Bir Gün Susmağı Öyrəndim Və O Gün Hər Şey Dəyişdi

0
9011
Bir Gün Susmağı Öyrəndim Və O Gün Hər Şey Dəyişdi

Elə bir susdum ki, bəlkə  sonsuzadək susacaqdım. Çünki susmaq mənim kiçik dünyamda atamla qurduğum  ünsiyyət vasitəsi idi.

Atam axşamlar evə yorğun gəlirdi. Mən bütün gün evdə sıxılır, onun gəlişini səbirsizliklə gözləyirdim. Hələ o qapıdan girər girməz boynuna atılar onunla oynamaq istəyərdim. Atam qucaqlayıb, öpər sonra da “indi otağına get” - deyərdi.
 
Yemək hazır olanda anam çağırırdı, bu dəfə atamla süfrə arxasında bir araya gəlirdik. Onlar anamla danışarkən mən araya girir, səsimi eşitdirə bilməyəndə də qışqırardım. Atam əsəbiləşər, "Bütün gün insanlarla müzakirə etməkdən yoruldum, birdə sən başımı ağrıtma!" – deyərdi. Anam da "Bütün günümü  onsuz da sənə həsr etmişəm, atanla bir kəlmə danışmağa da icazə verməyəcəksən?” – deyə danlayar, məni otağıma göndərərdi.
 
Çarəsiz bir şəkildə boynumu büküb, otağıma, yəni həbsxanama doğru yol alırdım. Atam arxamdan  "Bizim bir otağımız belə yox idi, hər şeyi var, hələ də nə istəyir başa düşmürəm." – deyə qışqırmağa davam edərdi. “Kaş ki, mənim də bir otağım olmayaydı, kaş ki bizim də evimiz bir otaqlı olaydı ancaq birlikdə oturaydıq” – deyərdim içimdən, amma yüksək səslə söyləməyə cəsarət edə bilməzdim.
 
Yeməkdən sonra atam divana uzanıb, televizora baxardı. Məni yanına çağırıb bir az oynadardı. Onun izləyəcəyi əhəmiyyətli bir şey olsaydı belə məni yerimdən tərpətməzdi. Azca hərəkət edib, qaçıb oynamağa çalışsam otaq həbsim yenidən başlayırdı.
 
Bir gün anladım ki susduqda atamla daha yaxşı anlaşırıq. Bu dəfə susaraq edə biləcəyim oyunları inkişaf etdirməyə başladım. İşə şəkil çəkərək başladım.
 
Atam çəkdiyim şəkilləri çox bəyənir; "Bax, belə sakit-sakit oyna!.” – deyirdi. Atam bəzən göz ucuyla baxır, şəkillə bağlı bir şey soruşsam danlayırdı, amma mənə hirslənərək   otağıma göndərmirdi. “Axır vaxtlar mənim oğlum necə də ağıllanıb.” – deyə anam halımı qonşulara danışırdı.
 
Şəkillərim artdıqca ortalıq dağılmağa başladı. Anam  “Otağını yığışdır!” – deyə otağıma bağladığında işə hardan başlayacağımı bilmirdim. Mən bunlarla məşğul olarkən zaman keçir, amma otağımı yığışdırmağı bacarmırdım. Anam otağıma gəlib "Bax sənə şəkil çəkməyi qadağan edəcəm.” - dedi bir gün. Susmağımı tərbiyə olaraq qiymətləndirən ailəm, şəkil çəkməyi də əlimdən alsa mən nə edəcəkdim?
 
Bu düşüncələrlə bir ailə tablosu çəkdim. Atam evə gəldikdə uyğun zamanı gözlədim. Hər zamankı kimi yemək yeyildi, otağa keçildi. Atam oturan kimi çəkdiyim rəsmi gətirdim.
 
Atam baxdı. Hmm, dedi "Çox gözəl çəkmisən.”
 
“Bu adam mənəm yəqin.” – dedi.
 
Mən  “Xeyr, o adam yox, bu uşaq sənsən.” – dedim.
 
“Xeyr, bu adam mənəm, bu uşaq sənsən, bu kiçik qız da dostundur.” – dedi. 
Mən yenə "Xeyr, o böyük adam mənəm, bu kiçik adam sənsən, bu kiçik qız da anam.” – dedim. Atam mənimlə mübahisə etməyib: “Yaxşı bəs niyə bizi kiçik çəkmisən?” – dedi. Həyəcanla izah etməyə başladım.
 
Mən böyüyüb adam olacağam. İş tapıb çalışacağam. Siz yaşlanıb kiçiləcəksiniz. Beliniz büküləcək, qonşumuz Elgün əmi ilə Leyla xala kimi kiçik qalacaqsınız. Mən işdən gələndə yorğun olacağam. Siz mənimlə danışmaq istədiyinizdə işdə başım şişmiş olacağından sizi eşitməyəcəm belə. Siz mənimlə bir şeylər paylaşmaq istədiyinizdə "Gedin otağınıza çəkilin ki, biraz dincəlim” – deyəcəyəm. Və bir də qışqıracağam: “Hər şeylərini alıram, isti otaqları da var, daha nə istəyirlər?" – deyə. 
 
Anamla atamın gözləri bərəlmişdi. Eşitdiklərinə inana bilmirdilər. Mənə sarılıb elə içdən bir oxşayışları vardı ki sonsuza qədər danışsam heç bezmədən dinləyəcəklər kimi idi.
 
Fərqində olmalı insan ...
 
Özünün, həyatın, hadisələrin,
 
Gedişatın fərqində olmalıdır.
 
Ömür dediyin üç gündür,
 
Dünən gəldi keçdi sabah məchuldur,
 
O halda ömür dediyin bir gündür,
 
O da bu gündür.
 

Tərcümə etdi: Aytən İsmayılova
 

ŞƏRH YAZIN