Çay Haqqında Qədim Rəvayət

0
4372
Çay Haqqında Qədim Rəvayət

ÇAY NECƏ KƏŞF OLUNDU?

Əgər bu rəvayəti əsas götürsək, çayın eradan əvvəl 2737-ci ildə Çin imperatoru Şen Nunq tərəfindən kəşf edildiyini deyə bilərik... 

Bir gün Şen Nunq öz bağında su qaynadarkən içinə koldan bir neçə yarpaq düşür. Nunq yarpaqları götürmədən suyu qaynatmaqda davam edir. Ətrafa xoş bir ətir yayılmağa başlayır. İmperator maraq göstərib suyun dadına baxır və beləcə, çay kəşf edilmiş olur. Çayın adı da elə Çin dilindəki “ça” sözündən gəlir. Ona ruslar (təbii ki, elə biz özümüz də) “çay”, ərəblər “çaye”, yaponlar isə “ça” deyirlər.

Çayın Avropaya ayaq açması isə 1610-cu ilə təsadüf edir. Halbuki o vaxtlar çay Orta Asiyada o qədər qiymətli idi ki, ticarətdə çox vaxt pul əvəzinə, çaydan istifadə edirdilər. Avropaya gəldiyi ilk vaxtlarda tacirlər çayı qızdırmanı salan, mədə ağrısını kəsən, revmatizmin qarşısını alan vasitə kimi təqdim etməyə başladılar. Həkimlər isə bir az da irəli gedərək, çaydan hazırlanan iksirin bütün xəstəliklərə qarşı müqavimət yaratdığını və qocalmanın qarşısını aldığını deyirdilər. Zaman keçdikcə çayın əleyhinə də fikirlər yayılmağa başladı. Məsələn, fransız fiziklər çayı əsrin ən mənasız yeniliyi adlandırır, alman həkimlər isə 40 yaşdan sonra çay içənlərin daha tez öldüklərini iddia edirdilər. Hətta İngiltərədə qadın jurnalları evdar qadınların çayın ucbatından ev işlərinə soyumağa başladıqlarını yazırdılar. Ancaq bunların heç biri çayın dünyanın ən sevilən içkisi olmasının qarşısını ala bilmədi.

Çayın geniş yayılmasının bir səbəbi də Tomas Sallivanın paket çayı icad etməsi oldu. Belə ki, çay və qəhvə ticarəti ilə məşğul olan Sallivan müştərilərinə tez-tez çay nümunələri göndərirdi. Əvvəllər bu iş üçün tənəkə qutulardan istifadə edən Sallivan sonralar əldə tikilmiş ipək torbaların daha əlverişli və ucuz olduğunu gördü. Çox keçməmiş sifarişlər artmağa başladı. İş o yerə çatdı ki, müştərilərin çoxu artıq adi çaylara deyil, torba içərisindəki nümunə çaylara üstünlük verirdilər. Beləliklə, torba içərisində istehsal edilən çayın miqdarı adi çay istehsalının yarısını təşkil etməyə başladı. Bu gün isə 5000 illik tarixi olan çayın illik istehsalı iki milyon tondan çoxdur.

Korrektə edən:Ayna Salmanlı

ŞƏRH YAZIN