Təfəkkürün formaları.

0
5280
Təfəkkürün formaları.

Təfəkkürün 3 forması vardır: məfhum, hökm, əqli nəticə və ya istidlal.

 
Cisim və hadisələrin ümumi və mühüm olan əlamətlərin inikasına məfhum deyilir. Ümumi, konkret, fərdi və mücərrəd məfhumlar var. Müəyyən cisim və hadisələr qrupunun ümumi və mühüm əlamətlərini əks etdirməsi ümumi məfhum adlanır. Məs, tələbə, müəllim, şagird və s. Gerçək cisimlərin mühüm əlamətlərinin inikası konkret məfhum adlanır (dəftər, kitab və s.). Ayrı-ayrı cisim və hadisələrin ümdə xüsusiyyətlərinin əksi fərdi məfhumdur (məs, dahi şair Fizuli, Moskva və s.). Mücərrəd məfhum isə cisim və hadisələrin keyfiyyət və xassələrinin onun özündən təcrid edilib, müstəqil surətdə düşünülməsidir (məs, xoşbəxtlik, yaxşılıq, bədbəxtlik və s.)
 
Cisim və hadisələrin arasında müəyyən əlaqə və münasibətin olub-olmamasını iqrar və inkar edən təfəkkür formasına hökm deyilir. Ümumi, xüsusi və fərdi hökmlər vardır. «Bütün balıqlar üzür» ümumi, «bəzi balıqlar yırtıcıdır» xüsusi, «bu balıq çox gözəldir» fərdi hökmdür. Hökmlər iqrari və inkari olur. Məs, «təfəkkür və təxəyyül insana məxsusdur» iqrari, «heyvanlarda şüur yoxdur» inkari hökmdür. Cisimdə hər hansı bir sifətin iqrar və inkar edilməsinin səciyyəsinə görə şərti, təqsimi və qəti hökmlər vardır.
 
Hər hansı bir fikrin həqiqiliyi hökmdə söylənilmiş şərtlərdən asılıdırsa, bu, şərti hökm adlanır.
Təqsimi hökmlərdə hər hansı cismə aid olan bir neçə xüsusiyyətlər iqrar və ya inkar
edilir.
 
Hökm cisimdə bu və ya başqa əlamətin olduğunu şərtsiz, danışıqsız iqrar və ya inkar edirsə, o, qəti hökm adlanır.
 
Bir neçə hökmdən bir nəticənin çıxarılması istidlal və ya əqli nəticə adlanır. Əqli nəticənin 3 növü vardır: induktiv əqli nəticə (induksiya), deduktiv əqli nəticə (deduksiya) və təşbih. İnduksiya — bir neçə fərdi hökmdən bir ümumi nəticənin çıxarılmasıdır. Xüsusidən ümumiyə gedən əqli nəticədir. Deduksiya — ümumidən xüsusiyə gedən əqli nəticədir. Təşbih isə bir hökmdən bir nəticənin çıxarılmasıdır. Xüsusidən xüsusiyə gedən əqli nəticədir.
 

ŞƏRH YAZIN