Özünüzü Sevginin Gözlərindən Görün!

0
2627
Özünüzü Sevginin Gözlərindən Görün!

 Özünədəyər nədir? Özünədəyər insanın bütün təcrübələrinə, həyatına təsir edən, özü haqqındakı obyektiv və müsbət təəssürat kimi ifadə oluna bilər. Bu olduqca uzun və geniş bir ifadədir amma bütün psixoloqlar, məsləhətçilər, motivatorlar, müvəffəqiyyətli iş adamları  və iş qadınları, psixiatrlar və zehni sağlamlıq mütəxəssisləri özünədəyərin zehni dinclik və fərdi məmnuniyyət üçün şərt olduğu ilə bağlı həmfikirdirlər.

Təbii ki, nə qədər çox özünədəyər hissiniz varsa, həyatınız o qədər gözəl olar. Müsbət özünədəyər sizin özünüz haqqında yaxşı hiss etməyinizi, özünüzü həqiqətən təqdir etməyinizi təmin edən, bütün həyatınızı əhatə edən bir davranışdır. Sizə özünüzü güvəndə hiss etmək və dəyişməyə başlamaq üçün psixoloji güc hissini verə bilər. Qarşınıza çıxan yeni çətinlikləri həll etmək, həyatınızın araşdırılmayan bölgələrinə cəsarətlə baxmaq və bütün həyatınıza fərqli bir istiqamət vermək üçün enerji verir.

Bir an dayanın və həyatınızın özünüz haqqında yaxşı şeylər hiss etdiyiniz bir zamanına dönün. Yaxın zamanda və ya keçmişdə olması fərq etməz. Həyatınızdakı o zamana geri dönün və o zaman gördüyünüzü görün, eşitdiyinizi eşidin, hiss etdiyinizi hiss edin. O zamanlar nə qədər yaxşı hiss etdiyinizi və bu dəqiqə yalnız onu düşünərək belə, nə qədər yaxşı hiss etdiyinizi fərq edin. 

Sual budur: Sizin onu seçməyinizə mane olan nədir? Sizin yüksək bir özünədəyər hissini yaşamağınıza maneə törədən şey nədir? Bir çox insan onu yaratmağın müəyyən addımlarını bilmədikləri üçün onu seçməzlər, seçə bilməzlər.

Bütün fərdi inkişaf mütəxəssislərinin özünədəyərin önəmi mövzusunda həmfikir olmalarına baxmayaraq, həqiqətdə sadəcə bir neçəsi ona necə çata biləcəyimizi öyrədir. Hər kəs özünədəyər hissindən danışar amma heç kim bizə ona çatmağın təsirli yollarından danışmaz. 

Neyro Linqvistik Proqramlaşdırmanın (NLP) məhz özünədəyərlə bağlı texnikası mövcuddur. NLP ilə özünədəyər hissinə güclü şəkildə təsir göstərən addımları asanlıqla öyrənə bilərsiniz və bu da sizin fərdi müvəffəqiyyət səviyyənizə təsir edə bilər.

"Avtobioqrafiya" adı verilən aşağıdakı çalışma Lesli Kemeron - Bendlerin "Həll yolları" adlı NLP kitabından götürülüb və sizə özünü  sevən birinin zəngin təcrübəsini qata bilər. Bu çalışmanı bir neçə yolla edə bilərsiniz amma bəziləri digərlərindən daha çox işə yarayar. 

Məsələn, bunun kafi olacağını düşünüb, onu öz-özünüzə bir dəfə oxuya bilərsiniz. Bu hər halda ən az təsirli üsuldur. Daha yaxşı bir yol ümumi proseduru əzbərləmək, narahat edilməyəcəyinizdən əmin olduğunuz bir yer və zaman seçmək, bütün tapşırığı da zehni olaraq xatırlamaqdır. Daha təsirli bir yol da tapşırığı öz səsinizlə oxumaq və nə zaman vaxtınız olsa proseduru təkrarlamaqdır. Bir başqa üsul və böyük ehtimalla ən yaxşı yol - güvəndiyiniz bir yoldaşınızın bu tapşırığı sizə oxumasıdır. O, fasilələrlə sizin hər addımı tamamlamağınıza icazə verməli, bitirdiyiniz zaman işarə etdiyinizdə qaldığı yerdən davam etməli, onu sizə yüksək səslə oxumalıdır. Bitirdiyiniz zaman onu paylaşmaq üçün yanınızda etibar etdiyiniz birinin olduğunu bilərək, təcrübənin zövqünü yaşaya bilərsiniz.

NLP texnikası: "Avtobioqrafiya"

1. Tamamilə, rahatlayın. Bu çalışmaya davam etmək üçün rahat və səssiz bir yer tapın. Ən sevdiyiniz kürsüyə əyləşin. Bu çalışmanı uzanmaq yerinə dik oturaraq etmək daha yaxşıdır.

İstirahət zamanıdır. İndi .... nəfəs alın ... buraxın, bədəniniz rahatlasın. Yavaş-yavaş nəfəs alın ... və dərin ... və dolu dolu ... nəfəs alarkən bir səs çıxara bilərsiniz. Burun dəliklərinizin ayağınızın altında olduğunu düşün ... və aldığınız nəfəs ayaqlarınızdan yuxarı çıxıb ciyərinizi doldurur. Bədəninizi yaxşı, təzə hava ilə doldurur. Rahat, yavaş və dolu-dolu nəfəs alarkən özünüzü olduğunuz kimi təqdir etməyin necə bir şey olduğu haqqında düşün.

2. Sizi sevən birini düşünün. Bu əməliyyat başlamadan öncə, sizi sevdiyini bildiyiniz birini düşünün. Sizi sevdiyindən əmin olduğunuz, heç şübhə etmədiyiniz birini düşünün: bir dost, sevgili, ər, arvad, valideynlər, uşaq ya da hər kimsə. Əgər sizi sevdiyini bildiyiniz birini fikirləşə bilmirsinizsə, o zaman kömək etdiyiniz və sizə qarşı dərin bir hörmət bəslədiyini bildiyiniz birini düşünün. İstər sizi sevən biri olsun, istər sizə dərin hörmət bəsləyən biri fərq etməz, yetər ki, kim olduğunu bilin.

3. Avtobioqrafiyanızı yazın. İndi bir masanın başına oturmuş avtobioqrafiyanızı yazdığınızı düşünün. Diyircəkli qələm, mürəkkəb qələm və hətta, bəlkə də kompüter klaviaturası ilə yazırsınız. Bir şəkildə, avtobioqrafiyanızı yazır, həyatınızın hekayəsini kağıza və ya kompüterə köçürürsünüz. Avtobioqrafiyanızı yazarkən son dərəcə rahatsınız. İstifadə etdiyiniz masanı və kürsünü görə bilir, hiss edə bilirsiniz. Sizi sevdiyini bildiyiniz o insanı daha dəqiq və aydın düşünməyə başlayın.

4. Sizi sevdiyini bildiyiniz insanı görürsünüz. İndi avtobioqrafiyanızı yazdığınız otağın o biri tərəfində, şüşə qapıdan çöldə sizi sevdiyini bildiyiniz birinin olduğunu düşünün. Sizi sevdiyini ya da təqdir etdiyini bildiyiniz bu insanı görərkən, onun sizə baxdığını, sizə göz qoyduğunu fərq edirsiniz. Bu insanı və həyatınızdakı rolunu avtobioqrafiyanızda qeyd etməyə qərar verirsiniz. Tələsməyin və bu insanı, onunla əlaqədar nələr hiss etdiyinizi təsvir edin. Bütün bunları avtobioqrafiyaya yazırsınız. 

5. Özünüzü başqa bir baxış bucağından görürsünüz. İndi sizi sevdiyini bildiyiniz insanı təsvir etməyin necə bir hiss olduğunu bildiyinizə görə, özünüzə masanın başındakı bədəninizdən ayrılmaq və qapının digər tərəfinə keçmək üçün icazə verin və onun yanında olmağın necə bir hiss olduğunu fərq edin. Qapının o biri tərəfində olarkən, masa başında olan sizə bir az baxın. Bu şüşə qapıdan baxarkən, özünüzlə bağlı gerçək duyğuların fərqinə varırsınız. Özünü təqdir duyğusu hiss edə bilərsiniz, az və ya çox. Nə hiss edirsinizsə hiss edin, sadəcə bu təcrübəni qəbul edin.

6. Özünüzü sizi sevən birinin gözlərindən görürsünüz. İndi zərif və nəzakətli şəkildə, özünüzə sizi sevdiyini bildiyiniz insanın bədəninə süzülmə icazəsi verin. Bunu rahat və asan bir şəkildə etmək üçün nə qədər zamana ehtiyacınız varsa, o qədər özünüzə zaman tanıyın. Tamamilə sizi sevdiyini ya da dərin hörmət bəslədiyini bildiyin adamın vücudunda ikən, avtobioqrafiyanı yazan özünüzə o adamın gözlərindən baxın. Özünüzü sizi sevən birinin gözlərindən görün. Orada avtobioqrafiyanı yazarkən necə göründüyünüzü görün. Necə hərəkət etdiyinin, necə nəfəs alıb verdiyinin fərqinə varın. Baxdığınız zaman özünüzlə bağlı bəlkə də ilk dəfə fərqinə vardığınız xüsusiyyətlərinizi təqdir etmək üçün kifayət qədər vaxt ayırın. Sizi sevən birinin bədənində olduğunuza görə, özünüz haqqında deyilən və hiss edilən şeylərin də fərqinə varırsınız. Masa başında olan sizə baxdığınız zaman, duyduğunuz müsbət səs tonuna, təqdir edici düşüncələrə diqqət edin.

7. Öz baxış bucağınıza qayıdın. Sizi siz edən xüsusiyyətlərinizin tamamilə fərqinə vardığınız zaman, zərif və nəzakətli şəkildə masa başında oturub avtobioqrafiyanı yazan sizin bədəninizə qayıdın.

8. Təcrübəniz haqqında yazırsınız. İndi avtobioqrafiyanıza özünü sevgi ya da təqdir gözlərindən görərək, nələrin fərqinə vardığınızı orada qeyd edin. 

9. Gələcəyi düşünün. Bu təcrübəni avtobioqrafiyanıza yazarkən, gələcəyi düşünməyə başlaya bilərsiniz. Gələcəyinizdəki bütün yerləri və zamanları düşünürsünüz... sabah, sonrakı gün, həftələr, aylar, hətta indidən illər sonra, özünüzü sevgi gözlərindən görərək, xüsusi olduğunuzun fərqinə varın. Bu dünyada kim və nə olduğunuzu, təqdir etdiyiniz özəlliklərinizi xatırlayın və gözlərinizin önündə canlandırın. 

10. İndi isə, bu ana geri qayıdın. Sizə uyğun gələn sürətdə, getdikcə daha çox... tamamilə, buraya dönün. Bu anda olduğunuz zaman və məkana geri qayıdın. Özünüzü əvvəlkindən daha yaxşı hiss edirsiniz. Otaqdakı səsləri eşidirsiniz. Bədəninizdəki hisslərə də diqqət edə bilərsiniz. Bir anda gözlərinizi açıb, tam şüurlu fərqindəliyinizə dönərək, qollarınızı və ayaqlarınızı uzada bilərsiniz. Təkrar xoş gəldiniz.

11. Dəyişikliklərin fərqinə varın. İndi bir çox insanın ağlının kənarından keçməyən özünütəqdir hiss etmə şansınız olduğuna görə, rahatlayın. Daxili təmsillərinizin gözə çarpmayan və gözə çarpan tərzdə dəyişdiyini fərq etmək üçün bir az özünüzə zaman ayırın. İndi özünüzdə hansı dəyişikliklərin yarandığının fərqinə varın. Az öncə yaşadığınız təcrübə sizə özünüzü dəstəkləməyin və cəsarətləndirməyin ilk addımı olan dərin bir özünü təqdir etmə duyğusu ötürdü.

Bu NLP texnikasını yalnız bir dəfə istifadə etdikdən sonra belə özünüzü daha çox təqdir edə bilərsiniz. Bunu dəfələrlə təkrar etməyiniz hər səfərində sizə özünədəyər duyğusunu daha çox aşılamağa başlayacaqdır.

ŞƏRH YAZIN