İstirahətdən sonra işə adaptasiya olmağın yolları

0
2008
İstirahətdən sonra işə adaptasiya olmağın yolları

Bayram günlərində mümkün qədər dincəlməyə, əylənməyə çalışırıq. Bu yaxşıdır. Ancaq istirahətdən sonra işə adaptasiya olmaq bir qədər çətindir. Bu prosesi necə sürətləndirmək və asanlaşdırmaq olar? Məsləhətlərimizlə bu məsələdə sizə kömək etməyə çalışacağıq.

1. Əvvəlcədən hazırlaşın.

Bayramlardan sonra iş yerinə alışmağa əvvəldən hazır olmaq, yəni iş masasında və işə aid qovluqlarda səliqə-sahman yaratmaq lazımdır. Bu, sizin işlərinizi azaltmağa, bayramdan sonra nəyi harada axtarmaq lazım olduğunu bilməyinizə yardım edər. Adətən bayram ərəfələrində əməkdaşların işi başından aşır. Odur ki, bayramdan sonra işə yaxşı əhval-ruhiyyə ilə qayıtmaqdan ötrü əvvəlcədən işləri görüb qurtarmaq, üst-üstə yığıb saxlamamaq yaxşı olar. Rəhbərliyin tapşırıqlarını siyirmədə saxlamayın ki, işlər qalaqlanmasın. Bundan başqa, çətin və məsuliyyətli işləri də yekunlaşdırmaq lazımdır ki, bayramdan sonra dilxorçuluq yaranmasın. 

2. İstədiyiniz kimi dincəlin.

Bir çoxları bayramları səbirsizliklə gözlənilən məzuniyyət kimi yox, tənbəllik və bekarçılıq cəzası kimi qəbul edir. Təbii ki, belə vəziyyətdən sonra işə yorğun və üzgün qayıdan insan sadəcə stolun altına girib heç kimi görmək istəmir. Odur ki, işiniz sizə ikiqat katorqa cəzası kimi görünməsin deyə, tətili yaxşı keçirmək lazımdır. Ailəniz üçün vaxt ayırmağa imkan olmadıqda bu boşluğu doldurmaq olar - ailə üzvlərinizlə birlikdə qonaq otağına toplaşıb vaxtınızı maraqlı keçirin! Stolüstü oyunlar oynayın, birlikdə yeni əl işləri yaradın, söhbət edin, ailəvi şəkildə filmlərə baxın. Bir yerdə harasa getmək də olar. Axı uzun qış tətilləri ailə münasibətlərini yoluna qoymaq üçün əla imkandır! Özü də bu, yeganə imkan deyil. Əgər qış, soyuqlar sizə xoş gəlmirsə, isti ölkələrdən birinə səyahət edin. Qoy lap baha başa gəlsin, məgər bütün il uzunu azmı zəhmət çəkmisiniz? Əgər xaricə səfər etməyiniz heç cür alınmırsa, burada da dincəlmək olar. Sadəcə elə planlaşdırmaq lazımdır ki, darıxmağa imkan qalmasın.

3. Hərəkət planı tərtib edin.

Plan tərtib etmək - işin yaratdığı «zərərli təsirləri» azaltmağa kömək edən digər variantdır. Bunu bayramdan sonra ilk iş günü, yaxud həmin ərəfədə də etmək olar. Buraya iş ritminə qoşulmazdan əvvəl əl-qolun, bədənin açılması məqsədilə edilən hərəkətlər aiddir. Ən əsası vaciblilik səviyyəsi, həmçinin məzmununa görə işləri növlərə ayırmaqdır. Tətildən dərhal sonra fəallığın coşqunlaşacağını gözləmək və qalaq-qalaq işləri planlaşdırmaq olmaz. İmkan daxilində iş məcrasına qoşulmağa çalışın. Məhz bu yolla stress yükünü azaltmaq olar. Bir neçə gününüz fəallaşmağa sərf olunacaqsa, bu normaldır. Odur ki, birinci həftə üçün hər günə bir neçə vacib iş planlaşdırın və cədvəlinizi sadə məşğələlər hesabına yüngülləşdirin.

4. Adaptasiya 

Bir çox insanlar bayramı ailə çərçivəsində keçirir. Xüsusi olaraq kalorili qidalardan və mümkün içkilərdən hazırlanmış bayram menyusu, yaxın insanlarla ünsiyyət hər kəsi dincəlməyə, bütün problemləri unutmağa və beləcə, «passiv» həyat tərzinə uyğunlaşmağa məcbur edir. Razılaşın ki, daha xoş vaxt keçirməyə uyğunlaşmaq bayram sonrası depressiyanın başlıca səbəbidır. Yəni insan yalnız dinc həyat tərzinə adət edəndən sonra qarşıdan gələn tamamilə əks iş şəraitinə qayıtmağa məcbur olur. Bayram sonrası depressiya da məhz «həyata» belə kəskin qayıdışdan sonra yaranır. 

5. Rejim və yenə rejim!

Təəccüblü deyil ki, bayram günlərində hərgünki adi rejim normadan çıxır. Çünki bəzən axşam qonaqlıqları və yaxınlarla görüşlər gecə yarısına qədər davam edir. Ona görə də, tətildən sonra işə gecikməmək üçün tətilinizin son günləri özünüzü eyni saatda yatmağa və yuxudan oyanmağa məcbur edin. 

6. Qidalanma 

Yenidən işə qayıtmaq ərəfəsində müəyyən pəhrizə riayət edin. Unutmayın ki, nəfsi saxlama pəhrizin əsasını təşkil edir. Artıq bundan sonra orqanizmi kalorili qidalarla «yükləməyinə» dəyməz. Odur ki, yaşıl çayla limon, yaxud bir qaşıq bal və yaxud ağartı məhsulları - tonus üçün sizə lazım olan qidalardır. 

7. Keçmişi xatırlamaq

Psixoloqlar məsləhət görürlər ki, bayram tətillərindən sonra işə yaxşı əhvalda qayıtmaq üçün ötüb-keçən ildə qazanılan uğurları xatırlamaq müsbət nəticə verir. Axı xoş xatirələr insana müsbət enerji verir və onu yeni qələbələrə həvəsləndirir. Belə xatirələr iş prosesində motivasiya da yarada bilir. Yadda saxlayın: bayram tətillərindən sonra ilk iş gününüz tələsməklə başlayacaq. Ona görə ofisə gələndə işlərin hamısına birdən başlamaq lazım deyil. Həmkarlarınızla söhbət etmək üçün vaxt ayırmaqdan qorxmayın. Əksinə, təəssüratlarınızı danışın, öz sözlərinizin təsirindən müsbət emosiyalarla yüklənin. 

8. İş problemlərini ofis yaxud idarədə saxlamağı öyrənin.

Sadə səslənir, amma çoxları bunu bacarmır. İş və şəxsi məsələlər bir-birinə qarışan zaman bayramlardan sonra işə qayıtmaq ağır olur. Ona görə də işə aid problemləri ofisdə qoyub çıxmağı öyrənin. Bundan ötrü «mən işçiyəm» rolundan çıxıb «mən evdaram» roluna girmək yaxşı olar. 

 

ŞƏRH YAZIN