İstəkli Kürəkən - Əsmər Yusifzadə (İkinci Hissə - On Birinci Bölüm )

0
2952
İstəkli Kürəkən - Əsmər Yusifzadə (İkinci Hissə - On Birinci Bölüm )

Bölüm iştirakçıları:
Nərgiz – gənc qızdır.
Pərvin xanım – anası
Mərdan – atası
Teymur – böyük qardaşı
İlqar – əkiz qardaşı
Jalə - Teymurun istədiyi qız
Şölə - Jalənin bacısı
Leyla – gənc xanımdır.
Nərmin – Leylanın rəfiqəsi
Tural – gənc oğlandır.
 
XXX
 
1/ Pərvinin mənzili. Tural da buradadır.
Pərvin – Bu gilas mürəbbəsini sənin üçün saxlamışam. Dünən qonaqlarımız vardı, heç onların qabaqlarına da qoymadım. Bilirəm ki, sənin bu mürəbbədən xoşun gəlir.
Tural – Sağ ol, Pərvin xala. Ağ gilasın mürəbbəsi doğrudan ləzzətli olur. Amma sizin bişirdiyiniz bütün mürəbbələr dadlıdır.
Pərvin – Əslində mürəbbələri mən bişirmirəm. Nərgiz böyüyəndən mən bu işləri görmürəm. Uşaq olanda Nərgiz mənə kömək edirdi, indi mən ona kömək edirəm.
Tural – Doğru deyirsiniz? Bunu Nərgiz bişirib?
Pərvin – Bəs necə? Qız uşağı gərək hər işi ata evində öyrənsin ki, öz evi, ailəsi olanda çətinlik çəkməsin.
Tural – Bəs Nərgiz özü hardadır? Evdə yoxdur?
Pərvin – Eh, ay Tural, səndən nə gizlədim? Hirslənib gedib xalasıgilə.
Tural – Hirslənib? Nəyə görə?
Pərvin – Heç nəyə görə. Nə var-nə var, axşam qonaqlarımız olacaq. Qonaq deyəndə ki, elçi gələcək. Qıza elçi gələr də.
Tural – Elçi? Kimə gələcək?
Pərvin – Əlbəttə Nərgizə. Daha mənə gəlməyəcək ki? (Gülür). Qız uşağı belədir də. Bir az böyüyən kimi elçilər qapını kəsdirir. Mən qapıya elan vura bilmərəm ki, bizim qızımız ərə getmək istəmir, bizə elçi göndərməyin (Yenə də gülür). Qız ağacı, qoz ağacı deyiblər. Yüzü daş atar, birinə qismət olar.
Tural – (diksinir. Qeyri-ixtiyari narahat olur) Axı Nərgiz hələ magistraturada oxumalıdır. Bu tezliklə ərə getmək nəyinə lazımdır?
Pərvin – Oğlum, Tural, siz cavanlar belə işlərdə təcrübəsizsiniz. Tez-gec məsələsi yoxdur. Adama bab olan var, ya bab olmayan var. Əgər Nərgiz mənim məsləhətimə qulaq assaydı, mən onun “hərisini” elə bu gün verərdim.
Tural – (yenə diksinir) Nərgizi bu gün nişanlayacaqsınız?
Pərvin – Nərgizin razılığı olmasa, bunu edə bilmərəm. Gərək əvvəlcə qızdan soruşum.
Tural – (bir az rahatlanır) Mən Nərgizlə danışmaq istəyirəm, Pərvin xala.
 
XXX
 
2/ Leylanın mənzili.
Leyla uşağı ilə divanda oturub. Əlində şəkilli kitab var.
Leyla – Bu nədir?
Uşaq – Dovşan.
Leyla – Bəs bu?
Uşaq – Maral.
Leyla – Bəs bu?
Uşaq – Canavar.
Leyla – Düzdür, indi de görüm dovşan çox yaşayır, maral, yoxsa canavar?
Uşaq – Əlbəttə, canavar.
Leyla – Niyə belə fikirləşirsən?
Uşaq – Çünki canavar onları yeyir axı.
Leylanın əri işdən qayıdır.
Anar – Neyləyirsiniz?
Leyla – Biz kitab oxuyuruq. Əyin-başın tamam sudur. Yağış yağır?
Anar – Özü də necə. Yaxşı ki, heç yana çıxmamısınız.
Leyla – Biz hava haqqında məlumata qulaq asıb, sonra bayıra çıxırıq. Düzdü, oğlum?
Anar – Hava haqqında məlumatı düz vermirlər. Bu gün üçün demişdilər ki, gün çıxacaq. Amma yağış yağır.
Uşaq – Onlar məlumatı düz verirlər. Neyləsinlər, hava onların sözünə baxmır (Gülüşürlər).
Leyla – Yemək hazırdı. Ata da gəldi. Gedək çörəyimizi yeyək.
 
XXX
 
3/ Tural-Nərgiz.
Nərgiz – Bəs sənin şəhər qızlarından xoşun gəlmirdi?
Tural – Bilmirəm mənə nə olub? Heç ata-anam, bacılarım üçün belə darıxmıram. Səni hər gün görmək istəyirəm, səninlə danışmaq, söhbət etmək istəyirəm. Istəyirəm sən həmişə mənim yanımda olasan.
Nərgiz – Danışmaq istəyirsən, danışaq, istəyirsən arada gəzməyə də gedə bilərik. Amma bunları hələ ki, mənim razılığım kimi qəbul etmə.
Tural – Yaxşı, de görüm, heç olmasa mənim şansım var?
Nərgiz – (forslanır. Sözləri uzada-uzada) Ümumiyyətlə götürsək, hə, sənin şansın var. Amma elə bilmə ki, mən sənə “hə” cavabı verirəm. Biz bir-birimizi yaxşı tanımırıq.
 
XXX
 
4/ Teymurun kirayə etdiyi mənzil.
Qapını Jalə açır. Nərgizi görür. Hər ikisi bir-birinə sınayıcı nəzərlə baxırlar.
Jalə - Nə lazımdır?
Nərgiz – Nə yox, kim.
Jalə - Olsun kim, sizə kim lazımdır?
Nərgiz – Teymur. Qorxma, mən onun bacısıyam. Niyə belə baxırsan? Teymur sənə deməyib ki, onun bacısı var? İçəri keçmək olar?
Jalə - Hə, keç (həvəssiz).
Nərgiz – Gəldim ki, görəm, Teymur ata-anasını kimə dəyişib?
Jalə - Gördün? Daha nə görmək istəyirsən?
Nərgiz – Qardaşımı. Bilirəm evdədi, yatır. Amma duran vaxtıdır.
Jalə - Gözlə, indi oyadaram.
(Otaqdan çıxır. Nərgiz ətrafa nəzər salır. Teymur içəri daxil olur, narahatdır).
Teymur – Nərgiz, nə olub? Nə əcəb səndən? Evdə nə var, nə yox?
Nərgiz – Salamatçılıqdır. Hamımız yaxşıyıq. Gəldim görəm necə yaşayırsan, kimnən yaşayırsan? Olmaz?
Teymur – Niyə olmur ki? Yaxşı edib gəlmisən. Elə mən özüm də sizi tanış etmək istəyirdim. Jalə, (çağırır). Gəl bura. Tanış ol, bu mənim bacım Nərgizdir. Bu da Jalədir.
Nərgiz – Mən sənin bacınam, bəs bu... sənin nəyindir? Hə... başa düşdüm, heç nə demə. Bir yerdə elə-belə yaşayırsınız...
Teymur – Əyləş, əyləş, de görüm necəsən?
(Nərgiz kresloda oturur. Teymur ikinci kresloda oturur. Otaqda divan da var. Jalə gəlib Teymurun yanında, kresloda oturur. Bu hərəkəti ilə Teymura yaxın olduğunu göstərmək istəyir).
 
XXX
 
5/ Pərvin-Nərgiz. Mənzil.
Pərvin – Axır ki, gəlib çıxdın. Hardaydın? Tural neçə dəfə zəng vurub. Gah dedim əlində işi var, gah dedim hamamda çimir. Bilmirəm daha nə uydurum?!
Nərgiz – Heç nə uydurmaq lazım deyildi. Gərək deyəydin ki, evdə yoxdur. Qoy əl telefonuma zəng vursun.
Pərvin – O, elə bilir ki, sən evdən çölə çıxmırsan. Ona görə evə zəng vurur. Mən bilmirəm siznən nə edim? Atanın da bir ayağı rayonlardadır. Qalmışam tək.
Nərgiz – Neyləsin? Ezamiyyətə gedir də... Getməsin?
Pərvin – Getsin! Amma bu uşaqlarının tərbiyəsi ilə də məşğul olsun.
Nərgiz - Bizim tərbiyə olunan vaxtımız keçib. Məni ərə verirsən. Teymur... (bir an susur) artıq evlidir.
Pərvin – Sən nə danışırsan? Nə vaxt onun toyu olub? Nə vaxt mən bu evə gəlin gətirmişəm?
Nərgiz – Toysuz evlənmək olmaz?
Pərvin – Yox, olmaz! Subay oğlandır. O qızla elə-belə vaxtını keçirir.
Nərgiz – Elə-belə? Mən belə deməzdim. Bu gün onlara getmişdim. Niyə belə baxırsan? İnanmırsan? Elə-belə (xüsusi intonasiya ilə) arvadı ilə də tanış oldum. Inanmıram ki, sən onları ayıra biləsən.
Pərvin – Necə qızdır? Yəni belə gözəldir ki, Teymur ondan əl çəkə bilmir?
Nərgiz – Adi qızdır. Küçədə görsən, heç üzünə də baxmazsan.
Pərvin – Bəs onun nəyinə vurulub?
(Nərgiz çiyinlərini çəkir)
Pərvin – Bu da mənim oğlum! Bu qədər zəhmət çəkdim, böyütdüm, verdim bir küçə qızının əlinə. Mən bunu belə qoymayacam!
Nərgiz – Dayan, hara? Neynirsən? Kimə zəng edirsən?
Pərvin – O elə bilir ki, istədiyini edəcək, mən də kənarda durub buna tamaşa edəcəm!
 
XXX
 
6/ Teymur küçədədir.
Harasa gedir. Əl telefonu zəng çalır. Anasıdır.
Teymur – İşə gedirəm. Yaxşı, gələrəm, narahat olma, dedim ki, gələcəm.
 
XXX
 
7/ Pərvinin mənzili. Pərvin Turalla söhbət edir.
Tural – Pərvin xala, mən rayona qayıtmaq istəyirəm.
Pərvin – Niyə? Nə olub ki? İşində problem var?
Tural – Yox, işim yaxşıdır. Maraqlı işdir. Dostlarım da çoxdur. O barədə nigarançılığım yoxdur.
Pərvin – Bəs rayona niyə qayıdırsan? Burda darıxırsan?
Tural – Uzaqda olsam yaxşıdır. Bakıda qalmağımın nə mənası? Nərgiz məni sevmir. Mən də gərək onu yaddan çıxarmağa çalışam.
Pərvin – Elə buna görə rayona getmək istəyirsən? Bəs sənin işin-gücün necə olacaq?
Tural – İşi rayonda da tapmaq olar.
Pərvin – Sən tələsmə. Bir az hövsələn olsun. Elə bilirsən qızların ürəyinə yol tapmaq asan işdir? Nərgiz hiss eləsə ki, sən onu sevirsən, o da səni sevəcək.
Tural – Bəs əgər sevməsə?
Pərvin – O səndən asılıdır. Mənim məsləhətimə qulaq as. Tələsik qərar vermə. Nərgiz ağıllı qızdır. Bilirsən ki, səni də balam kimi istəyirəm. Qoy sənə bir sirr açım. Nərgiz səni sevir.
 
XXX
 
8/ Pərvinin mənzili. Teymur-Pərvin.
Teymur – Hə, bu da mən. Mənə nəsə çox mühüm sözün var idi.
Pərvin – Keç içəri, bir rahat otur. Sənlə məsləhətləşmək istəyirəm.
Teymur – Mənimlə? Məsləhət? Nə barədə?
Pərvin – Nərgizə elçi gələcək.
Teymur – Doğrudan? Təbrik edirəm. Nərgiz ərə getməyə hazırlaşır? Bax ha... Oğlan kimdi? Tanıyırsız?
Pərvin – Onu sən də tanıyırsan. Turaldır.
Teymur – Çox yaxşı. Tural yaxşı oğlandır. Mən razıyam.
Pərvin – Bilirsən ki, onlar rayon adamlarıdır. Qohum olsaq da yenə də soruşub öyrənəcəklər. Bilsələr ki, sən evdə yaşamırsan, yaxşı düşməz.
Teymur – Onlar mənə elçi gəlirlər, yoxsa Nərgizə? Məndən onlara nə? Necə yaşayıram, bu mənim şəxsi işimdir.
Pərvin – Sən evli olsaydın, bu başqa məsələ. Subay oğlanın öz evində yaşamamasını necə izah edim?
 
XXX
9/ Pərvin-Teymur (söhbətin davamı)
Pərvin – Nə qədər ki, Nərgizin toyu olmayıb, sən gərək evdə qalasan. Hamı istəyir ki, öz övladına abırlı, həyalı, ləyaqətli yerdən qız alsın.
Teymur – Onlar qız alırlar, yoxsa qızın ailəsini?
Pərvin – Qızı alanda əvvəl ailəsinə baxırlar. Sən özün heç pis ailənin qızını alarsan? Əlbəttə, yox. Sən ağıllı oğlansan. İnşallah, Nərgizin işini qurtarım, sonra səni evləndirəcəm.
Teymur – Mənim hələ evlənmək fikrim yoxdur.
Pərvin – Sənin fikrin yoxdur. Bəs o qız da ərə getmək istəmir? Onun ata-anası nə deyir?
Teymur – Ata-anası yoxdur. Biz görüşənə kimi bacısıyla qalırdı.
Pərvin – Lap yaxşı, qoy getsin yenə də bacısıyla qalsın. Sənin də fikirləşməyə vaxtın olar. Sonra necə istəsən, elə də olacaq. Əgər hətta desən ki, o qızla evlənmək istəyirsən, mən mane olmayacam.
 
XXX
 
10/ Pərvin-Nərgiz.
Nərgiz – Sən doğrudan Teymurun Jalə ilə evlənməsinə razı olarsan?
Pərvin – Qoy hələ evə gəlsin, sonrasına baxarıq. Zorla heç nəyə nail olmaq olmaz. Səbr lazımdır, vaxt lazımdır. Vaxt hər şeyi yoluna qoyacaq.
 
XXX
 
11/ Leylanın mənzili. 
Leyla mətbəxdə nə isə hazırlayır. Telefon zəng çalır. Leyla dəstəyi qaldırır – Alo! Alo!
(Səs gəlmir. Dəstəyin o başında İlqardır. Leylanın səsini eşitsə də danışmır).
Leyla zəng vuranın kim olduğunu hiss edir. Onu gizli bir sevinc hissi bürüyür.
Dəstəyi asır. Güzgü qarşısına keçir. Saçını yuxarı qaldırır. Gülümsəyir.
Uşağı ilə oynayır, evdə gah qaçır, gah da topla oynayır. Hərəkətləri uşaqdan seçilmir.
 
XXX
 
12/ Teymur-Jalə.
Teymur – Jalə, biz deyəsən bir müddət ayrı yaşamalı olacağıq. Cəmi bir neçə ay. Belə lazımdır.
Jalə - Kimə belə lazımdır? Nərgiz boş-boşuna gəlməmişdi. Mən bilirəm, sənin ailən məni istəmir. Onlar bizi xoşbəxt olmağa qoymayacaqlar.
Teymur – Yox, başqa məsələ var. Nərgiz ərə getməlidir. Bu müddətdə mən gərək evdə olam. Sən bacıngildə qalarsan. Biz görüşəcəyik. Narahat olma. Hər gün sənə baş çəkəcəm, amma evdə yaşamalıyam. Oğlan tərəfi rayon adamlarıdı. Onlar belə münasibətləri qəbul etmirlər.
Jalə - Mən bacımgildə yaşamayacam! Mən ora qayıda bilmərəm! Sən özün bilərsən. Mən səni saxlamıram. Necə istəsən elə də et (kamoda yaxınlaşır). Bu da sənin pulların. Götür, get!
Teymur – Bu nədir? Bu nə pullardır?
Jalə - Sənin mənə verdiyin pullardır. İstəyirdim ki, pul yığıb özümüzə mənzil alaq.
Teymur – Bu pulları mən sənə vermişdim ki, özünə xərcləyəsən. Buna mənzil almaq olar, ay axmaq? (Onu qucaqlayır, başını sığallayır). Ev üçün mən özüm pul yığıram.
Jalə - Sizinkilər elə bilirlər ki, mənə sənin pulun lazımdır. Ona görə də bizi ayırmaq istəyirlər.
Teymur – Yox, Nərgizə...
Jalə - Bəhanədir! Bəyəm sən özün görmürsən? Onlar məni istəmirlər. Bizim bir yerdə olmağımıza heç vaxt razı olmayacaqlar.
Teymur – Razı olacaqlar! Əgər mənə hörmət edirlərsə, mənim seçimimə də hörmət etməlidirlər. Görəcəksən! Ağlama.
 
XXX
 
13/ Sentyabr ayıdır. 
Universitetdə dərslər başlanıb. Kafedra otağı. Hərə öz işi ilə məşğuldur. Leyla da burdadır. Kağızlara baxır, qeydlər edir. Onun rəfiqəsi Nərmin çantasında nə isə axtarır.
Nərmin – Bu yay tətili elə tez keçdi ki. Elə bil dərslər dünən qurtarmışdı. Gözünü açıb-yumursan, vaxt tamam olur...
İşçilərdən biri – Nə danışırsan, Nərmin. İş heyf deyil? Günləri sayırdım, deyirdim bircə tətil qurtaraydı. Bağımız ki, dənizə yaxındır, tanış-biliş, qohum-qardaş bizdə idi. Daha çay dəmləməkdən, qab yumaqdan bezmişdim.
Nərmin – (gözlərini yumub əda ilə) Oy, dəniz, isti qum, mavi ləpələr. Mən dənizi sevirəm...
(Elə bu vaxt qapı açılır, içəri dekan daxil olur).
Dekan – Hamınızı xoş gördük. Necəsiniz? Necə dincəlmisiniz? Hamınız gözümə yaxşı dəyirsiniz (içəri cavan oğlan daxil olur). Hə, içəri keç, utanma. Tanış olun, bu İlqardır.
Nərmin – Biz onu yaxşı tanıyırıq, Yalçın müəllim. İlqar bizim tələbəmiz olub.
Yalçın müəllim – İndi isə həmkarınız olacaq. İlqar həm magistrdir, qiyabi oxuyacaq, həm də laborant kimi bu kafedrada çalışacaq.
Nərmin – Axı İlqar xarici şirkətdə işləməli idi. Onlar otkaz elədilər?
Yalçın müəllim – İlqar orada işləməkdən özü imtina etdi. Elmi işlə məşğul olmaq istəyir. Görürsünüz, sonra da deyirlər ki, gənclər elmə maraq göstərmirlər. Mən İlqarın seçimini dəstəkləyirəm, ona bu işdə uğur arzulayıram. Keç oğlum, bax, o masanın dalında əyləş. Kollektivi sənə təqdim etməyə ehtiyac yoxdur. Hamısı sənin müəllimlərin olub. Nə çətinliyin olsa, gəl yanıma (otaqdan çıxır).
Nərmin – İlqar, bəs sən tərcüməçi olmaq istəyirdin?
İlqar – Fərqi nədir? Elə burda da o işlə məşğul olmaq olar.
Nərmin – Fərqi çoxdur. Orada bir aya qazandığını burada bir ilə qazana bilməzsən.
İlqar – Hər şey pulla ölçülmür. Həyatda daha qiymətli şeylər var.
Nərmin – Doğrudan? Yəqin o qiymətli hesab etdiyin şey... elmdir (mənalı tərzdə gülümsünür).
 
XXX
 
14/ Teymurla Jalənin yaşadığı mənzil.
Teymur – Bunlara bax. Görürsən?
Jalə - Bu pullar hardandır? Sənindir?
Teymur – Bizimdir. Ev almaq üçün.
Jalə - Nə çoxdur? Kreditnən alsaq yaxşıdır. İlkin ödənişini edərik...
Teymur – Yox, yox, mən bütün pulu ödəyib mənzil alacam. Hər ay pul verməyə mənim hövsələm çatmaz. Kirayədən qurtarmaq lazımdır. Özü də birdəfəlik.
Jalə - Nə vaxt alırıq?
Teymur – Hələ bir az da yığmalıyam. Mən yaxşı mənzil istəyirəm, böyük, geniş...
Jalə - Bu pulları evdə saxlayırsan? Pul həm dəyərdən düşür, həm də oğru gələ bilər. Gəl aparıb banka qoyaq.
Teymur – Yaxşı, aparıb banka qoyarıq. Rahat oldun?
Jalə - Gəl mənim pullarımı da qoyaq onun üstünə.
Teymur – Onlar sənindir. Get özünə nə istəsən al. Özü də qabaqdan Nərgizin nişanı gəlir. Sən gərək yaxşı görünəsən. Hamıdan yaxşı.
Jalə - Mən də nişanda iştirak edəcəyəm? Bəs...
Teymur – Əgər səni dəvət etməsələr, mən də nişana getməyəcəm.
 
XXX
 
15/ Yenə də kafedra otağı.
İşçilərdən biri – Görün, jurnalda nə qəribə məqalə var. Guya hər insan bu dünyaya 3 dəfə gəlir.
Bir başqası – Gərək qulaq gündə bir söz eşitsin də... (Başını tərpədib işi ilə məşğul olur).
Digər işçi söhbətə qarışır – Necə yəni, insan 3 dəfə dünyaya gəlir? Öldün, qurtardı.
(Əlində jurnal tutan işçi davam edir).
Burda cədvəl də çap olunub. Hətta bu cədvəlnən hesablaya bilərsən ki, sən bu dünyada neçənci dəfədir ki, yaşayırsan.
Ver o jurnalı... Baxaq görək bir də bu dünyaya gəlmək şansımız var, ya yox.
Cəfəngiyyatdır. Vaxtına heyfin gəlsin. Deyirəm sensasiya xatirinə nələr fikirləşirlər ey...
Nərmin – Mən bu dünyaya nə vaxtsa gəlmişəm və ya nə vaxtsa gələcəyəm, belə şeylər məni maraqlandırmır. Əsas odur ki, indi yaşayıram. Gərək həyatda yaşamağı bacarasan, həyatdan zövq almağı bacarasan. Yoxsa neçə dəfə istəyirsən, bu dünyaya gəl. Nə xeyri var?
(İçəri İlqar daxil olur. Əlində bir neçə dondurma var. Gətirib onları Leylanın qabağına qoyur).
Leyla – Bu nədir?
İlqar – Hava çox istidir. Aşağıda yaxşı dondurma satırlar. Aldım ki...
Nərmin – Ooo, bunlar mənim ən çox xoşladığım dondurmalardır. İlqar, bunu bizim üçün almısan? Bax, bunun xatirinə dünyada hələ yaşamağa dəyər.
(Əlində jurnal tutan işçi İlqara yaxınlaşır).
- İlqar, bu məqaləni oxumusan? Bir bax...
(Söhbət edə-edə qızlardan uzaqlaşırlar).
 
XXX
 
16/ Pərvinin mənzili.
Teymur – Jaləni nişana çağırmasan, mən də gəlməyəcəm.
Pərvin – Axı kimdi Jalə? Jalə sənin nəyindir? Dostundu, nişanlındı, yoxsa arvadın? Onun bizim məclisdə nə işi var?!
Teymur – Necə istəyirsən elə də fikirləş! Mən öz sözümü dedim (otaqdan çıxır).
 
XXX
 
17/ Pərvin-Mərdan-Nərgiz.
Mərdan – Oğlumuz daha biznən ultimatumla danışır.
Pərvin – Qalmışam odla-su arasında. Mən oğlumu itirə bilmərəm. Axı bu qız kimdir, nəçidi, nə işin sahibidi? Mən onu hansı adla qohum-əqrəbaya təqdim edim?!
Nərgiz – De ki, mənim rəfiqəmdir. Kimdi onu tanıyan?
Pərvin – Heç olmasa bir sir-sifəti yerindədir?
 
XXX
 
18/ Pərvinin mənzili.
Pərvin – Yaxşı deyiblər, kim qazanar, kim yeyər. O qədər zəhmət çəkdim, oğul böyütdüm. Əli çörəyə çatanda atıb məni getdi.
Nərgiz – Bu tək sənin başına gəlmir ki. Hamıda belədir. Bəs Turala zəhmət çəkməyiblər?
Pərvin – Tural başqa. O, el qaydasıynan ailə quracaq. Bu tamam başqa şeydir. Mənim oğlum isə çörəyi kimə yedirir, heç özü də bilmir. Bir gün ayılacaq ki, it də gedib, ip də.
Nərgiz – Niyə belə fikirləşirsən? Bəlkə heç biz düşündüyümüz kimi pis qız deyil. Biz onu tanımırıq axı. Gəl Teymura deyək, onu evə gətirsin. Gəlsinlər, getsinlər, bir yerdə olsaq, onu daha yaxşı tanıyarıq.
Pərvin – Bir o qalmışdı. Ona da elə bu lazımdır da. Onu sonra bu evdən çıxara bilərəm?! Teymur sadəlövhdür. Hamıya inanır. Daha bilmir ki, o qıza Teymur yox, onun evi, pulu lazımdır. Bunu ona necə başa salım, bilmirəm! Elə bil bəsirət gözü tutulub. Heç nəyi eşitmir, görmür.
Nərgiz – Onda özünü yorma. Onsuz da Teymur öz bildiyini edəcək.
 
XXX
 
19/ Pərvinin mənzili. Pərvin-Nərgiz.
Pərvin – Sənin sözündən belə çıxır ki, Teymur kimi istəsə ala bilər. Mən də buna razı olmalıyam? Bir metr parça alanda da orasına-burasına baxıb sonra alırsan. Mən evimə gəlin gətirəcəm. Mən onu, ailəsini, nəslini tanımalıyam, ya yox?
Nərgiz – Tanımalısan, amma bu mümkün deyil. Parçanı seçməyə nə var ki? Deffektini o saat görəcəksən.
 
XXX
 
20/ Yenə də universitet. Dərs qurtarıb.
Leyla auditoriyadan çıxır. Ona orta yaşlarında bir kişi yaxınlaşır.
Leyla xanım sizsiniz?
Leyla – Bəli, buyurun, nə sözünüz var?
Mən Cavanşirin dayısıyam. Sizin tələbənizin. Ona zaçot yazmamısınız. Keçən semestrdən zaçotu qalıb.
Hə, o keçən semestr çox dərs buraxıb. Tapşırıqları yerinə yetirməyib.
Deyirəm, Leyla xanım, bu işi bir yoluna qoyaq da.
Mən ona konkret tapşırıq vermişəm. Hazırlaşıbsa, gəlsin. Heç bir problem yoxdur.
Deyirəm bu problemi bəlkə özümüz həll edək?
(sərt şəkildə) Burada problem yoxdur! Hazırlaşıb gəlsin, zaçotunu versin!
Bəlkə zaçotu vermək üçün başqa yol seçək?
Yeganə yol bilikdir, vətəndaş! Vaxtımı almayın!
Leyla xanım, xahiş edirəm...
Qulaq as, dayı (ironiya ilə). Bura uşaq bağçası deyil. Tələbənin vəzifəsi oxumaqdır! Oxusun, cavab versin, qiymətini də alsın. Mənə heç vaxt bu cür xahişlə müraciət etməyin!
(Bu vaxt kafedra işçilərindən biri mübahisəni eşidir. Onlara yaxınlaşır).
Nə olub, Leyla xanım? (Cavab gözləmədən kişiyə müraciət edir) Nə istəyirsən? Niyə bizim müəlliməmizi əsəbləşdirirsən? (O nə isə demək istəyir. Kafedra işçisi ona imkan vermir) Leyla xanım, narahat olmayın, onunla özüm danışaram.
Leyla gedir. Kafedra işçisi kişiyə tərəf dönür.
De görüm, nə istəyirsən?
Mən Cavanşirin dayısıyam.
Hə, nə olsun ki?
Uşağın işi olub, dərslərə gələ bilməyib. Leyla xanımdan xahiş etdim ki, onun qiymətini yazsın. Hörmətini eliyəcəm.
Ə, yekə kişisən. Belə şey üçün də müəllimə yaxınlaşarlar?!
Bəs nə edim? Yeni semestr başlayıb, Cavanşir hələ köhnə borclarını qurtarmayıb.
Sən Cavanşirin nəyisən dedin?
Dayısı.
Hə... dayısı, sən belə elə. Cavanşirin zaçot kitabçasını götür, arasına (əli ilə işarə edir) hörməti qoy... gətir mənə. Görüm nə edirəm. Başa düşdün?
(Dayı sevinir. Təşəkkür edib gedir).
 
XXX
 
21/ Teymur-Pərvin.
Teymur – Demirdiniz ki, evlən? Evlənirəm də.
Pərvin – Elə mənim də arzum səni evləndirməkdi də. Mənim ağıllı oğlum. Gülyazın qəşəng qızı var. Həm gözəldi, həm ağıllı.
Teymur – Sən başa düşmədin. Mənim öz istədiyim qız var. Mən ancaq ona evlənəcəm.
Pərvin – Sən hələ çox cavansan. Başına elə tor hörərlər ki, heç xəbərin də olmaz.
Teymur – Mən nə etdiyimi bilirəm, uşaq deyiləm.
Pərvin – Bir məni başa sal görüm, sən onda nə tapmısan?! Qızı üç şeyə görə alarlar – ya gözəlliyinə görə, ya ağlına görə, ya da ailəsinə görə. Bunların hansı var onda?
Teymur – Səni ancaq mal-dövlət maraqlandırır. Elə hamı gərək varlı qız alsın? Sən elə bilirsən belə qızlarla yaşamaq asandır?
Pərvin – Mən demirəm get varlı qız al. Bu, şərtlərdən biridir. Kimdir, bu qızın ata-anası? Tanıyırsan onları? Bu qız yerdən çıxıb?
Teymur – Mən sənə neçə dəfə demişəm, ata-anası yoxdur. Bacısı var.
Pərvin – Bacısı da tək yaşayır?
Teymur – Tək niyə? Əri var. Nazirlikdə işləyir.
Pərvin – Nazirdir?
Teymur – Yox, orada işləyir. Yaxşı adamdır.
Pərvin – İndi ki, belə təkid edirsən, onda gedək onlara, el qaydasıynan görüşək, tanış olaq, görək necə adamlardır.
 
XXX
 
On birinci bölümün sonu
 
(Ardı var)
 

ŞƏRH YAZIN