Əsl sevgi hekayəti: bir yaşayıb, bir öldülər

0
3245
 Əsl sevgi hekayəti: bir yaşayıb, bir öldülər

"Siz çox gözəlsiniz, xanım... Sizin kimi xanımla yaşamaq cənnəti bu dünyada görmək olardı".
 
23 yaşlı gəncin 22 yaşlı xanıma dedikləri bu sözlər səmimi idi.

"Knowlesville Hotel" oteli, 60 il əvvəl. Onlar tanış oldular.
Sonra əsla ayrılmadılar, həyatlarını bir yaşadılar.


Edvard və Floren Heyllər... 60 il əvvəl evlənmiş bu insanları ölüm də ayıra bilmədi.
82 yaşlı Floren Heyl fevralın 7-də Nyu-Yorkun Bataviya səmtindəki hospitalda dünyasını dəyişdi. Onun əri, 83 yaşlı Edvard Heyl isə xanımından sonra vur-tut 36 saat yaşaya bildi.
 

Edvard Heyl Bataviyadan 43 km aralıdakı xəstəxanada idi. Lakin xanımı Florenin vəziyyətinin çox ağırlaşdığını eşidən kimi onun yanına aparılmasını istədi.
 

Onu Florenin yatdığı palataya yerləşdirdilər və güclə nəfəs alan Edvard sağa dönərək xanımına baxdı. Titrəyən əlini Florenə uzatdı və onun əlindən tutdu. Floren dünyasını dəyişməzdən az öncə özünə gəldi və gözlərini açanda ərini yanında gördü. "Bilirdim ki, gələcəksən. Səni gözləyirdim... Məni tək qoyma, Edvard..." deyən Floren gözlərini yumdu. Əbədi.
 
 
"Atam anamı çox sevirdi. Həmişə deyərdi ki, Tanrının ona ən böyük lütfü anamla tanış olması və evlənməsi idi. Bir yaşadılar, bir öldülər", - Edvard və Floren Heylin qızları Rene Hirş deyib.
 
 
Əlil arabasına məhkum Edvard Heyl ötən ay kəskin böyrək çatışmazlığı diaqnozu ilə Nyu-Yorkun Roçester səmtindəki hospitala yerləşdirilmişdi. Fevralın 4-də isə onun xanımı Floren Heyl ərinin yatdığı hospitaldan 43 km aralıdakı Bataviyada yerləşən "United Methodist Medical Center" klinikasına yerləşdirildi.
 
 
Floren Heyldə kəskin ürək-damar çatışmazlığı aşkarlanmışdı. 83 yaşlı Edvard arvadının xəstəxanaya aparılmasından xəbərsizdi. Floren də ərinin vəziyyətinin çox ağır olduğunu bilmirdi. Amma günlərin birində Edvard Heyl qızına dedi: "Yuxuda Floreni gördüm. Məni çağırırdı. "Gecikmə, gəl! Dərhal gəl!" deyirdi. Məni onun yanına aparın. Yalvarıram, Florenin yanına aparın".
 
 
... Edvardla Floren 60 il əvvəl tanış olmuşdular - oteldəki ziyafətdə.
Gənc mühəndis Edvard qarşısında Floreni görəndə ilk baxışdaca qadına vurulmuşdu.
 
 
Floreni isə rəfiqələri az qala güclə evdən çıxarmışdılar. Həmin ziyafətdən bir ay əvvəl Florenin əri avtomobil qəzasında ölmüşdü və qadın cəmi üç ay çəkən ailə həyatından sonra dul qalmışdı. Daha sonra Edvard Florenin valideynlərinin evinə elçiliyə yollandı. O, "Qızımız ərini itirib, ağır psixoloji durumdadır, hələ özünə gəlməyib" cavabını eşidəndə demişdi: "Həyatımın sonunadək, son nəfəsimədək Florenin qayğısına qalacağam..."
 
1953-cü ilin mayın 12-də onlar evləndilər və Nyu-Yorkun Bataviya səmtində, Edvardın evində yaşamağa başladılar. Bu nikahda Rene və Rikki doğuldu.
 
 
"Atam anamı, anam da atamı çox sevirdi. Anam telefon şirkətində operator işləyirdi və atam həmişə ona nahar aparardı. Qışda isə anamın maşınının qarını təmizləyir, onu işə salıb qızdırırdı. Buna görə qonşular atama "Şaxta baba" deyərdilər. Anam da atamı dəlicəsinə sevirdi. Bir dəfə bibim zarafatla soruşdu ki, "Floren, birdən Edvard xəstələndi, nə edərsən?". Anam susdu, sonra söylədi: "Tanrıya yalvarıram ki, məni Edvarddan əvvəl aparsın, ona qıymasın". Onlar bir-birlərinə aşiqdilər", - Rene Hirş bildirib.
 
Floren Heylin oranizmi zəifdi və onda astmadan tutmuş, ürək çatışmazlığına qədər xəstəliklər aşkarlanmışdı. Bu ayın əvvəlində vəziyyəti qəflətən pisləşəndə hospitala aparılan Floren Heyl müayinə olundu. Həkimlərin dediklərinə görə, qadının ağciyərlərinə maye dolmuşdu və üstəlik, onda kəskin ürək-damar çatışmazlığı vardı.
 
Bir qədər sonra isə Edvard Heyldə böyrək çatışmazlığı aşkarlandı. "Bizə bir gündə iki ölüm hökmünü təqdim etdilər. Anladıq ki, Florenlə Edvardın həyatları artıq qürub edir", - Florenin bacısı Marlen Dekarlo deyib. 

 

ŞƏRH YAZIN