Bu Bəhanələri Unudun!

0
1645
Bu Bəhanələri Unudun!

Bəzən münasibətlər evliliyə doğru gedərkən hər şey bitir. Ayrılığın bir müddət sonra fərqinə varırıq və günlər getdikcə ağırlaşıb gah əlimizi, gah da ağlımızı "başdan alır", bizə bəzi istəmədiyimiz şeyləri etdirir. Görəsən necədir? Yeni biri varmı? Mənsiz daha mı yaxşıdır? sualları beynimizdə fırlanır və hansısa bəhanəylə ona yazmağa başlayırıq. Sözümüzün canı var, dostlar. Mövzumuz elə bu bəhanələrdir. Ən çox rast gəlinən bəhanələri sizə təqdim edirəm:

Yuxumda səni görmüşəm
Bu mesajı yazıb ondan: “Aaa yazıq məni yuxusunda görüb, tez qayıdım ona” – deməyini gözləyirsiniz? Qarşındakının da: “Sanki bir ildə hər gün görüb dağı dağ üstünə qoydun, qaldı yuxuda görməyin” – cavabını yazmağı nə yerinə düşərdi!

Eşitdim arxamca danışmısan
Yəqin bunu məktəb vaxtlarında istifadə etmisiniz, bu bəhanəni gətirmək uşaqlara xasdır. Bunu yaşı 25-i keçmiş, karyerasında irəliləmiş ciddi bir adama yazmaq hər halda ayrılığın bütün yaşlarda elə ayrılıq olduğunun sübutudur. 

Əşyaların məndə qalıb
Ən çox istifadə olunan taktika yəqin budur. Onun köhnə, heç üzünə baxmadığı alışqanı belə görüşməyə səbəb olur.

Xəstəxanadayam
Bu intihar tamaşaları bitmədi? Yaxşı deyək ki, pis olmusuz, xəstəxanaya aparıblar, "şişirib –intihar edirdim deməyin" nə mənası var? İntihara görə qayıdırsa, qayıtmasa ondan yaxşıdır. Çünki qarşındakını bundan sonra həmişə aciz, cılız görəcək. Sizə lazımdır bu?

Xəbərlərdə adını gördüm
Zəng vurub: “Xəbərlərdə adını gördüm, qəza olub, çox qorxdum” – deyib ağlamağa başlamaq… Hətta balaca ad oxşarlığından da görüşmə, zəng vurma səbəbi kimi istifadə etməyə "afərin" düşür! Amma heyf, qayıtmağa heç bir bəhanə kömək etmir. 

Peşə qəzaları
Məsələn, sevgiliniz vəkildir, zəng vurub: “Qonşumuz deyirdi tanış vəkil varsa denən, mən də səni dedim”, keçmiş sevgiliniz həkim olubsa daha rahat: “Bacımın qızının qayınatasının qardaşının barmağına tikan batıb, nə edək?”– bəhanələrindən bolsunuz.   

Səhv mesaj
“Zeynəb, filan yerdəyik, nə vaxt gəlirsən?” tipli mesajları – adı Murad  olan adama necə göndərmək olar? Baş hərfləri eyni olsaydı, dərd yarı. Əslində bu mesajın məqsədi “Əylənirəm, ölmədim, yaşayıram, qısqan məni”dir.

Dost sevgisi
Münasibətləriniz vaxtı sevgilinizin zəhləniz gedən dostları indi sizə necə sevimli görünür! Axı onlar indi köhnə sevgilinizlə görüşmək, onun haqda məlumat almaq üçün ən yaxşı vasitədir.

Xüsusi günləri xatırlama
“Vecimə deyilsən, amma sənsən də, az-çox birlikdə sevgi yaşamışıq, ad günün mübarək!” tipli mesaj göndərməmiş olmazsınız. Hər bayramda–uşaqlar günü, hərbiçilər günü, gənclər günü, nənələr günü, babalar günündə o qədər zəng vurub bezdirirsiniz ki, axırda yazıq köhnə sevgili də nömrəsini dəyişmək məcburiyyətində qalır!

Ən əsası bunu bilin ki, bu taktikaların heç biri işə yaramır. Kim qayıtmaq istəyirsə, bəhanə gözləmir onsuz. Sadəcə səbr edib gözləmək lazımdır. Gəlməsə də, canınız sağ olsun. Yeni dənizlərə yelkən açmağın bəlkə də vaxtıdır!
 
 
 
Korrektor:Əhmədova Sevinc

ŞƏRH YAZIN