Heç Kimi Dəyişdirməyə Çalışmayın

0
7719
Heç Kimi Dəyişdirməyə Çalışmayın

İnsanları bəzən olduqları kimi qəbul etməməyimiz çox böyük səhvimiz olur. Onları dəyişməyə çalışır, biz istəyən bir insan olmaqları üçün çalışırıq. Amma nəzərə almırıq ki, qarşımızdakı insan bundan necə təsirlənir. Təqdim etdiyim hekayə də məhz qeyd etdiyim mövzu üzərində qurulub. 

Psixatriya xəstəxanasında iki nəfər bir-biri ilə söhbət edir. Biri o birisindən soruşur: 

- Nə üçün buradasınız?

Həmin adam üzünü sual soruşana tərəf tutub cavab verir: 

- Hər kəsin məndən olmaq istədiyi insan ola bilmədiyim üçün.

- Anlamadım, nə demək istəyirsən?

- Atam mənimlə fəxr etmək üçün çox yaxşı şagird olmağımı istəyirdi, amma mən yaxşı qiymətlər almadığım üçün,mənim kimi övladı olduğu üçün utanırdı. Mənim orta səviyyəli bir şagird olmağımı qəbul etmədiyi üçün məni tənbəllikdə ittiham edirdi. Çünki, "onun övladı" çox insan kimi "adi" ola bilməzdi. Bir gün məni ova apardı. Oğlunun əsl kişi olduğunu sübut etmək üçün məndən bir ceyranı tüfənglə vurmağımı istədi.

Özü də yaxşı ovçu olan digəri ondan soruşdu: 

- Neçə xal aldın?

- Heç nə… Ağlamağa başladım və atam məni bir də heç vaxt ova aparmadı. Atam mənim onun kimi vəkil olmağımı istəyirdi. Babam isə özü kimi dülgər. Amma anam dayım kimi bank işçisi olmağımı istəyirdi. Nənəm isə din xadimi olmağımı istəyirdi. Məhəlləmizin mollası mələk kimi qüsursuz olmağımı, dostlarım isə film aktyorlarına oxşamağımı istəyirdi. Nişanlım hər şey olmağımı istəyirdi. Atası isə qızının gözündə qiymətdən düşməsin deyə,mənim "heç nə" olmağımı arzulayırdı. Televiziya proqramları içkidən istifadə etməyim, avtomobillərə və siqaretə aludə olmağım üçün məni həvəsləndirir, "xəbərlər" isə belə şeylərdən uzaq olmağımı istəyirdi.

Bu sözlərdən sonra bir qədər duruxdu: 

- Üzr istəyirəm, sizi də narahat etdim. Mən bir ildir buradayam və artıq dəqiq bilirəm ki, dəli olmaq istəmirəm. Siz nə qədər vaxtdır buradasınız?

- Mən buraya öz qohumumu görmək üçün gəlmişəm.

- Hə başa düşdüm, siz də divarın o biri tərəfindəki dəlixanada yaşayırsınız. 

Gəlin doğmalarımızı bizim ağlımızdakı "ideal" insan olmağa məcbur etməyək. Unutmayın, bizim ideal insan kimi düşündüyümüz bir stereotip heç də əsl ideal insan demək deyil. Dünyanın ən ideal insanı, özü kimi olmağı bacaran insandır.
 
 
 
Korrektor:Əhmədova Sevinc

ŞƏRH YAZIN