Dəymədüşər Olmayın!

0
2731
Dəymədüşər Olmayın!

"Dəymədüşər olmaq" ifadəsi yəqin hər birinizə tanışdır. Bu ifadə adətən tez inciyib küsənlər üçün deyilir. Amma bəzən bu xasiyyət həyatımızı korlaya bilir və enerjimizi azaldır. Siz də tez inciyir və küsürsünüzsə bu yazımız sizə aiddir.

Əhvalımızı korlayır.

İnsanlar arasındakı münasibətləri korlayır. Bu zaman sizin münaqişənizdə günahkar insanlarla yanaşı, günahı olmayan insanlar da zərər çəkir. Çünki aramızda öz incikliyini buna aidiyyatı olmayanların üzərinə tökənlər də az deyil.

İş qabiliyyətini azaldır.

Küsəyənlərin yaddaşı və diqqəti zəifləyir, hansısa işlə məşğul olmaq həvəsi ölür. İnsanın fikri dağınıq olur, özünə qapanır. Fikrini işinə cəmləyə bilmir, çünki bütün enerjisini xətrinə dəymiş söhbətlərin həyəcanına sərf edir.

Sağlamlığa zərərdir.

Bir çoxlarında inciklik ucbatından qan təzyiqi yüksəlir, ürək döyüntüsü artır, iştah azalır və müxtəlif psixosomatik xəstəliklər yaranır.

Zəhlətökən fikirlərin yaranmasına səbəb olur.

Bu fikirlər heç də həmişə həqiqətəuyğun deyil, onlar incimiş şəxsin fantaziyalarından asılı olur. “Həyat yoldaşım mənə fərqli intonasiya ilə cavab verdi, demək, daha məni sevmir”, “Müdir mənə birtəhər baxdı, yəqin işdən çıxartmaq istəyir”, “İş yoldaşım mənə göz qoyur, yəqin badalaq vurmaq  istəyir” və s.

Şəxsiyyət kimi inkişaf etməyə mane olur.

Fikir vermisinizmi, bir çox yaşlı insan uşaq kimi küsəyən olur. Bu davranış infantil vəziyyət (uşaqlıq dövrünə xas olan xüsusiyyətlərin yaşlı adamlarda qalması) adlanır. Bu zaman illər keçsə də şəxsdə münaqişələrə reaksiya təkmilləşmir. O, sübut etməyi, lazımi cavabı verməyi, zərbəni tutmağı və mübahisədən kənarda qalmağı öyrənə bilmir. Onun üçün ən asan yol “dodaqlarını sallamaq” və qapını vurub getməkdir: “Mən incimişəm, sizinlə danışmayacam!”

Psixikaya təzyiq edir.

İncik olan şəxs onu incidənlə ünsiyyət saxlamasa da başa düşür ki, məsələ hələ də həll edilməmiş qalıb. Bu zaman “Gərək özümü bir qədər düşüncəli aparaydım” fikri yaranır.

İnciklik necə kömək edir?

Bir çox insan şüurlu olaraq inciklik strategiyasını seçir, çünki bu, başqaları ilə manipulyasiya etmək üçün yaxşı üsuldur: “Onu bil ki, sən mənimlə çox pis davrandın, mən səndən incimişəm”. Bu strategiya mütləq buna reaksiya verəcək olan insanlarda yaxşı nəticə verir. Onları “vicdanları narahat edir” və ya yanlış hərəkət etdiklərini anlayaraq üzrxahlığa başlayırlar. Unutmaq olmaz ki, bu strategiya üçün zaman və mənəvi itkilər tələb olunur.

Sizi incidirlərsə...

- Özünüzü sevin və əzizləyin. Yaxşı cəhətlərinizi və etdiyiniz yaxşı əməllərinizi qiymətləndirin. Gündəlik tutun və hər gün etdiyiniz yaxşı işləri ora yazın. Həftənin sonunda bu əməllərə görə özünüzü nəyləsə sevindirin. Siz buna layiqsiniz.

- Sarsaq sözləri ürəyinizə salmayın. Əgər qarşınızdakı sizi alçaldırsa, onu ağcaqanad kimi təsəvvür edin - o vızıldayır, siz isə onu eşitmirsiniz.

Korrektə etdi: Hürü Mustafayeva

ŞƏRH YAZIN