Sizin Temperament Tipiniz Hansıdır?

0
3466
Sizin Temperament Tipiniz Hansıdır?

"Temperament" sözü latın dilindən tərcümədə "hisslərin qarşılıqlı nisbəti" anlamına gəlir. Yunan həkimi Hippоkrat (V-IV əsr) tətbiq edib. Temperament dedikdə о, insanın həm fərdi anоtоmik-fiziоlоji, həm də psiхоlоji хüsusiyyətlərini nəzərdə tutub. Temperament tiplərinə Hippokratın verdiyi sanqvinik, хоlerik, fleqmatik və melanхоlik adları ilə müasir psiхоlоgiya indi də işlənilməkdədir.

İnsanlar psixi fəaliyyətin dinamik xarakteristikasına görə bir-birindən fərqlənirlər. Temperamentin tipləri:

Sanqvinik
Bu cür adamlar yüksək reaktivliyə malik olurlar. Aktivliklə reaktivlik müvazinətdə olur. Diqqətini cəlb edən hər şeyə canlı reaksiya verir. Mimikaları və hərəkətləri canlı və ifadəlidir. Yüksək fəallığa malik olduğuna görə çox işgüzar olur, hər bir yeni işə dərhal girişir, həmişə birinci olmağa çalışır, yorulmadan uzun müddət işləyə bilir. Sanqviniklər həddən artıq qayda-qanunlara əməl edən olur. Sürətli hərəkətə, çevik təfəkkürə, sürətli nitq tempinə malik olurlar. Onlarda plastiklik yüksək olur. Hissləri asanlıqla bir-birini əvəz edə bilir. Düşdüyü yeni şəraitə asanlıqla alışır. Rast gəldikləri adamlarla asanlıqla ünsiyyətə girə bilirlər. Onlarda ekstravertlik yüksək olur.

Xolerik
Sanqviniklərdə olduğu kimi xoleriklərdə də senzitivlik aşağı,reaktivlik və aktivlik yüksək olur. Lakin xoleriklərdə reaktivlik aktivliyi üstünlük təşkil edir. Ona görə də xoleriklər həddən artıq hövsələsiz, tez özlərindən çıxan olurlar. Onlarda plastiklik zəif, rigidlik yüksək olur. Onlarda öz maraqlarını həyata keçirməyə yüksək cəhd, inadkarlıq, dözümlülük mövcud olur. Başladıqları işi axıra qədər yerinə yetirməyə meyilli olurlar. Diqqətlərini keçirməkdə çətinlik çəkirlər. Ekstravertlik yüksəkdir. Müvazinətsiz olurlar.

Fleqmatik
Özlərini hər yerdə sakit aparırlar. Həddindən artıq soyuqqanlıdırlar,qaradinməzdirlər. Uğursuzluğa məruz qaldıqda buna əhəmiyyət vermirlər. İşə dərhal girişmirlər, lakin başladıqları işi axıra qədər yerinə yetirirlər. Onlarda plastiklik aşağı, rigidlik yüksək olur. Mimikaları kasıb, ifadəsiz olur. Diqqətlərini çətinliklə keçirə bilirlər, yeni şəraitə çətinliklə alışırlar. Fleqmatiklərdə daxili əks olunma yüksək olur. Təkliyi sevirlər. Vərdiş və adətlərini olduqca ləng dəyişə bilirlər. Bunlarla yanaşı,olduqca işgüzar olurlar. Dözümlü və özlərini ələ ala biləndirlər. Onların asanlıqla özlərindən çıxması halları olmur. Yeni adamlara çətin alışırlar.

Melanxolik
Onlarda senzitivlik, həssaslıq həddindən artıq yüksək olur. Kiçik bir işdən, hərəkətdən dərindən təsirlənirlər. Hədsiz dərəcədə küsəyəndirlər. Mimika və hərəkətləri dərin və ifadəli deyil. Səsləri zəif, hərəkətləri süstdür. Onlarda özlərinə inam hədsiz dərəcədə aşağı olur. Kiçik uğursuzluq onlarda dərin, bəzən ciddi əhval pozğunluğu yaradır. Həmişə başqalarının onların halına yanmalarını gözləyirlər. Həddindən artıq təkliyə qapanırlar. Tez ruhdan düşür, bəzən gücü çatan işi belə axıra qədər yerinə yetirmirlər. İntrovertlik yüksək olur.

Sanqvinik – mimika, hərəkət və kifayət qədər aktivliyi ilə seçilir. Fikrini bir yerə cəmləməyi bacarır, yeniliyə asanlıqla uyğunlaşır, həmçinin bacarıqlı olur. Hisslərin, əhvalın, məqsədin dəyişkənliyi ona xasdır. Ünsiyyətcildir, insanlarla əlaqəyə tez girir, mühit dəyişkənliyinə və istənilən vəziyyətə tez uyğunlaşır.

Xolerik də aktivliyi ilə fərqlənir. O, səbrsiz, özündən tez çıxandır. Məqsəd və maraqları qətidir, diqqətin yönəlməsində çətinlikləri olur, mühit dəyişkənliyinə isə rahat uyğunlaşır.

Fleqmatik – mimikası, hərəkəti, hətta nitqi də nəzər cəlb etməyəndir. Hisslərinə təsir etmək çətindir. Demək olar ki, həmişə sakit və təmkinlidir. Diqqətini çətinliklə cəmləyir, vərdişlərini gec dəyişir, yeniliyə can atmır, mühit dəyişkənliyi onluq deyil, ünsiyyətə gec girir, lakin enerjili və işgüzardır.

Melanxolik – hissiyatlı və küsəyəndir. Diqqəti dəyişkəndir, mimikası nəzər cəlb etmir. Melanxolik utancaq və qərarsızdır. Bununla yanaşı,gündəlik həyatda (adət etdiyi şəraitdə) kifayət qədər uğurlu və özünə əmindir. 

Reallıqda sanqvinik və melanxoliklərə daha çox rast gəlinir. Ümumiyyətlə,müəyyən temperamentə məxsus insanlar azdır, əksər hallarda qarışıq tiplərə rast gəlinir.
 
 
 
 
Korrektor:Əhmədova Sevinc

ŞƏRH YAZIN