Alimlər: Cəmiyyətin Sağlamlaşdırılması Üçün Əlavə İstirahət Gününün Tətbiqi Vacibdir

0
1814
Alimlər: Cəmiyyətin Sağlamlaşdırılması Üçün Əlavə İstirahət Gününün Tətbiqi Vacibdir

Britaniyalı professor Con Eştonun fikrincə, insanlar həddən çox işləyirlər. Alim tədqiqatlar nəticəsində bu nəticəyə gəlib ki, iki istirahət günü tam dincəlmək üçün kifayət deyildir və iş həftəsini dörd günə kimi qısaltmaq lazımdır. Bu, gündəlik məcburi işə getməli olan insanların keçirdikləri stressin səviyyəsini kifayət qədər aşağı salacaq. Bu gün əksər Avropa ölkələrində iş həftəsi bazar ertəsi günündən başlayaraq cümə gününə kimi davam edir və 35-40 saat təşkil edir.

Buna baxmayaraq, Con Eşton hesab edir ki, həftədə beş iş günü həddən çoxdur. Belə ki, şənbə günü insan ancaq "özünə gəlir” və onda ailə və dostlarla vaxt keçirməyə, hobbiyə və idmanla məşğul olmağa kifayət qədər vaxt qalmır. Hətta əksər ailələrdə şənbə günləri təmizlik və təmir işləri ilə də məşğul olurlar. Yayda isə bu işləri bağ evlərində yerinə yetirə bilərlər. İki gün ərzində iş günündən qalan stressdən xilas olmaq isə mümkün deyildir. Bazar günləri bəziləri qonaqlığa, teatra gedir və ya gəzintiyə çıxır. Lakin bu, gərgin iş həftəsindən sonra beyin və orqanizmin bərpa olunması üçün çox az vaxtdır.

İnsan yenicə yüngülləşməyə başlayan vaxt yeni iş gününə başlamağa hazırlaşır. Bəzən bu, hətta fiziki səviyyədə - müxtəlif anlaşılmazlıqlar şəklində yaranan əsl stressə səbəb olur. Əgər bir neçə istirahət saatını istisna etsək, bütün istirahət günləri qaça-qaçda keçir, bu isə uzun çəkən depressiyaya gətirib çıxara bilər.

Professor Eşton güman edir ki, bu situasiyaya kömək etmək üçün iş həftəsini dörd günə qədər endirmək və üçüncü istirahət günü əlavə etmək lazımdır. Bu, həyatın psixoloji keyfiyyətini və insanların fiziki durumunu yüksəldəcək və onlara özlərini daha xoşbəxt hiss etməkdə kömək edəcək. Alimin bildirdiyinə görə, nəticədə əlavə istirahət gününün tətbiq edilməsi cəmiyyətin sağlamlaşdırılmasına gətirib çıxaracaq.

Yeri gəlmişkən, ideya yeni deyildir. Hələ Sovet dövründə elmi-tədqiqat institutlarında və nəşriyyatlarda, necə deyərlər, "kitabxana günləri” olurdu. Əməkdaş istirahət günlərindən başqa, həftədə bir, bəzən də iki dəfə işə gəlməyə bilərdi. Hesab olunurdu ki, o, öz işi üzrə ədəbiyyat mütaliə edir və ya elmi iş yazır. İndi daha çox elmi və ya yaradıcılıq fəaliyyəti ilə məşğul olan bəzi təşkilatlarda əməkdaşların mütləq işə gəlməli olduğu "iştirak günləri” vardır. Qalan vaxtlarda onlar öz qərarlarına uyğun olaraq evdə işləyə bilərlər. Beləliklə, əgər onlardan gündəlik əməyin nəticələri tələb olunmursa, münasib vaxtda özlərinə asudə günlər təşkil etmək hüququna malikdirlər. 

İş gününün müddəti də sadə deyildir. Əvvəllər keçirilmiş tədqiqatlar göstərib ki, insan yalnız 6,5 saat ərzində effektiv çalışa bilər. Əgər iş günü bu vaxtdan çox davam edərsə, əməyin məhsuldarlığı aşağı düşür.

İş vaxtınının nə qədər aşağı salınması barədə fikir yürütmək çətindir. Hər şeydən əvvəl bu, işin xüsusiyyətindən və hansısa idarə və ya şirkətdəki qaydalardan asılıdır. Çünki bəziləri işdə daim məşğul olurlar, digərlərində isə iş yalnız təsadüfdən-təsadüfə yaranır. Haradasa, iş ştatı hədsiz dərəcədə şişirdilir, başqa bir yerdə isə bir nəfər üç adamın əvəzinə işləyir. Yəni söhbət təkcə iş vaxtının yenidən təşkilindən getmir, həmçinin ümumilikdə iş prosesinin özünün yenidən təşkilindən gedir. Aydındır ki, heç də bütün işəgötürənlər öz həyatlarını çətinləşdirmək istəmir, eyni zamanda 8 saatlıq iş günü haqqında qanuna əslində çox vaxt riayət olunmur və əksər hallarda əməkdaşlar həddindən çox işləməli olurlar.

Futuroloqlar isə bildirirlər ki, yüksək texnologiyaların inkişafı ilə iş gününün qısaldılması labüd olacaq. Çünki gələcəkdə insanın yerinə yetirdiyi işlərin çoxunu mexanizmlər öz üzərinə götürəcək. İstisna deyil ki, onda biz həftədə üç gün işləməli olacağıq, bəlkə də bundan daha az, iş günü isə bir neçə saata kimi azaldılacaq.

 

ŞƏRH YAZIN