Hər Davranışın Altında Yaxşı Bir Niyyət Yatar

0
2272
Hər Davranışın Altında Yaxşı Bir Niyyət Yatar

Tərəflərimizdən danışacağıq. Amma ilk öncə, davranışlardan. Unutmayın, hər davranışın altında müsbət bir niyyət yatar.


Bütün davranışlarımız bizim bu ya da digər tərəfimizin əlamətidir; əslində bir tərəfimizin varlığının onun davranışlarıyla fərqinə varırıq.

Davranışlar; addımlar, düşüncələr, işarələr və hərəkətlər deməkdir; niyyətlə eyni şey deyil. Niyyət hər zaman bir davranışla nəticələnməz, amma bütün davranışlar bir niyyətin nəticəsidir.

Davranışınız bir tərəfinizin, bir yanınızın, bir istiqamətinizin sizinlə ünsiyyət qurmağa çalışmasıdır. Amma o tərəfinizin gerçək niyyəti xaricə vurulandan çox fərqli ola bilər.

Deyək ki, körpəsi olan bir dostunuzla birlikdə gedirsiniz; qarşı səkidə köhnə bir məktəb yoldaşınızı görüb ona səslədiniz, körpə oyanıb ağlamağa başladı.

Niyyətiniz əlbəttə, körpəni oyatmaq deyildi. Tək istəyiniz ibtidai məktəbdən bəri görmədiyiniz birinin diqqətini üzərinizə çəkməkdir. Körpənin ağlamasına səbəb olmağınıza qarşı davranışınız yaxşı bir niyyət ehtiva edirdi. Qarşı səkidəki insan məktəb yoldaşınız deyil də, bir başqası belə olsa, niyyətiniz yenə də müsbət idi.

Davranışla niyyəti bir-birindən ayırmaq lazımdır.

Məsələn,

Bazar günü səhəri. Erkəndən telefon çalır, cavab verirsiniz. Bir səs, "Səbinəylə danışa bilərəmmi?' deyir.

"Səbinə mənəm, buyurun. Kim axtarır?"

"Mənim adım Sənandır. Sizi filan Sağlamlıq Sığortası adına ... "

Güm! Telefonu bağlayırsınız. Kobudluq; daha əvvəl heç belə etməmişdiniz - qismən zəng edənə əsəbləşərək, qismən də öz davranışınıza təəccüblənərək başınızı sallayırsınız. Özünüzü kobud bir şəxsiyyət olaraq görməyə adət etməmisiniz.

Hay Allah! Birdən-birə daha əvvəl fərqində olmadığınız bir tərəfiniz bir bazar səhəri, saat 8: 45-də özünü sizə göstərdi. Bu Əsəbi Səbinədir - Səbinənin səhər səhər narahat edilməsini istəməyən və onun yuxusunu qorumaq istəyən tərəfi.

Davranış: Telefonu kobudca bağlamaq

Niyyət: Yuxudan qorumaq

Ya da başqa bir davranışdan danışaq: İçinizdən bir səs sizə "Kifayət qədər ağıllı deyiləm" deyib durur. Bu sizi daha çox işə, daha artıq dərslər almağa, daha çox oxumağa istiqamətləndirməyə çalışan bir tərəfinizin səsi ola bilər. Niyyəti sizin mümkün qədər yaxşı olmağınızı, uğur qazanmağınızı təmin etməkdir.

Davranış: "Kifayət qədər ağıllı deyiləm."

Niyyət: Müvəffəqiyyətə istiqamətləndirmə.

İstər xarici davranışlar (hərəkətlər) istərsə daxili davranışlar (düşüncələr) olsun, davranışın niyyətdən ayrı olmadığını ağıldan çıxarmayın. İkisi birlikdə bir bütün meydana gətirər. Niyyət hər zaman fərq etməsəniz belə, müsbətdir. Fərqində olduğunuz tək şey davranışdır ki, heç də müsbət olmaya bilər -amma əslində bunun tamamilə tərsi də doğru ola bilər. Davranışın özünü ifadəsi (öz özünüzə kifayət qədər ağıllı olmadığınızı söyləməyiniz, telefonu çat deyə bağlamaq, qarşı səkidəkinə səslənməyiniz) ünsiyyət quran tərəfinizi təmsil edər; onun varlığından da belə xəbərdar olarsınız. Davranışın nəticəsi isə, niyyətdən çox fərqlidir.

Davranış: Bir zəifləmə mütəxəssisi olan otuz yaşlarındakı Şenay subaydır, yalnız yaşayar və biriylə mənalı bir əlaqə qurmaq istəyər. Öz-özünə heç də seviləsi biri olmadığını söyləyər. (Öz özünə söylədiyi bu sözlər bir əlaqə qurmasına mane olar.)

Niyyət: Özünə seviləsi biri olmadığını söyləyən tərəfi əslində, onu xəyal qırıqlığına qarşı qoruyur - bu da, onun biriylə yaxınlaşıb sonradan tərk edilməsinə imkan vermir. Bu tərəfinin niyyəti onu tərk edilməyə qarşı qorumaqdır.

Davranış: Müdir işçilərindən birinə kifayət qədər işləmədiyini, şirkət üçün əlindən gələni etmədiyini söyləyir. Məmur dəyərinin bilinmədiyini düşünərək üzülər.)

Niyyət: Müdir şirkətin maliyyə cəhətdən daha da güclənməsini və işçinin daha şövqlü olmasını təmin etməyə çalışır. Beləcə işçi də işindən daha çox zövq alacaq, daha məhsuldar olacaq.

İnsanlararası davranışlarda (insanın öz tərəfləri arasında deyil də insanlar arasında) biri o birinə qarşı yaxşı niyyət bəsləyə və onu gücləndirib dəstəkləyəcək müsbət bir mesaj verməyə çalışa bilər. Amma bunu etmə forması mesajın yerinə çatmasına maneə törədə bilər, hətta reaksiya belə oyandıra bilər.

Eyni şey sizin içinizdə də ola bilər. Bir tərəfiniz şəxsi şərəfinizə qatılıb özünüzü daha yaxşı hiss etməyiniz üçün sizi hərəkətə keçirmək istəyər. Ya da bu tərəfiniz sizi inciyəcəyiniz hər hansı bir vəziyyətdən qorumaq istəyir. (Müsbət niyyət; hərəkətə keçirmək ya da qorumaqdır.) Amma bunun şüurunda deyilsiniz. Tək fərq etdiyiniz şey, xoşlanmadığınız bəlkə də nifrət etdiyiniz bir şeyin sizdə mövcud olduğudur.

Ən pis olduğunu sandığınız tərəfinizi düşünün: utanc duyduğunuz, nəzarət edə bilmədiyiniz, qəbul etmədiyiniz, səhv olduğunu bildiyiniz bir tərəfinizi. Siqaret çəkmək, uşaqlara sərt davranmaq, evin hər tərəfini dağıtmaq, sizə duyulan etibarı sarsıtmaq, həddindən artıq spirtli içki içmək - bu pis davranışların hamısının, davranışın özünün xaricində bir funksiyası və ya niyyəti var.
Bunun bir ziddiyyət kimi göründüyünü bilirəm: Səhv bir şey edirsinizsə, bunun sizin üçün necə yaxşı bir yanı ola bilər? (Cole Porterin bir mahnısı var: "Bu mənim üçün o qədər yaxşıdır ki, amma əslində pisdir.") Əgər biri çox içki içirsə, bu davranışın altındakı yaxşı niyyət nə ola bilər?

Bir çox ehtimal var. İçki bu adamı rahatlaşdırır, bəlkə həddindən artıq gərginliyini bir az azaldır ya da bezdirici iş şərtlərini və ya pul problemlərini, xəstəliklərini, böhranını, yaxasını buraxmayan daxili çətinliyini unudub qısa bir müddət xoşbəxt olmasını təmin edə bilər. Bəlkə də, spirtə olan bu həddindən artıq asılılıq o adama xüsusilə pis bir dövründə güc verir. Tanıdığım bir qadın xərçəng üzündən ağrılar içində ölmək üzrəykən içkiyə qurşandı; hər axşam başına çəkirdi. İçki qadının rahatlamasına köməkçi olurdu. Hər şeyi unudub gecələri dərin bir yuxuya dalır və səhərə qədər aramsız yatıb, ertəsi gün xəstəxanaya gedirdi. Buradakı yaxşı niyyət içkinin özünü bu çox çətin dövrdə "mehriban bir ana kimi" qucaqlamasıydı.

İçkinin əlbəttə, dağıdıcı təsirləri ola bilər və bu, əsasən doğrudur (xüsusilə başqaları üçün), amma içən adam üçün müsbət bir niyyət ya da funksiya ola bilər. Burada yaxşı niyyət olduğunu qəbul etmək, bu pis vərdişi xoş görmək və ya dəstəkləmək onu üzrlü görmək mənasını verməz. (Burada mühakimə etmir, yalnız davranışların mənşəyinə enməyə çalışırıq.) Etməyə çalışdığımız yalnız söz mövzusu olan tərəfin nəyi reallaşdırmaq istədiyini anlamaq və onunla ünsiyyətə keçməkdir. Müəyyən bir davranışdakı (bu vəziyyətdə içki içməkdi) niyyətin ya da funksiyanın, sözü gedən adam üçün nə olduğunu, o fərdin özəl həyatı və sahib olduğu tərəflər ailəsini müəyyən edir. Fərdin sayı nə qədərsə, bu suala verilə biləcək cavab sayı və ola biləcək niyyət sayı da bir o qədərdir. Həddindən artıq içki içən tərəfin niyyəti bəlkə də, o adamın dəli olmasına maneə törədir.

Xoşlamadığınız bir tərəfiniz varsa nə edə bilərsiniz? Bəziləri bundan xilas olmağa çalışır. Bu tərəfindən "nifrət" edər. Ya da onun varlığını yadırğayar. İnsanlar söz mövzusu tərəflərini görməməzlikdən gələr, ona qulaq verməz, onun varlığını bilməz kimi görünərlər - məhz üzünüzdə burnunuz yoxmuşcasına davranmaq kimi bir şey.

Amma onu görməməzlikdən gələrək yox edə bilməzsiniz. Başınızı quma basdıraraq ətrafınızdakı dünyanın yox olmasını təmin edə bilməzsiniz; bu yalnız sizi müvəqqəti olaraq kor edər. Davranışınızı yox saymaq onun qurbanı olmağınıza gətirib çıxarar. O tərəfinizin varlığını qəbul etməsəniz, heç şansınız qalmaz; heç bir dəyişiklik edə bilməzsiniz.

Xoş olmayan, gərəksiz və hətta amansız davranışlar olan - sizi ya da bir başqasını, sözləri və hərəkətləriylə yaralayan tərəfinizin varlığını qəbul etməklə işə başlamağınız gərəkdir, çünki onunla başa çıxa bilməyin və davranışı dəyişdirmənin başqa yolu yoxdur. O davranışdan xilas ola bilməzsiniz. Bu edilə bilsəydi, kimsənin həddindən artıq pis boğazlıq, özünü kiçik görmə (eyni mənfi şeyi təkrar təkrar içindən keçirmə) ya da bənzəri bir davranış vərdişi söz mövzusu olmazdı. Çoxumuz təcrübələrimizlə bilirik ki, tam davranışı dəyişdirməyə çalışmaq (məsələn pəhriz etmək) bir işə yaramaz. Ya da faydalı olsa belə, bu müvəqqəti bir müddət üçündür. Davranış ya geri gəlir ya da yerini ən az onun qədər pis bir başqa şeyə buraxar.

Özümüzü sorğulamalıyıq: Bu (istənməyən) davranış mənə nələr edir? Niyyəti nədir? Əks halda davranış sürüb gedər.
 
İş yerimin altını üstünə gətirməyimin mənə nə faydası var? Ya da uşaqlarıma qışqırıb bağırmağın? Bunu hər etdikdə günahkarlıq hiss edər, öz özünüzə bir daha etməməyə söz verirsiniz. Amma əlbəttə bunun faydası olmaz; özünüzü tutmağa çalışdıqca daha çox bağırarsınız. Və sonunda bu davranışınızdan nifrət etməyə başlayar, bu tərəfinizə çox hirslənər, ondan xilas olmaq istəyərsiniz. Qısa müddətdə bu, özünüzdən nifrət etməyinizlə nəticələnər. Amma buradakı niyyəti başa düşsəniz, məsələn, bəlkə bu onlara vurmağınızı əngəlləyir, bəlkə onları daha yaxşıya istiqamətləndirmək üçündür; hər nə olursa olsun, davranışınızı altında bir yaxşı niyyət yatır - o zaman bu tərəfinizi anlamağa, ona hörmət etməyə və onunla ünsiyyət qurmağa başlarsınız. Davranışınızı ancaq bundan sonra dəyişdirməyə başlaya bilərsiniz.

İnsanlar "Etdiyim bu şeydən nifrət edirəm." deyərlər, "Mənə bir işə yaramadığımı, müvəffəqiyyətli ola bilməyəcəyimi, başladığım işi bitirə bilməyəcəyimi söyləyib duran bu tərəfimdən nifrət edirəm - bundan qurtarmaq istəyirəm."

Bu duyğularını - öz özlərinə, bir terapistə ya da hər hansı bir adama açıqladıqları zaman bəlkə də illərdir bu tərəflərindən '"xilas olub", onu öldürmək istəyirlər. Bunu çox dəfə sınayıblar. Bacara bilməyiblər, bir arpa boyu da olsa yol ala bilməyiblər. İstənməyən davranış varlığını davam etdirib və əksəriyyətdə daha da güclənibdir.

İnsan ancaq özünə aid bir tərəfini öldürməyin qeyri-mümkünlüyünü anlayınca problemə konstruktiv şəkildə və ünsiyyət içində yaxınlaşa bilər. Problemdən xilas olmaq yerinə, onun niyə var olduğunu anlamağa diqqət cəmlənər, davranışı niyyətdən ayırar.

ŞƏRH YAZIN