Həyatın Mənası Baxışında Gizlidir!

0
10648
Həyatın Mənası Baxışında Gizlidir!

Qədim zamanlarda bir adam yaşayırmış. Bu adam bir gün həyatın mənasını axtarmaq fikrinə düşür. Amma aldığı heç bir cavab bu adamı qane etmirmiş və kənd-kənd, ölkə-ölkə gəzib soruşmaq qərarına gəlir. Hər kəndi gəzir, bütün ölkələrə gedir.

Bir kənddə danışdığı insanlar ona deyirlər:

- Bax o uzaqdakı böyük dağı görürsənmi? Orada yaşlı bir müdrik qoca yaşayır. İstəyirsənsə, onun yanına get bəlkə axtardığın sualın cavabını taparsan.

Çox çətin bir yol keçdikdən sonra müdrik qocanın evinə çatır və içəri girir. Müdrik qocadan - Həyatın mənası nədir? deyə adam soruşur. Qoca isə cavab verir:

- Sənə bu sualın cavabını söyləyərəm, amma sən bir imtahandan keçməlisən. 

Müdrik qoca bu adama əlinə bir çay qaşığı verir və qaşığın içinə zeytunyağı tökür. Deyir:

- İndi sən çıx bağçaya gəz, dolaş və təkrar bura gəl. Amma diqqət et ki, çay qaşığındakı zeytunyağından bir damla belə azalmasın. Əgər bir damla azalsa məğlub olarsan.

Adam çay qaşığına baxa-baxa bağçaya çıxır, gəzir, fırlanır və geri qayıdır. Müdrik qoca deyir:

- Hə, qaşıqda yağ azalmayıb, yaxşı bağça necəydi?

Adam çaşqın halda deyir:

- Mən qaşıqdan başqa heç bir yerə baxmırdım.

Müdrik qoca deyir:

- İndi yenə qaşıq əlində get bağçaya bax, amma bu dəfə bağçaya yaxşı bax, incələ və nə gördüklərini gəl mənə de."

Adam gedir gəzir, bağçanın hər bir tərəfinə baxır və geri qayıdır. Müdrik qoca soruşur:

- Bağça necə idi? 

Adam deyir:

- Çox gözəl güllər, təmiz hava... Bir sözlə gözəldi. 

Müdrik qoca qaşığa baxıb görür ki, qaşıqda heç bir damcı da zeytunyağı qalmayıb və üzünü adama tutub deyir:

- Həyat sənin baxışınla məna qazanar. Sadəcə bir nöqtəni görürsən, həyatın axıb gedər amma sən bilməzsən. Ya da görə biləcəyin bütün gözəlliklərin tam ortasında həyatı yaşayarsan, axıb gedən zamanın məna qazanar. Həyatın mənası sənin baxış tərzində gizlidir.
 
Korrektə etdi: Hürü Mustafayeva
 

 

ŞƏRH YAZIN