İnsanlar Müxtəlifdir

0
2449
İnsanlar Müxtəlifdir

Həm iş yerimizdə, həm də küçədə-bayırda müxtəlif insanlarla üz-üzə gəlirik. Onların hər birinin fərqli xarakteri, fərqli zövqü, ayrı-ayrı arzu və istəkləri vardır. Elə adam var ki, bu anda onun burada olması səhvdir, yanlışdır. Belələri, heç bilmirsən, nə vaxt ,nə edəcəklər. Onlarla bir yerdə ola bilmirik, di gəl ki, onlarsız da ola bilmirik. Bu, hansımızın düz, hansımızınsa səhv olmasına görə deyil. Sadəcə olaraq bizim xarakterlərimiz fərqlidir. Onların fikirləri bizimki ilə üst-üstə düşməyəndə, o dəqiqə hakim mövqeyinə keçirik və onları qınaq hədəfinə çeviririk. Adətən, qarşımızdakının fikir və davranışlarını başa düşmədikdə, onu öz düşüncə tərzimizə görə ittiham edirik. Bəzən isə ittiham etmədən, birbaşa edama məhkum edirik.  

Qədim yunan filosofu, müasir tibb elminin banisi sayılan- Hippokrat iki insanın bir-birinə heç bənzəmədiyini deməklə yanaşı, əksər insanların oxşar cəhətlərə malik olduqlarını qeyd edir. Oxşarımız ola bilər, amma eyni adam ola bilməz. Əgər insanlarla ünsiyyətin uğurlu alınmasnı istəyiriksə, həm öz xarakterimizə, həm də qarşımızdakı adamın fərqli xüsusiyyətlərinə bələd olmaq lazımdır. İnsanların fərqli xüsusiyyətlərini bilmədən, çıxdığımız yolun bir gün yalana aparıb çıxaracağına əmin olmalıyıq.  

Əsas odur ki, ayrı-ayrı adamlarla yaxşı münasibət qurasan və ya onlarla necə rəftar etməyi biləsən. Elə bu da çətin işdir. Bəlkə də, işlərin ən çətinidir. Çünki qarşılıqlı münasibətdə nəyə əsaslanacağını bilmirsən. Məsələn, yalnız, “özünə qarşı necə davranmalarını istəyirsən, sən də elə davran” -prinsipi kifayətdirmi? Yoxsa “başqası səndən necə gözləyirsə, onunla elə davran”- qaydası əsas götürülməlidir? Yerinə, vaxtına və adamına görə dəyişən bu məsəl və ya prinsiplərə- “hamının olduğu kimi qəbul edilməsi”, “hər kəsin dəyərinə görə qiymətləndirilməsi” və “insanın özünü tanıması”- qaydalarının əlavə olunmaması müəyyən səhvlərə gətirib çıxarır.  

Genetik quruluşu alimlər tərəfindən hələ də müəyyən edilməmiş və təxminən 30.000 gendən ibarət olduğu deyilən bəşər övladına – özüm də daxil olmaqla – bu çətin, amma mənalı və şərəfli yolda uğurlar arzulayıram.

 

 

Korrektor:Əhmədova Sevinc

ŞƏRH YAZIN