İşdən qovulduğunuz halda nə etməli?

0
1716
 İşdən qovulduğunuz halda nə etməli?

Tutaq ki, sizə işdən qovulduğunuzu dedilər . . .

Yaxud da, yenidən təşkilatlanma tədbirləri aparıldı və sizin tutduğunuz vəzifə ləğv olundu və şirkətdə sizə uyğun vəzifə tapılmadı. Əgər bu günə kimi karyeranızın uğurla irəliləməsinə sevinirdinizsə, təəccüblü deyil ki, bu xəbər sizi məyus edəcək. Şirkətdən ayrılarkən müzakirə, hansı günün axırıncı iş günü kimi hesab olunması, vəzifə təhvil-təslimi, tövsiyyə almaq kimi qaçılmaz əngəllərlə məşğul olmağınıza baxmayaraq, bu halda ən çətini düşdüyünüz vəziyyəti qəbul etməyiniz olacaq.

Birinci növbədə belə vəziyyətdə tək olmadığınızı anlamalısınız. Əlbəttə, bu barədə insanlar danışmağı sevmirlər, ancaq əslində əksəriyyət rəhbərlər karyera həyatlarında maneələrlə üzləşmişlər. İnsan resursları üzrə istənilən menecer bir uğursuzluğun cəza olmadığını təsdiq edər. Gələcəkdə yaxşı bir karyera üçün sizin şansınız çoxdur.

Növbəti addım atmağa hazırlaşərkən hər kəsi və hər şeyi günahlandırmağa tələsməyin: “Mənim pis müdirim vardı.”, “Şirkətdə çəkişmələr baş alıb getmişdi.”, “Həmkarlarım məni sevmirdilər.”. Bəlkə də burada həqiqət var, ancaq hər şeydən əvvəl, “Gələcəkdə eyni səhvləri təkrarlamamaq üçün indi hansı nəticələri çıxarmalıyam?” – deyə, özünüzə sual edin.

Buna baxmayaraq, sizdə olan məlumatı xeyrinizə istifadə etməyə cəhd göstərin. Məsələn, əgər siz tez-tez münaqişələrin həlli ilə məşğul olurdunuzsa və “qırmızı” (sözü üzə deyən) şəxs kimi nüfuza malik idinizsə, artıq həmkarlıq etməyi və mübahisələri sülh yolu ilə həll etməyi öyrənməlisiniz. Əgər siz mükəmməlliyə meyillisinizsə, adətən müxtəlif tapşırıqlar və zaman məhdudiyyəti arasında çıxılmaz vəziyyətə düşürsünüzsə, öz səlahiyyətləriniz və əlavə işçi qüvvəsi səfərbər etmək haqqında düşünməlisiniz.

Bəlkə məsələ sizdə hansısa keyfiyyətlərin çatışmamasında deyil. Sadəcə ola bilər ki, işlədiyiniz şirkətdəki mühit sizə uyğun deyildi. Məsələn, əgər özünüzü daim operativ qərarlar qəbul etmək ehtiyacı duyulan mühitdə narahat hiss edirdinizsə, layihələri daha hərtərəfli idarə olunan struktura malik böyük şirkətlərə keçid imkanını nəzərdən keçirməlisiniz. Yaxud əksinə, əgər böyük bürokratik təşkilatlar sizə sıxıcı gəlirdisə, özünüzə daha enerjili, kiçik bir şirkət axtarmalısınız.

Keçmiş təcrübənizi unutmayın, çünki o gələcək karyeranızda sizin köməyinizə çatacaq. Lakin ən qiymətlisi sizin özünüzə olan güvəninizdir, onun sarsılmasına imkan verməyin. İşdən qovulmaq çətin təcrübədir, lakin bundan nəticə çıxararaq, uğurlu karyera qurmaq üçün bütün şansları əldə etmiş olacaqsınız.
 

ŞƏRH YAZIN