Qucaqlaşın!

0
3642
Qucaqlaşın!

Hekayələr insanlara o qədər gözəl və sevdirərək dərs verir ki, insanlar oxuduqları bu hekayələr ilə özlərini inkişaf etdirir və ibrət alırlar.

Birinci və ən əhəmiyyətli dərs.
 
Məktəbdəki ikinci ayımda, müəllimimiz test suallarını payladı. Mən məktəbin ən yaxşı şagirdlərindən biri idim. Son suala qədər nəfəs almadan gəldim və orada ilişib qaldım. Son sual belə idi:
 
"Hər gün məktəbi təmizləyən xadimə qadının adı nədir?”
 
Bu yəqin ki bir zarafat idi. Qadını hər gün yerləri silərkən görürdüm. Uzun boylu, qara saçlı bir qadın idi. 50 yaşlarında olardı. Amma adını hardan biləcəkdim ki?! Son sualı cavabsız qoyub kağızı təslim etdim. Vaxt bitərkən bir şagird, son sualın test nəticələrinə daxil olub olmadığını soruşdu.
 
"Təbii ki daxildir." -  dedi müəllimimiz.
 
"Iş həyatınız boyunca insanlarla qarşılaşacaqsınız. Hamısı bir-birindən fərqli insanlar olacaq. Amma onların hamısı sizin hörmət və diqqətinizə  layiq olan insanlardır. Onlara yalnız gülümsəməniz və “Salam” deməyiniz lazım olsa belə."
 
Bu dərsi həyatım boyunca unutmadım. O xadimənin adını da. Adı “Dorothy” idi.
 
İkinci önəmli dərs: Yağışda avtostop
 
Bir gecə vaxtı gecə yarısına doğru Alabama şosesinin kənarında duran zənci bir qadın gördüm. Güclü yağan yağışa baxmayaraq, xarab olan maşının kənarında durub diqqət çəkməyə çalışırdı. Yoldan keçən hər maşına əl edirdi. 
 
Yanında dayandım. 60-cı illərdə  ağdərilinin bir zənciyə həm də Alabamada yardım etməsi çox da rast gəlinən bir şey deyildi. Onu şəhərə qədər ötürüb, bir taksi dayanacağında endirdim. Ayrılarkən hökmən ünvanımı istədi, verdim. Bir həftə sonra qapım döyüldü.
 
Adamlar böyük bir televizor endirirdi.
 
Hədiyyədə bir not da var idi.
 
"Ötən gecə şosedə mənə kömək etdiyinizə görə sizə təşəkkür edirəm. O qorxunc yağış yalnız paltarlarımı deyil, ruhumu da islaq etmişdi. Özümə olan güvənimi itirmək üzrəydim ki,  siz çıxıb gəldiniz. Sizin vasitənizlə ölmək üzrə olan həyat yoldaşımın yanına zamanında çata bildim. Bir az sonra son nəfəsini verdi. Allah mənə kömək edən sizi və başqalarına qarşılıq gözləmədən kömək edən hər bir kəsi uca eləsin!  Ən yaxşı diləklərimlə…  Xanım Nat King Cole."
 
Üçüncü əhəmiyyətli dərs: Sizə xidmət edənləri həmişə xatırlayın.
 
Tortun baha satıldığı günlərdə 10 yaşında bir uşaq kafeyə girdi. Ofisiant qız dərhal uşağa yaxınlaşdı. Uşaq soruşdu:
 
"Şokoladlı tort neçəyədir?"
 
"50 sent!"
 
Uşaq cibindən çıxardığı pulu saydı. Bir daha soruşdu:
 
"Yaxşı,dondurma neçəyədir?"
 
"35 sent!" – dedi, ofisiant qız  səbirsizliklə.
 
Kafedə çoxlu müştəri vardı və qız hamısına tək başına xidmət edirdi. Bu uşaqla daha nə qədər vaxt keçirə bilərdi ki?! Uşaq pulunu bir daha saydı və
 
"Bir dondurma ala bilərəmmi, zəhmət olmasa." - dedi.
 
Qız dondurmanı gətirdi. Çeki qabın kənarına qoydu və o biri masaya qaçdı. Uşaq dondurmasını bitirdi. Çeki kassaya ödədi. Ofisiant qız masanı təmizləmək üçün gəldiyində, birdən gözləri doldu. Masanı sanki axan göz yaşları təmizləyəcəkdi. Boş dondurma qabının yanında uşağın qoyduğu 15 sent dayanırdı.
 
Dördüncü önəmli dərs: Yolumuzdakı Əngəllər
 
Keçmiş zamanlarda bir kral, saraya gələn yolun üzərinə böyük bir qaya qoydurmuş, özü də pəncərəyə oturmuşdu. Görək nələr olacaq?
 
Ölkənin ən zəngin tacirləri, ən güclü karvançıları, saray vəzifəliləri səhərdən günortaya qədər bir-bir gəldilər. Hamısı qayanın ətrafından dolanıb  saraya girdilər. Bir çoxu kralı yüksək səslə tənqid etdi. Xalqından bu qədər vergi alır, amma yolları təmiz saxlaya bilmirdi. Sonunda bir kəndli saraya meyvə və tərəvəz gətirirdi. Çiynindəki səbəti yerəqoydu, iki əli ilə qayaya sarılıb, möhkəm itələməyə başladı. Sonunda qan-tər içində qaldı amma qayanı da yolun kənarına çəkdi. Elə səbətini yenidən kürəyinə almaq istəyirdi ki, qayanın yerində bir kisənin dayandığını gördü. Kisəni açdı. İçi qızıl dolu idi. Bir də içində kralın qeydi var idi.
 
"Bu qızıllar qayanı yoldan çəkən adama aiddir" 
 
Kəndli, bu gün də bir çoxumuzun fərqində olmadığı bir dərs almışdı.
 
"Hər maneə, həyat şərtlərinizi daha yaxşılaşdıracaq bir fürsətdir."
 
Beşinci önəmli dərs: Əhəmiyyətli olan bəxş etməkdir.
 
İllər əvvəl xəstəxanada işləyərkən, ağır xəstə bir qız gətirdilər. Tək həyat şansı beş yaşındakı qardaşından təcili qan köçürülməsi idi. Kiçik oğlan eyni xəstəlikdən möcüzəvi şəkildə xilas olmuş və qanında bu xəstəliyin mikroblarını yox edən immunitet meydana gəlmişdi.
 
Həkim vəziyyəti beş yaşındakı oğlana izah etdi və bacısına qan verib verməyəcəyini soruşdu. Kiçik uşaq bir an dayandı. Sonra dərin bir nəfəs aldı və "Əgər xilas olacaqsa, verərəm qanımı" dedi. Qan köçürülərkən, bacısının gözlərinin içinə baxır və gülümsəyirdi.
Qızın yanaqlarına yenidən rəng gəlməyə başlamışdı, amma kiçik uşağın üzü  gedərək solurdu. Gülümsəməsi də yox oldu. Titrəyən bir səslə həkimdən soruşdu:
"Dərhal mı öləcəyəm?"
Kiçik uşaq həkimi səhv anlamış, bacısına vücudundaki bütün qanı verib, öləcəyini düşünmüşdü.

 
Tərcümə etdi: Aytən İsmayılova
 

ŞƏRH YAZIN