Bizneslə məşğul olmağa necə vaxt tapmalı və gündəlik işlərin əsirinə çevrilməməli?

0
1725
Bizneslə məşğul olmağa necə vaxt tapmalı və gündəlik işlərin əsirinə çevrilməməli?

Vaxt – bizim əlimizdə olan ən qiymətli resursdur. Təəssüf ki, bu resursun miqdarı məhduddur, onu artırmaq və ya kompensasiya etmək mümkün deyil. Mümkün olan yeganə üsul onu effektiv və səmərəli istifadə etməyi öyrənməkdir.

Deyirlər, vaxt puldur. 21-ci əsr üçün bu müddəa artıq öz aktuallığını itirib. Vaxt pula bərabər deyil: o, puldan çox qiymətlidir. Çünki, pulu qazanmaq mümkündür, vaxtı isə qazanmaq mümkün deyil. Arzumuzdan asılı olmayaraq biz onu ancaq sərf edə bilərik və onu özümüz və cəmiyyət üçün nə dərəcədə faydalı şəkildə sərf edə biləcəyimizi dərk etmək lazımdır.

Böyük insanlar, müvəffəqiyyət və zaman

Bütün bəşəriyyət tarixi boyunca böyük insanlar – siyasətçilər, hərbçilər, alimlər – öz vaxtlarına diqqət və məsuliyyətlə yanaşmışlar. Hələ e.ə. 4-cü əsrdə yaşamış romalı filosof Lusi Seneka “vaxtın yazılı hesabını aparmağı” və “vaxtı yaxşı və pis sərf edilmiş və bekarçılıqla itirilmiş hissələrə bölməyi” tövsiyə etmişdir.

20-ci əsrin ən məşhur menecer və sahibkarlarından biri, Beynəlxalq İdarəetmə qrupunun (İMG) yaradıcısı və prezidenti və “Harvard Biznes Məktəbində nəyi öyrətmirlər?” kitabının müəllifi Mark Makkormak öz kitabında yazır: “Tanışlarımın məndə gördükləri yeganə yaxşı məziyyət vaxtdan səmərəli istifadə etmək qabiliyyətidir”.

Vaxtın planlaşdırılması və idarə edilməsi

Vaxtın idarə edilməsinin ən vacib sütunlarından biri vaxtın uzunmüddətli və qısamüddətli planlaşdırılması məsələsidir. “6P” qaydasında belə deyilir: “əvvəlcədən düzgün planlaşdırma pis göstəricilərin qarşısını alır”. Qısamüddətli planlaşdırma, öz iş gününün planlaşdırılması istənilən səviyyəli menecerin ən dəyərli xüsusiyyətidir.

İş adamı üçün günün planlaşdırılmasının əsas üstünlükləri nədən ibarətdir? İlk növbədə, bu kağız üzərində planlaşdırmadır. Bu, iş gününün qarışıqlığında,  nəyinsə yaddan çıxması ehtimalı olan vaxtlarda operativ yaddaşı boşaldır və bütün işləri yadda saxlamaq ehtiyacını aradan qaldırır. İkincisi, planlaşdırma işlərin vaciblik dərəcəsini təyin etməyə imkan verir. Üçüncüsü isə, günün planlaşdırılması iş adamına gün ərzində öz yaddaşını gərmədən özünün görməli olduğu və tabeçiliyində olan işçilərə ötürülmüş bütün işlərin vəziyyətini nəzərdən keçirməyə imkan verir.

Günün planlaşdırılması zamanı bir neçə əsas qaydaya riayət etmək vacibdir: 

Bütün günü tam şəkildə planlaşdırmayın. İş günü 60%–20%–20% nisbətində planlaşdırılmalıdır. 60% – planlaşdırılmış işlər, 20% – vaxt ehtiyatı, 20% – spontan fəaliyyət. Bununla siz öncədən nəzərdə tutulan işləri planlaşdırırsınız, lakin eyni zamanda gözlənilməz işlərə də vaxt ayırırsınız.

Bütün işləri vacibliyinə görə bir neçə hissəyə bölün və işləri vaciblik dərəcəsinə görə yerinə yetirməyə çalışın. Burda ən vacib məsələ vaciblik dərəcələrini düzgün müəyyən etməkdir.

Vaxt məhdudiyyəti olan (məsələn, 10.00–11.00 satıcılarla görüş) işləri; zəngləri; tabeliyində olan işçilərə tapşırılmalı olan məsələləri xüsusi qruplara ayırın.

Əgər mümkündürsə, işlər üçün vaxt normaları müəyyən edin. Məsələn, “A layihəsi üzrə iş – 30 dəqiqə”. Bunun üçün əvvəlcədən böyük layihələri daha xırda işlərə bölmək lazımdır.

İş gününüzü elə planlaşdırın ki, əsas vaxtınızı yalnız cari işlərə, və “yanğınların söndürülməsinə” deyil, həm də özünüzü təkmilləşdirməyə sərf edəsiniz. Bunun üçün xüsusi vaxt ayırmaq lazımdır.

İş günü sıxılmış və hər dəqiqəsi planlaşdırılmış olmamalıdır. Axı vaxtın planlaşdırılmasının məqsədi iş adamı üçün əlavə yükün yaradılması deyil, əksinə, onu öncədən planlaşdırılmamış iş yığınının nəticəsi olan stresdən azad etməkdir.

Özünü inkişaf etdirməkdə maraqlı olan iş adamını fərqləndirən xüsusiyyət eyni vaxtda müxtəlif işləri görməkdir. Yolda keçirilən vaxt iş adamının gününün əhəmiyyətli hissəsini təşkil edir. Vaxtın səmərəli istifadəsi üçün ən vacib praktiki məsləhətlərdən biri avtomobil idarə edərkən audiokitab dinləməkdir. Adamın öz ingilis dili biliklərini təkmilləşdirməyə və ya kitab oxumağa vaxt tapa bilməməsi və eyni zamanda hər gün yolda 1-2 saat vaxt keçirməsi çox yayılmış haldır.                   

Eyni vaxtda müxtəlif işləri görmək texnikasından istifadə edən iş adamları və top-menecerlər ayda orta hesabla iki audiokitab dinləyə bilirlər. Garant Holding-in Direktorlar Şurasının üzvü Xəyal Şərifzadə deyir: “Son 6 ayda yalnız yolda məni maraqlandıran mövzularda təxminən 6 kitab dinləmişəm. Nəzərə almaq lazımdır ki, ondan əvvəlki 6 ay ərzində mənim heç bir kitab belə oxumağa vaxtım olmayıb”.

Müasir dinamik biznes mühitində iş adamı üçün ən vacib vərdiş iş günü boyunca vaxt “pəncərə”ləri tapmaq vərdişidir. Bu məqsədlə vaxtın idarə edilməsi üçün çox vacib qabiliyyət səlahiyyətlərin tabeçilikdə olan işçilərə vermək qabiliyyətidir. Gündəlik onun vaxtının böyük hissəsini alan, eyni tipli işlərin görülməsi ilə məşğul olan biznesmenin misalını nəzərdən keçirək. Bu biznesmen uzunmüddətli layihələr və biznesin inkişaf etdirilməsi üzərində diqqətini cəmləmək üçün kifayət qədər vaxt tapa bilmir. Gördüyü işlərin yalnız birini tabeçiliyində olan işçilərə ötürməklə o, gündə 20 dəqiqə vaxtına qənaət edir, bu da bir ildə təxminən 11 iş gününə bərabərdir. Üç işin yerinə yetirilməsini işçisinə tapşırmaqla iş günü ərzində üç boş vaxt pəncərəsi əldə etmək olar.


Məqaləni Jan Jak Russonun fikri ilə bitirək: “Zamanın düzgün istifadə edilməsi onu daha da qiymətli edir”.

 

ŞƏRH YAZIN