Gülərüz Olun Ki ...

0
2225
Gülərüz Olun Ki ...

Gülərüz olmaq insanı xoşbəxt ola biləcəyinə daha çox inandırır. Sizə gülərüz və zarafatcıl olmağın müsbət xüsusiyyətlərini təqdim edirik:
Bu məzmunda Peyğəmbər (s.a.s) və Məsum imamlardan (ə.s) kifayət qədər hədis və rəvayət nəql olunmuşdur. Burada onlardan bir neçəsini gətiririk. 

Peyğəmbər (s.a.s) buyurur: «Təbəssümlü və gülərüzlü olmaq kin-küdurəti aradan aparır».

Әli (ə.s) buyurur: «Təbəssümlü olmaq dostluğun (möhkəm) ipidir».
 
O həzrət yenə də buyurur: «Təbəssümlü olmaq bir (növ) qohumluqdur».
 
İnsanların dostluq əlaqələrinin daha da səmimiləşməsinə və düşmənlərin qəlblərindən kin-küdurətin götürülməsinə səbəb olacaq ən gözəl şey onların bir-birləri ilə qarşılaşarkən gülərüzlə davranmaları, el-obasından uzaq düşdükdə [ailə üzvlərinə] yardım etmələridir.
 
Başqa bir hədisdə deyilir: «Gülərüzlülük alicənablığına dəlalət edir».
 
İmam Baqir (ə.s) gülərüzlülüyü insanlar arasında dostluğun, səmimiyyətin artmasının və insanın Allaha yaxınlaşmasına səbəb olacaq ən başlıca amillərdən biri hesab edir.
 
O həzrət bu haqda buyurur: «Gülərüzlük insanların bir-birləri ilə dostluq və səmimiyyətinə və Allaha yaxınlaşmalarına, qaraqabaqlıq isə onların bir-birləri ilə düşmənçiliyinə və Allahdan uzaq düşmələrinə səbəb olur».
 
Әli (ə.s) buyurur: «Din [müsəlman] qardaşlarınızla qarşılaşdığınız zaman əl-ələ görüşüb bir-birinizdən ayrılana qədər təbəssümlü olun. Belə edərsinizsə, boynunuzdakı günahlar bağışlanar».
 
Yuxarıda qeyd olunan rəvayətlərdə səmimi rəftar və gülərüzlülüyün cəmiyyətdə qoyduğu müsbət təsirlərə işarə olunur. Nəql olunmuş növbəti rəvayətlərdə isə müsəlmanların bir-birləri ilə daha da səmimi əlaqədə olmalarına sövq edən bu gözəl əxlaqi xüsusiyyətin axirət nəticələrinə toxunulur.
 
İmam Sadiq (ə.s) buyurur: «Bu üç şeydən birinə riayət edən şəxsə Allah-taala cənnəti vacib edər:
1. Yoxsulluqda başqalarına əl tutmaq;
2. Camaatla gülərüzlə rəftar etmək;
3. İnsaflı olmaq [və ədalətə riayət etmək]».

Zarafatın müsbət xüsusiyyət olduğu haqda nəql olunmuş rəvayətlər
 
Peyğəmbər (s.a.s) buyurur: «Mömin zarafatcıl və xoştəbiətli, münafiq isə qəmgin və qəzəbli olur». (Biharul-ənvar, 11-ci cild, 1-ci fəsil, 1-ci hədis).
 
«Zarafat edirəm, lakin həqiqətdən başqa bir şey söyləmirəm».
 
İmam Baqir (ə.s) buyurur: «Allahın sevdiyi şəxslərdən biri də nalayiq sözlər demədən zarafat edən şəxsdir».
İmam Baqir (ə.s) üç şeyi möminlərin əyləncəsi hesab edir. Onlardan biri də dostlarla zarafatdır.
 
İmam Sadiq (ə.s) buyurur: Elə bir mömin yoxdur ki, onda «dubə» olmasın. Dubə nədir, soruşulduqda imam Baqir (ə) zarafat, deyərək cavab verir».
 
İmam Sadiq (ə.s)-ın səhabələrindən Yunis Şeybani adlı biri deyir: İmam Sadiq (ə) məndən soruşdu: Bir-birinizlə zarafat edirsinizmi? Dedim, çox az. Buyurdu, belə olmayın. Çünki gözəl xüsusiyyətlərdən biri də zarafat etməkdir. Zarafat etməklə öz din qardaşlarınızı sevindirmiş olursunuz. Peyğəmbər (s.a.s) birini sevindirmək istərkən onunla zarafat edərdi».

 

Korrektor: Əliyeva Aynur

 

 

ŞƏRH YAZIN