum qadın, onun yanında Vasif oturub. Vasif sınayıcı nəzərlə qadına baxır).
 
Vasif – Maşını çox ürəklə sürürsünüz. Amma şəhəri yaxşı tanımırsınız. Görünür Bakıya təzə gəlmisiniz.
Qadın – Sizin yaxşı müşahidə qabiliyyətiniz var.
 
(Vasif razılıqla gülümsəyir).
 
Vasif – Bunu görmək üçün elə bir qabiliyyət lazım deyil. Son markalı, xarici maşının sükanı arxasında oturan xanım şəhərin mərkəzi küçələrini tanımaya bilməz. Əgər tanımırsa, deməli bu şəhərdə çoxdandı yaşamır.
Qadın – Mən bir daha əmin oldum ki, sizdə yanılmamışam. Siz tamamilə düz fikirləşirsiniz. Mən on ildən çoxdur ki, xaricdə yaşayıram. Ərim diplomatdır. Bakıya qayıtdığımız yarım ay olar. İndi başqa ölkəyə dəvət gözləyirik. İstəyirəm, bütün köhnə tanış-bilişlərimlə görüşüm. Uşaqlıq rəfiqəm var, onlara gedirəm. yaxşı yadıma düşdü, gərək ona gül alam.
 
(Maşını gül dükanının yanında saxlayır. Vasif müəllim saatına baxır. Hiss olunur ki, tələsir).
 
Vasif – İstəyirsinizsə, siz maşından düşməyin. Əgər etibar etsəniz, mən gül alaram.
Qadın – Lütf edirsiniz. Ancaq bir dəqiqə gözləyin.
 
(Мaşının qabaq sandığını açır. Sandıq pulla dolu idi). 
 
Qadın - Nə qədər lazımdırsa, götürün. Mənim buradakı qıymətlərdən o qədər də xəbərim yoxdur. Amma yaxşı gül dəstəsi olsun.
 
(Vasif müəllim bir 100 dollar götürüb maşından düşür, tez də qəşəng bir gül dəstəsi ilə geri qayıdır).
 
Qadın – Gülü arxaya qoyun. Nə tez qayıtdınız? O qədər güllərin içində ən gözəlini seçmisiniz. Təşəkkür edirəm. Mənə qalsaydı oradan 1 saatdan tez çıxa bilməzdim.
 
(Vasif müəllim pulun artığını qadına qaytarmaq istəyir).
 
Qadın – Yox, yox lazım deyil. Mən pulun qalanını heç vaxt götürmürəm.
(Bir-iki uşaq maşının şüşələrini silmək istəyir). 
 
Qadın - Pulları uşaqlara verin.
(Vasif əlini uşaqlara tərəf uzadır. Uşaqlar cəld kağız pulları götürüb qaçırlar).
 
XXX
 
12/ Maralın mənzili. Qonaq otağı. Gündüz.
 
(Cürbəcür qutular, paltarlar ətrafa səpələnib. Maral paltarları, kostyumları, ayaqqabı və digər malları  açıb göstərir. Çimnaz əynində təzə kostyum güzgüdə özünə baxır).
 
Maral - Bax, Çimnaz xanım, bu xalis sənin malındı ha. Bəh-bəh, nə gözəl yaraşır. Bu kostyumda heç tələbələrdən seçilmirsən. Hə, Zərif, sən de, heç sizin universitetdə mamana oxşayan qız var?
Zərif – Mam, doğrudan bu kostyum səni çox cavan göstərir.
Maral – Gərək qadın tez-tez stilini dəyişsin. Bunu çoxları başa düşmür. Yaş artdıqca gərək geyim-keçiminə daha çox fikir verəsən. Cavanlıqda adama hər şey yaraşır. Ucuz, baha, nə oldu geyə bilərsən. Amma yaşlı qadın gərək ancaq keyfiyyətli, bahalı şeylər geyinsin.
Çimnaz – Boy, mənim nə yaşım var ki? Bəyəm mən qocalmışam? 
 
(Güzgüdə narahatlıqla özünə baxır).
Maral – Mən demirəm ki, sən qocalmısan. Maşallah, maşallah bu kostyumda cavan qızlardan heç seçilmirsən. Amma elə də geyinə bilərsən ki... Eşitməmisən, gözəllik ondur, doqquzu dondur. 
 
(Maral canfəşanlıq edir. Yanındakı çantanı, ayaqqabını götürüb Çimnaza uzadır). 
 
Maral - Bax, bu sumka ilə ayaqqabını da məxsusi sənə gətirmişəm.
Çimnaz – Kabluku çox hündürdü.
Maral – Bu il belə kabluklar moddu. Bir də qoy o xanımlar bunu dərd etsinlər ki, hər yerə piyada gedirlər. Sənin ki, allaha şükür, ayağın yerə dəymir.
 
XXX
 
13/ Küçə. Maşının içi. Gündüz.
 
(Naməlum qadın və Vasif. Bu dəfə qadın Vasifə sınayıcı nazarlə baxır. Vasif fikirli görünür).
 
Qadın – Nə fikirləşirsiniz?
Vasif – Sizin barədə fikirləşirəm. açığı siz məni bir qədər təəccübləndirirsiniz.
Qadın – İstəyirsiniz deyim siz mənim barəmdə nə fikirləşirsiniz?
Vasif – Maraqlıdır.
Qadın – Siz fikirləşirsiniz ki, mən tanımadığım, ilk dəfə gördüyüm bir kişini maşınıma otuzdururam, ona pullarımın yerini göstərirəm və qorxmuram. Düz tapdım?
(Vasif üzünü qadına tərəf çevirir):
 
Vasif – Bu nədi? Yəni siz insanlara bu qədər inanırsınız? Amma sadəlöhv qadına da oxşamırsınız.
Qadın – Təbii ki, mən hər adamı maşınıma dəvət etməzdim. Pullarımın yerini də göstərməzdim. (Gülüşürlər). Sizi görən kimi başa düşdüm ki, sizdən ehtiyat etməmək olar.
Vasif – İnsanı tanımaq üçün bu vaxt çox qısa deyilmi?
Qadın – Ağıllı qadın üçün bu vaxt kifayətdir. Bu mənim fikrim deyil. Bilirsiniz, ingilis psixoloqları nə deyirlər? Onların fikrincə, kişini öyrənmək üçün qadına 1 dəqiqədən də az vaxt lazımdır.
 
XXX
 
14/ Maralın mənzili. Qonaq otağı. Gündüz.
 
(Maral кremləri gətirir).
 
Maral – Hələ bir bunlara bax. Gecə kremi, gündüz üçün krem, malaçko, üz üçün maskalar, hər şey var.
Çimnaz – Hansı firmadandı?
Maral – Bir bax... Dünyada bunların tayı yoxdur.
(Maral əlindəki kiçik qutunu Çimnaza uzadır. Çimnaz qutunu götürür və diqqətlə üstündəki yazılara baxır).
 
Çimnaz – Mən ancaq fransuzki kremlərdən istifadə edirəm. 
Maral – İndi Amerika onları üstələyib. Xəbərin yoxdu? Kliyentlərim mənə bunları xüsusi zakaz ediblər. Bu firmanı Bakıda çox adam tanımır. Malları çox bahadır, amma qiymətinə dəyər. Bizim artistləri görmürsən? Hamısı üzlərini operasiya etdirmirlər ki. Bu kremlərdən çəkib çıxırlar səhnəyə.
 
(Çimnaz qutulardan birini götürür).
 
Çimnaz – Onda yaxşı, hələlik gündüz kremini götürüm, görüm necədir? 
Maral – Effektini görmək istəyirsənsə, hamısından götür. Bunlar dərini həm də müalicə edir. Dərini içəridən cavanlaşdırır. Onun üçün də gərək gecə kremini də götürəsən, malaçkonu da götür. Obirilərindən bir az bahadı, amma sən nəticəsinə bax.
Çimnaz – Axı...
 
(Maral ona danışmağa imkan vermir).
 
Maral – Nə axı? Gözəllik xərc tələb edir də. Ucuz ətin şorbası olmaz. Xəsislik eləmə. maşallah o cür ərin var. Şamilin arvadını tanıyırsan da?
Çimnaz  (təəccüblə  – Nə Şamil?
Maral – Şəhərdəki yuvelirnilərin çoxu onundu da. Tanımırsan?
Çimnaz – Hə, qızıl Şamili deyirsən? Onun arvadının yaşı çoxdur. Onu mənlə tay edirsən?
Maral – Onun yaşına nə baxırsan? Görsən, inanmazsan. Ona 25 yaşdan çox verməzsən. Ancaq bu kremlərdən çəkir.
Çimnaz (yenə də təəccüblə) – Nə danışırsan?
 
XXX
 
15/Küçənin kənardan görünüşü. Maşın ахını. Maşının içi. Gündüz.
 
(Vasif və naməlum qadın).
 
Qadın – Son illər Bakı küçələrində maşın sürmək çox çətinləşib. Qəribədir ki, küçələri genişləndirmək heç kimin ağlına gəlmir. Belə getsə, şəhərin mərkəzində ancaq velosiped sürməli olacağıq.
Vasif – Niyə ki? Tıxascların qabağını almaq üçün tədbir görülür. Körpülər salınır, keçidlər açılır. Onların sayı hələ artacaq.
Qadın – Onların köməyi az olacaq. Çünki ölkəyə gətirilən maşınların sayı daha sürətlə artır.
Vasif – Tıxac bütün böyük şəhərlərin problemidir.
Qadın - Bir az irəli baxmaq olardı. Pis təcrübəni öz başında sınaqdan keçirməyin nə mənası? 
 
(Qadın maşını bahalı bir qızıl dükanının qarşısında saxlayır). 
 
Qadın - Sizdən bir ricam var. Özümə qızıl kolye almaq istəyirəm. Bəlkə mənə kömək edəsiniz? Sizin çox incə zövqünüz var. Sizin zövqünüz mənim xoşuma gəlir.
Vasif – Mən sizə məsləhət görməzdim. Deyirsiniz ki, tez-tez xarici ölkələrdə olursunuz. Sizin kimi xanımlara buralarda düzəldilən zinət əşyaları yaraşmaz.
Qadın – Bəlkə mən də burada yaşasaydım xaricdə düzəldilən zinət əşyalarına üstünlük verərdim. Amma xaricdə yaşayanda adam başqa cür düşünür. Oralarda hər şey var. Amma nə isə çatışmır. O da vətən həsrətidir. İstəyirəm o əşyalar mənə bu yerləri, bu saatları xatırlatsın. Xahiş edirəm, mənə kömək edin.
(Bu iş Vasif müəllimin ürəyindən olmasa da, etiraz edə bilmir. Birlikdə mağazaya girirlər). 
 
ХХХ
 
16/ Qizil dükanı.  Gündüz.
 
(Vasif qadınla içəri daxil olur. Vitrinlərdə qızıl əşyalar, cəvahirat adamı valeh edir. Bunların içindən nə isə seçmək o qədər də asan deyil. Vasif müəllim qiymətlərə nəzər yetirməyə başlayır. Elə bil xanım onun fikrini oxuyur).
 
Qadın – Qiymət sizi narahat etməsin. Təki komplekt sizin xoşunuza gəlsin.
(Qadın Vasifdən ayrılıb başqa vitrinə tərəf gedir).
 
Satıcı – Sizə kömək edə bilərəmmi?
Vasif – Mənə... bizə qızıl komplekt, kolye lazımdır.
Satıcı – (Çoxmənalı). Arvadınız üçün alırsınız, yoxsa... (işarə ilə) bahalı olsun?
Vasif – (düşünmədən). Bahalı olsun. Nə qədər qiymətli olsa, o qədər yaxşıdır.
 
(Satıcı daş-qaşı çox olan bir kolyeni vitrindən çıxarıb Vasifə göstərir).
 
Satıcı – Necədir?
(Vasif kolyeni satıcıdan götürüb, diqqətlə baxır).
 
Satıcı – Xanıma çox yarışacaq.
(Vasif bir qədər duruxur).
Vasif – qiyməti ...
(Soruşmağa imkan tapmır. Qadın ona yaxınlaşır. Kolyeni görcək sevinclə):
Qadın – Oh. Nə gözəldir. Çox sağ ol. Bizim zövqlərimiz eynidir. Elə mən də bunu gözaltı etmişdim.
(Vasifin üzündən öpür. Vasif özünə gəlməmiş qadın satıcıya tərəf dönür).
Qadın – Biz bunu götürürük.
(Sonra maşının açarını Vasif müəllimə uzadıb):
 
Qadın – Maşından pulları gətirərsinizmi? Sandıqdadı, yerini bilirsiniz.
(Vasif müəllim naəlac qalıb bu missiyanı da yerinə yetirməli olur. Açarı götürüç dükandan çıxır. Satıcı kolyeni səliqə ilə bükür). 
 
Satıcı- Sizin bəxtiniz gətirib. Yaxşı əriniz var. Hər kişi bu qiymətdə malı belə rahatlıqla arvadına almır.
Qadın – Bəxt insanın öz əlindədir. Əgər ağlın yoxdursa, bəxt neyləsin?
(Qadın qiymətli qutunu əlinə   götürür. Vasif müəllim geri qayıdır).
 
Vasif – Maşını aça bilmədim. Bəlkə açarı səhv vermisiniz?
Qadın – Lap yadımdan çıxıb. Ona xüsusi qıfıl qoydurmuşam ki, maşını oğurlaya bilməsinlər. Maşının qapısını ancaq mən aça bilərəm. Siz məni burada gözləyin, bir dəqiqə gəlirəm. 
 
(Qadın аçarı götürüb cəld mağazadan çıxır).
 
XXX
 
17/ Maralın mənzili. Dəhliz. Gündüz.
 
(Maral, Çimnaz, Zərif. Yanlarında iri çantalar görünür).
 
Maral – Ay qız, Xədicə, gəl kömək elə, düş aşağıda taksi saxla.
 
(Xədicə naəlac qalıb, böyük çantaları götürür, mənzildən çıxırlar). 
 
ХХХ
 
18/ Bunanın həyəti. Gündüz.
 
Səliqəli həyətdir.
Binadan bir az aralıda qırmızı maşın görünür. Çimnaz, Zərif və Xədicə binanın qapısından həyətə çıxırlar.
 
ХХХ
 
19/ Bunanın həyəti. Gündüz
 
(Çimnaz, Zərif və Xədicə əllərində iri çantalar binanın qabağında dayanıblar. Qırmızı maşından cavan oğlan çıxır. Müasir geyimli hündür oğlandır. 30 yaşlarında. Maşının qapısını örtür. Binaya tərəf gəlir. Xədicəyə baxır).
 
Oğlan – Salam, Xədicə. Hara gedirsən? Kimi gözləyirsən?
Xədicə - Taksi axtarıram. Qonaqları yola salmalıyam. (Üzünü Çimnaza tərəf çevirib) Maral xalanın oğludur. (Сonra oğlana sarı çevrilib astadan) Maral xalanın kliyentləridir. Yola salmaq lazımdır.
Oğlan – Mənim maşınım burdadır. Mən sizi apara bilərəm.
Çimnaz – Sağ olun, sizə zəhmət olar. Vasif özü gəlməli idi. Görünür işi çıxıb. Eybi yox, bir taksi tutub gedərik.
Oğlan – Taksi buralara hər deyən gəlmir. Burada hamının öz maşını var. Mənim təklifim qüvvədə qalır. 
(Çimnaz xanım dinmir. Oğlan Xədicənin əlindən çantaları götürüb maşına doğru gedir.Çimnazla Zərif onun arxasınca getmək istəyirlər).
 
Oğlan -  Siz zəhmət çəkməyin, gözləyin, maşını gətirirəm.
 
(Oğlan maşına tərəf gedir. Maşın Çimnazla Zərifin qabağında dayanır. Onlar maşına minirlər. Maşın yola düşür).
 
XXX
 
20/ Qizil dükanı.  Gündüz.
 
(Vasif saatına baxır. Hiss olunur ki, çox nigarandır. Dəqiqələr bir-birini əvəz edir. Naməlum qadın isə gəlib çıxmır. Vasif müəllimin səbri tükənir. O, bayıra çıxmaq istəyəndə satıcılardan biri onun qabağını kəsir).
 
Satıcı – Siz burada gözləyin. Mən gedib xanımı tələsdirərəm. 
 
(Satıcı dükandan çıxır, tez də geri qayıdır).
 
Satıcı - Sizin xanımınız maşını sürüb getdi.
Vasif – Necə getdi? Bəs mən? 
(Öz sözünə özü də təəccüblənir. Yenə də mağazadan çıxmaq istəyir. Lakin ona imkan vermirlər. Satıcıların üçü də Vasifi dövrəyə alırl. Vasif nə baş verdiyini anlamır). 
Satıcı – Xanımınız kolyeni də özü ilə apardı.
Vasif (çaşqınlıqla) – O mənim xanımım deyil.
Satıcı – Bunun bizə dəxli yoxdur.
Vasif(hirslə)  –Mən onu heç tanımıram.
Satıcı – Necə tanımırsan? (Bir qədər kobud) Sən o xanımla birlikdə bu mağazaya gəlmədin?
Vasif – Hə... (çaşqınlıqla başını tərpədir) 
Satıcı – O kolyeni birlikdə seçmədiniz?
Vasif – Hə... (elə bil yerindəcə donmuşdu.)
Satıcı – Tanımadığı adama belə lütfkarlığı heç kəs göstərməz. Əgər xanım çıxıb gedibsə, pulu sən ödəməlisən.
 
XXX
 
21/ Maralın mənzili. Qonaq otağı. Gündüz.
 
(Maral kresloda oturub pulları sayır. Özündən razı halda gülümsəyir. Xədicə geri qayıdıb Marala öz narazılığını bildirir).
 
Xədicə - Maral xala, mən qonaqların yanında səsimi çıxartmadım. Ancaq məni qulluqçu kimi buyurmağın heç xoşuma gəlmədi.
Maral – Əvvəla Maral xala yox, Maral xanım! Cavan qızsan, danışığına fikir ver. Xala, bacı qaldı kommunistlərin dövründə. İndi xanımları dövranıdı. Başa düşdün? İndi de görüm sənə borcum nə qədərdir?
Xədicə - Maral xala, bilirsən də evlərin qiyməti qalxıb. Özü də bura prestijni rayondu.
Maral – Uzatma, qiyməti de.
Xədicə - 25 faiz artıq verməlisən. O da sənin xətrinə. O qədər adam mənə zəng vurub bu evi istəyir ki, ikiqat qiymət təklif edənlər də var.
 
(Maral pulları sayıb Xədicəyə verir). 
 
Maral - Hə, heç demədin, qonaqları necə yola saldın? Taksi tapa bildin?
Xədicə - Taksiyə ehtiyac qalmadı. (Pulları saya-saya).
Maral – Niyə? Çimnaz xanımı maşın gözləyirdi?
Xədicə - Yox. Ağoppa onları apardı.
Maral – Yenə də o qırmızı maşınla idi? Yüz kərə demişəm, özgədən maşın alıb sürmə! Aparıb maşını vurur ora-bura, mən düşürəm zərərə. Hələ axırıncı dəfəki avariyanın xərcini ödəyib qurtarmamışam.
 
XXX
 
22/  Çimnazgilin həyəti. Gündüz.
 
Yeni tikilmiş binanın həyətidir.
Çox səliqəli həyətdir. Qırmızı maşın binanın qabağında dayanır.
Çimnaz və Zərif maşından düşürlər. Oğlan da maşından çıxır. Çantaları qaldırmaqda onlara kömək edir. Diqqətlə ətrafa baxır.
 
ХХХ
 
23/ Çimnazın mənzili. Dəhliz. Gündüz.
 
(Dəhliz genişdir. Zövqlü və səliqəlidir. Çimnaz, Zərif və Maralın oğlu dəhlizə girirlər. Əllərindəki iri çantaları bir tərəfə yığırlar. Oğlan diqqətlə ətrafa baxır. Çimnaz ona təşəkkür edir).
 
Çimnaz – Qoy bura, çox sağ ol. Mən heç bilmirdim Maral xanımın bu boyda oğlu var. Sənə əzziyyət verdik.
Oğlan – Əziyyət deyil. Nə vaxt lazım olsa, qulluğunuzda hazıram.
 
(Oğlan Zərifə baxır. Zərif otağa keçib, gözdən itir).
 
ХХХ
 
24/ Çimnazın mənzili. Otaq. Gündüz.
 
(Çimnaz qonağı yola salıb otağa daxil olur).
 
Çimnaz – Allah elə bil bu oğlanı özü bizə yetirdi.
Zərif – Mən dedim axı, gəl papanı gözləyək. Bilirdim ki, əlimiz ağır olacaq.
Çimnaz – Atanı gözləyəsi olsaydıq, bu mallar əlimizdən çıxacaqdı. Görmədin, xaricdən gəldiyi iki gündü malların çoxunu satıp qurtarıb. Axı biz talkuçkadan paltar alıb geyinə bilmərik. Görən nə deyər?
 
(Çimnaz çantadakı əşyaları bir-bir çıxarıb baxır. Zərif anasına yaxınlaşır. Ayaqqabını götürüb baxır).
 
Zərif – Eh mama, məncə bunlarla talkuçkada satılanlar arasında elə böyük fərq yoxdur. Dünən Nərgizin ayağında bir ayaqqabı gördüm, toçnu buna oxşayırdı.
Çimnaz – Nərgizin 850 manatı nə gəzir ki, belə ayaqqabı alsın.
Zərif – 850 manata almayıb ki, dedi tolkuçkadan 40 manata alıb.
Çimnaz – Ay qızım, yəni deyirsən 40 manatlıq ayaqqabı elə 850 manatlıq ayaqqabı arasında fərq yoxdur? Xarici görünüşü oxşaya bilər, bəs keyfiyyətinə nə deyirsən? Bir də ingilislər demişkən, mən o qədər varlı deyiləm ki, ucuz mal alım. Bir də ay qızım, sən gərək yaxşı geyinəsən. Cavan qızsan, o boyda universitetdə oxuyursan. İndi oğlanlar yoxsul qızların heç üzünə də baxmırlar.
Zərif – Atamın puluna görə mənlə evlənmək istəyən oğlana mən heç vaxt ərə getmərəm.
Çimnaz – Mən heç özüm də səni elə oğlana ərə vermərəm. Dövlətli oğlan isə dövlətli qız axtarır. Başa düşdün?
 
XXX
 
25/  Maralın mənzili. Qonaq otağı. 
 
(İçəri Ağoppa daxil olur).
 
Oğlan – Mam, hardasan?
Maral – Mən evdəyəm. de görüm, sən səhərdən axşamacan harada veyillənirsən?
Oğlan –Kliyentlərini apardım evlərinə. Nə çox mal almışdılar? Mən gəlib çıxmasaydım... (Sözünü yarımçıq kəsir). Amma əntiqə evləri var ha. Mam, o qızı mənə ala bilərsən?
Maral – Sənin yemin deyil.
Oğlan –Niyə? Mənə nolub ki? Məndən artığını tapacaq? Mam, o qıza elçi get də.
Maral – Xoşun gəldi qızdan?
Oğlan –Xoşun gəldi deyəndə ki, hərçənd pis qız deyil. Sakit qıza oxşayır. Yol uzunu bir kəlmə də danışmadı. Anası özündən çox razıdı. Onu da yumşaltmaq olar.
Maral – Onlardan gözüvü çək! Biz onlarla qohum ola bilmərik.
Oğlan –Niyə axı? Bizim nəyimiz onlardan əksikdi?
Maral – Yaxşı, adamdan soruşmazlar ki, oğluvun işi, sənəti nədir? Onda nə cavab verim?
Oğlan –Mənim işim, sənətim onların nəyinə lazımdır?
Maral – Bəs soruşmazlar ki, bu adam evlənəndən sonra ailəsini necə dolandıracaq?
Oğlan –Mən ona görə evlənmirəm ki, arvad saxlayım. Evlənirəm ki, arvadım məni saxlasın.
 
XXX
 
26/  Çimnazın mənzili. Otaq. Axşam..
 
(Zərif divanda oturub. Yanında dəftər-kitab var. Nə isə oxuyub, qeydlər edir. Çimnaz otağa daxil olur. Divardakı saata baxır).
 
Çimnaz – Gör saat neçədi? Bu kişi hələ gəlib çıxmayıb. Hələ söz vermişdi ki, günorta evə gələcək. Taksiyə minməyin. Özüm sizi aparacam. (ironiya ilə). Ay gəldi ha. 
 
(Bu vaxt telefon zəng çalır).
 
Çimnaz - Vasif, sənsən? Səsin niyə belə çıxır? Hardasan? Yuvelir mağazasında? (üzünə təbəssüm qonur). Orda neyniyirsən? Nə alırsan? Niyə dinmirsən? Bizə sürpriz hazırlayırsan?
 
ХХХ
 
27/ Qızıl dükanı. 
 
(Vasif əl telefonu ilə danışır. Dilxordur. Zorla danışır).
 
Vasif – Hə, sürpriz olacaq. Çimnaz, sən belə elə, evdə nə qədər pulumuz var, götür gəl.
 
ХХХ
 
28/ Çimnazın mənzili. 
 
Çimnaz – Nə alırsan ki? Heç nə lazım deyil. Oğul evləndirməyəcəm ki? Nəyim var, bəsimdi. Tez çıx gəl evə. 
 
(Dəstəyi hirslə qoyur yerinə).
 
Zərif – Papaydı? Nə deyirdi? 
 
(Çimnaz cavab vermir).
 
Zərif – Papa hardadır?
 
Çimnaz – Yuvelir mağazasında. (hirslə) Bəxtəvər olmuşam. Kişi mənə sürpriz hazırlayıb.
Zərif – Nə sürpriz? Papa nə dedi?
Çimnaz – Deyir evdə nə qədər pul var, götür gəl. Sənə sürpriz edəcəyəm.
Zərif – Sən nə dedin?
Çimnaz – Dedim heç nə lazım deyil. Dəstəyi qoydum yerinə.
Zərif – Yox, mama, papa qızıl, daş-qaş xoşlamır.
Çimnaz – Amma bilir ki, mənim xoşum gəlir. Bu yolla mənim könlümü ələ almaq istəyir. Elə bilir ki, gündüz buraxdığı səhvi düzəldə biləcək.
 
XXX
 
29/ Çimnazın mənzili.
 
(Telefon bir də zəng çalır. Zərif cəld dəstəyi götürür).
 
Zərif – Allo, papa ...
 
ХХХ
 
30/ Qızıl dükanı.
 
(Vasif əl telefonu ilə danışır).
 
Vasif – Zərif, konturum azdır, mənə qulaq as. Çimnaza de ...
 
(Zərifin gözləri bərəlir).
 
ХХХ
 
31/ Çimnazın mənzili.
 
(Zərif əlində telefonun dəstəyini tutub. Eşitdiyindən heyrətlənir).
 
Zərif– Ünvan yadımda qalar, de. Narahat olma, yaxşı, yaxşı gəlirik.
 
(Dəstəyi asır. Anasına tərəf dönür).
 
Zərif – Papanın baçında nə isə bir iş var. Mama, tez elə, dur getdik.
Çimnaz – Hara? Nə olub?
Zərif – Yolda danışarıq. Tez elə, papa bizi gözləyir.
 
ХХХ
 
32/  Qızıl dükanı.
 
(İki satıcı qapının qabağında dayanıb. Bir satıcı piştaxta arxasındadır. Vasif çox dilxordur. Çimnazla Zərif içəri girirlər.Zərif cəld atasına tərəf qaçır).
 
Zərif – Papa, nə olub, niyə kefin yoxdu?
Çimnaz – Ay kişi, niyə burdasan? Nə almaq istəyirsən belə?
Vasif – Pulu gətirdin?
Çimnaz – O qədər pul bizdə nə gəzir? Biz də o qiymətə cəvahirat mənim nəyimə lazımdır? Nə vacib düşüb? Kişinin gücü nəyə çatar, onu da alar. Biz belə görmüşük.
Vasif – Başqa məsələdir. İşə düşmüşəm, sonra danışarıq. Gəl bunlarla qurtaraq.
 
(Çimnaz çaşqınlıqla ətrafa baxır. Qapıda dayanan satıcılara yaxınlaşır).
 
Çimnaz – Nə olub burda? Bir məni başa salın. Bu kişini niyə burada tutub saxlamısınız? Bilirsiz o kimdi? Heç utanmırsız? Belə ağayana adama şər atırsız? 
 
(Çimnaz piştaxta arxasında dayanan satıcıya tərəf dönür).
 
Çimnaz - Bu saat polisləri tökəcəyəm bura. Bu adam oğruya oxşayır?
Satıcı – Qızmayın, hanım əfəndi. Bizim bu kişiyə karşı heç bir təmənnamız yox. Sadəcə rica ediyoruz ki, aldığı malın pulunu ödəsin.
Çimnaz – Nə mal? Hanı o mal? Bir göstərin mənə (hirslə).
Satıcı – Onu bir hanım götürüb getmiş.
Çimnaz – Nə xanım, xanım kimdi?
Satıcı – Çox cazibədar bir hanım idi.
Çimnaz (təəccüblə) – O xanımın pulunu biz niyə ödəməliyik?
Satıcı – O hanım sizin kocanızla birlikdə buraya gəlmişlər. Birlikdə çox qiymətli cəvahirat seçmişlər. Hanım əfəndi onu götürüb getdi. Fakat parasını ödəmədi. Bəy əfəndi deyor ki, onu tanımıyor. Bizim için fark etməz. Tanıyor, ya yok. Parasını ödəməlidir.
(Çimnaz ərinə tərəf dönür). 
 
Çimnaz - Bu nə danışır? Bu nə deməkdir? Nə xanım?
 
Vasif – Aldanmışam... Təsadüfən... Heç ağlıma da gəlməzdi ki, tanımadığım bir arvad məni belə aldadar.
Çimnaz – Tanımadığın, özün dediyin kimi təsdadüfən tanış olduğun arvadı o saat yuvilirniyə niyə gətirirsən?
Vasif – Mən onu gətirməmişəm, o məni bura gətirdi. Mən taksi axtarırdım. Sizin dalınızca gəlirdim…
Çimnaz – Bəxtəvər olmuşam!
Vasif – Bir arvad qabağımda maşını saxladı, yolu soruşdu, sonra da təklif etdi ki, gəl otur, səni istədiyin yerə aparım.
Çimnaz – Sən də sevincək oldun. Dedin nə yaxşıdı, qəşəng maşın, qəşəng arvad, hələ bəlkə də qəşəng bir mənzil...
Satıcı – Hanım, belə işlər oluyor. Üzülməyin. Kocanız bir fənaya düşmüş. İndi çok ehtiyatlı olmak gərək.
 
ХХХ
 
33/ Qızıl dükanı.
 
(Çimnaz naəlac qalıb gətirdiyi pulları satıcıya verir. Lakin bu kifayət etmir. O, boğazında, qulağında, barmağında olan bütün qızıllarını da verməli olur. Satıcı onları lom qiymətinə götürür. Çimnaz etiraz edir).
 
Satıcı – Bunlar indi modda deyil. Onları əridib başqa şeylər düzəldəcəyiz.
Çimnaz – Qızılın, brilyantın nə modu? 20 ildir mən bunları taxıram, hər dəfə görəndə mübarəkdi deyirlər.
Satıcı – Müasir hanımlar belə bəzək əşyalarını hoşlamıyorlar. Bunlar öz dövrünü başa vurmuşlar.
 
XXX
 
34/ Çimnazın mənzili. Otaq. Axşam.
 
(Vasif divanda oturub. Əlləri ilə başını tutub. Çimnaz stulda oturub. Hər ikisi narazı və əsəbidir).
Çimnaz – Mən bunu evdə gözləyirəm, bu isə küçədən keçən bir arvadı qızıl dükanına aparır. Hələ aldığı hədiyyəyə bir bax! Mənim 20 ildə yığdıqlarım bir dəqiqədə yox oldu!
 
(Çimnaz əllərini dizinə vurur).
 
Vasif – Mənə təsir edən odur ki, günün günorta çağı bu qədər sadəlövhcəsinə aldandım. Özü də kim tərəfindən?!
 
ХХХ
 
35/  Çimnazın mənzili. Otaq. Səhərdir.
 
(Vasif çox fikirli görünür. Otaqda o yan bu yana var- gəl edir).
 
Çimnaz – İşə getmirsən? Vaxtdır. (Vasif cavab vermir) Daha fikirdən keçib. Olacağa çarə yoxdur. O pulu qazanan kişi bir də qazanar. Özünü üzməkdən nə çıxacaq?
Vasif -  (Sanki öz-özünə) Küçədən keçən bir arvad məni uşaq kimi aldatdı. Yatsam yuxuma da girməzdi.
Çimnaz – Sən ki arvad gördün qurtardı. Kişi də tanımadığı arvadın maşınına minər? Onu yuvelirniyə aparar?
Vasif – Mən onu yuvelirniyə aparmamışam. Bir də deyirəm o məni apardı.
Çimnaz – Nə fərqi var, sən onu apardın, ya o səni? Axır ki bir yerdə ora getmişdiniz, birlikdə (xüsusi tonla) ən bahalı kolye seçmisiniz! Belədə deyirsən ki, sənin qızıl-mızıldan başın çıxmır. Elə ona da deyəydin də ki, sənin belə işlərdə səriştən yoxdur. Gör nə günə qalmışam ki, satıcı deyir ki, xanım sizin zinət əşyalarınız moddan çıxıb. Moddan düşər də, mənim ərim özgə  arvadlara modda olan brilyant kolyelər alanda!...
Vasif – Bir də deyirəm, mən ora təsadüfən getmişəm (təsadüfən sözünü xüsusi vurğulayır).
Çimnaz – Əcəb təsadüfdü! (Çimnaz da bu sözü xüsusi vurğulayır).
 
(Vasif hirslə, amma aramla davam edir).
 
Vasif – Sizin dalınızca gəlmək istəyirdim. Tələsirdim. Bir maşın axtarırdım. Elə o məqamda tanımadığım, heç vaxt görmədiyim bir qadın maşınını düz mənim qabağımda saxladı.
Çimnaz – Sən də o saat başını itirdin.
Vasif – Başımı itirmədim. Tələsdiyimdən tora düşdüm. Sən gözləməyi xoşlamırsan axı.
Çimnaz – Yaxşı, yaxşı, bir o qalmışdı ki, məni də müqəssir çıxarasan.
Vasif – Mən sənə vəziyyəti izah edirəm. 
(Əlini ürəyinə tərəf aparır. Çimnaz narahat olur).
 
Çimnaz – Nə oldu? Gəl otur. Fikir eləmə. Kişinin başına iş gələr. Yadından çıxart. Oldu, kieçdi. (çay tökür, ərinə qulluq edir) Gülsuyu töküm?
Vasif – İstəməz. Heç nə istəmirəm.
Çimnaz – İndi ömrümüzü, günümüzü ah-vayla keçirəciyik? Həyatdı da. Adam duran yerdə yıxılır ölür. 
 
(Bu əsnada Vasifin əl telefonu zəng çalır. O, nömrəyə baxıb cəld otaqdan çıxır. Çimnaz  təəccüblənir. Onun dalınca balkona tərəf gedir. Qırıq-qırıq səslər eşidir. Çimnaz ərindən şübhələnir).
 
 
 
BİRİNCİ BÖLÜMÜN SONU ...
 
Ardı var
 

ŞƏRH YAZIN