Müğənni, media maqnatı, atasının siyasi varisi olan prezident qızı

0
1840
Müğənni, media maqnatı, atasının siyasi varisi olan prezident qızı

Bu günlərdə o, ölkə başçısının, eyni zamanda atasının imzaladığı fərmanla baş nazirin müavini təyin edildi. Bacısından fərqli olaraq açıq şəkildə bizneslə məşğul olmasa da, “Forbes”in siyahısında yer almasa da, Qazaxıstanın qeyri-rəsmi 50 ən varlı adamından biri sayılır. Media kimi gəlirli sahəni himayə edir. Sərəncamında olan rəsmi sərvətin həcmi 1 milyard dollara yaxın qiymətləndirilir.

Metallurq və dispetçer qızı

Dariqa Nazarbayeva 1963-cü ilin may ayının 7-də Qazaxıstanda anadan olub. Atası indiki prezident Nursultan Nazarbayev o zaman metallurq, anası Sara Kunakayeva isə dispetçer idi. Hər ikisi Karaqanda Metallurgiya Kombinatında işləyirdi. Dariqa Nazarbayevlərin böyük qızıdır. Özündən başqa Dinara və Aliyə adlı bacıları var. Yeri gəlmişkən, Dinara (“Forbes”in siyahısında Qazaxıstanın ən varlı şəxsləri kimi əri ilə üçüncü-dördüncü sıranı bölüşürlər) bacılar arasında yeganə boşanmayan Nazarbayevadır. Belə ki, Dariqa bir zamanlar iş adamı Rahat Əliyevlə evli olub. Aliyə isə 18 yaşında Qırqızıstan prezidentinin oğlu Aydara Akayevin oğluna ərə gedib. O vaxt birmənalı qiymətləndirilməyən bu evlilik haqqında xalq arasında deyirdilər ki, prezidentin qızı ona görə qazaxa deyil, qırğıza ərə gedib ki, Qazaxıstan iqtisadiyyatı üçüncü kürəkənə tab gətirməyəcək.

Təhsili

Dariqa  ilk ali təhsilini Lomonosov adına Moskva Dövlət Universitetinin tarix fakültəsində alıb. Lakin burada cəmi üç kurs oxuyub. 1985-ci ildə Kirov adına Qazaxıstan Universitetinə göndəriş alıb. 1990-91-ci illərdə Moskva Dövlət Universitetində aspirant dərəcəsinə yiyələnib. Hazırda onun bir neçə elmi dərəcəsi var. Siyasət elmləri, tarix elmləri, iqtisad elmləri doktorudur.

 Ailə həyatı, ilk baxışdan sevgi

Böyük Nazarbayeva 1980-ci ildə məşhur cərrah Muxtar Əliyevin oğlu Rahat Əliyevlə ailə qurub. Gəlinin ayağı Əliyevlərə düşüb. Belə ki, M.Əliyev 1982-1987-ci illər arasında Qazaxıstanın səhiyyə naziri olub. Cütlüyə gəlincə, illər sonra qanlı-bıçaq olsalar da, Dariqa Rahat Əliyevlə evliliyini “ilk baxışdan məhəbbət idi” deyə qiymətləndirirdi. 1985-ci ildə onların birinci övladı Nurəli Əliyev, 1990-cı ildə Aysultan Nazarbayev, 2000-ci ildə isə qızı Venera dünyaya gəlib.

İş həyatı

Dariqanın iş həyatı atasının Qazaxıstanda hakimiyyətə gəlişi ilə başlayıb. 1992-94-cü illərdə uşaq xeyriyyə fondu “Bobek”də vitse-prezident olub. 1994-cü ildə media sahəsində heç bir iş təcrübəsi olmadığı halda “Qazaxıstan Televiziya və Radio” şirkətinə vitse-prezident vəzifəsinə təyin edilib. Eyni zamanda “Xabar” informasiya agentliyinin direktoru olub. Sonradan 1995-ci ildə prezidentin fərmanı ilə “Xabar” informasiya agentliyi özəl struktura çevrilib. Hər il dövlət büdcəsindən agentliyə 2 milyon təngə (17 milyon dollar) ayrılıb. “Xabar”dan sonra Dariqa “Evropa Plyus”u, KTK teleşirkətini, NTK-nı, məşhur qəzet “Novoe Pokolenie” və “Karvan”ı satın alıb. Maraqlıdır ki, satış reallaşandan sonra KTK-nın və “Karvan”ın sahibi Boris Qiller ölkədən  mühacirət edir. Dariqa isə bütün media strukturlarını - “Evropa Plyus”, KTK teleşirkətini, NTK, “Novoe Pokolenie”, “Karvan”, “Ruskoe radio”, “Radio retro”, “Kazakhstan Today", “İnterfaks Qazaxıstan”ı birləşdirib  media-holdinq - “TV-media” və “Alma-media” şirkətlərini təsis edir. Son olaraq onun media holdinqinə "Qazaxıstan Televiziya və Radio" - “Qazaxıstan1”,”Qazaxıstan 2”, “Qazaxıstan radio” strukturu daxil edilib. “Xabar” isə respublikada geniş və tamhüquqlu müxbir şəbəkəsi olan telekanaldır. Bununla da Nazarbayeva, demək olar ki, ölkədəki bütün milli mediaya nəzarət edir.

Əri də özü ilə birgə “böyüyür”

Dariqanın ictimai-siyasi həyatda rolu artdıqca əri Rahat Əliyev də proseslərdən kənarda qalmırdı. İxtisasca cərrah olan Rahat Qazaxıstan SSR-nin Sağlamlıq Nazirliyindəki vəzifəsindən Qazaxıstan Respublikasının Dövlət Vergi Komitəsinin Baş Vergi Polisi İdarəsinin rəhbərinin birinci müavini, daha sonra isə Qazaxıstan Respublikası Vergi Polisi İdarəsinin direktoru vəzifəsinə gətirilir. 1993-2000-ci illərdə ər və arvadın sərvətinə təkcə teleşirkət deyil, ölkədəki rentabelli biznes sahələrinin çoxu - "Diabet Mərkəzi", "Neft Mərkəzi" (qaz stansiyası), "Nurbank", Milli Atom Şirkəti, "Kazatomprom" daxil olur.

“Oliqarxların çevrilişi”

Rahat Əliyev ona yaradılan şəraitdən gen-bol yararlanırdı. Çindən qeyri-leqal yolla gətirilən spirt və siqaret  biznesinə nəzarəti ələ keçirdi, mövqeyini möhkəmləndirmək üçün kriminal strukturlarla yaxın əlaqə yaratdı. Artıq vəziyyət o həddə çatdı ki, hakimiyyətin Rahat Əliyevə təhvil veriləcəyinə dair söz-söhbətlər yayıldı. Qızının ailəsini dağıtmaq istəməyən Nursultan Nazarbayev ilk olaraq Rahat Əliyevi Vergi polisindən uzaqlaşdırdı. Alma-Ata (hazırda şəhər Almatı adlanır) Təhlükəsizlik Komitəsinə transfer etdi. Rahatı sakitləşdirmək üçün ona Respublika Milli Təhlükəsizlik Komitəsinin rəhbəri vəzifəsini söz verdi, lakin son məqamda bu vəzifəyə ayrı adamı təyin etdi. Bununla da Rahat Əliyev “zəncirdən” ayrıldı. Açıq şəkildə qayınatasına qarşı çıxmağa başladı. Hakimiyyətin yüksək eşelonunu korrupsiyada  ittiham etmək məqsədilə mətbuat konfransı çağıran Rahat Parlamentdə “qazax ailəsinin yaradıcılığı" haqqında geniş danışacağını bildirdi. R.Əliyevin məclisdə məlum çıxışının gözlənildiyi gün Nazarbayev onun həbsi barədə əmr verdi. Kürəkən Milli Məclisin binasının ətrafındaca həbs edilib bütün gün qapalı qapılar arxasında saxlanılaraq susması üçün təzyiqlərə məruz qaldı.

Nazarbayev vəziyyəti bir qədər ələ alıb kurəkənini “dincəldir”. Rahat Əliyev bir də 2001-ci ildə baş qaldırır. O, Milli Təhlükəsizlik Komitəsi sədrinin birinci müavini vəzifəsini yerinə yetirdiyi zaman ölkəni siyasi böhrana təhrik edir. Belə ki, təhlükəsizlik orqanları ilə biznes dairələri arasında konflikt yaratmaqla anti-Nazarbayev qüvvələrinin güclənməsini şərtləndirir. Hakimiyyət tərəfindən bu, “oliqarx çevrilişi” kimi dəyərləndirilir. Bu hərəkətindən sonra Rahat Əliyev Vyanaya səfir göndərilir. 2005-ci ildə ölkəyə qayıdır və yenə hakimiyyətin yüksək eşelonunda yer alır. Bu dəfə o, xarici işlər nazirinin müavini olur. Amma “qozbeli qəbir düzəldər” əbəs yerə deməyiblər. R.Əliyev özünü yenə yaxşı aparmır. Biçarə qayınata onu bu dəfə də Qazaxıstanın beynəlxalq təşkilatlardakı nümayəndəsi kimi Vyanaya “sürgün” edir. Əliyev ölkədən çıxan kimi huquqi yolla onun məhvinə əl atır. 2007-ci ilin may ayında R.Əliyev barəsində "Nurbank"ın İdarə Heyətinin keçmiş iki üzvünün oğurlanması və qətlə yetirilməsi şübhəsi ilə cinayət işi başlanır. R.Əliyev istefaya göndəriləndən sonra barəsində beynəlxalq axtarış qərarı alınır. R.Əliyev isə cavabsız qalmayıb vətəndaşlıq almaq üçün Avstriya hökumətinə müraciət edir. Həmin il mayın 28-də Qazaxıstan prokurorluğunun və İnterpol nümayəndələrinin daxil olduğu qrup Rahat Əliyevin həbsi üçün Vyanaya göndərilir. Ancaq Avstriya hakimiyyəti prezidentin kürəkəninin təqib olunmasını siyasi motivli hesab edərək həbsə icazə vermir. Qazaxıstanda isə Əliyevin və onun adamlarının işi üzrə məhkəmə başlayır, 2008-ci ilin yanvarında Alma-Ata məhkəməsi Əliyevi qiyabi olaraq 20 il həbsə məhkum edir. 2011-ci ildə R.Əliyevin öldürdüyü iddia edilən iki bankirin meyiti Almatı şəhərinin ətrafında basdırılan metal çəlləkdə tapılır. N.Nazarbayev kürəkənin günahkar olduğunu Avstriya hökümətinə sübut edir. 2013-ci ilin iyun ayında R.Əliyev Avstriya polisinə təslim olur. Avstriya prokurorlarının apardığı istintaq göstərir ki, bankirlərin qətlinin real motivi “Nurbank” tərəfindən Xasenovun firmasına verilmiş 30 milyon dollar kreditdir. Və bu qətldə Əliyevin “hərisliyinin, kininin və harınlığının” müəyyən rolu olub. Belə ki, istintaq müəyyən edir ki, R.Əliyevin “Nurbank”da payı olub. O, Nazarbayevin kürəkəni və hakimiyyətinin əsas varisi olan vaxtlarda bankı satmaq istəyib. Ancaq bankda aparılan auditor yoxlaması “Nurbank”ın keçmiş və fəaliyyətdə olan menecerlərinə məxsus firmalara verilən, geri qaytarılmayan iri məbləğdə kreditlərin olduğunu üzə çıxarıb.

Rahat Əliyevə çatdırıblar ki, bankın bir neçə əməkdaşı həmin firmalara qanunsuz kreditlər verib, əvəzində “haqq” alıblar. Nəticədə banka böyük ziyan dəyib. Bu zaman Əliyev ikili oyundan şübhələnib və ehtimal edib ki, bankın bəzi əməkdaşları onun hesabına varlanıblar. R.Əliyev əvvəlcə bankirlərdən hər şeyi etiraf etməyi və bütün mal-mülklərini təhvil verməyi tələb edib. Ancaq əhvalatın kulminasiya nöqtəsi onların öldürülməsi ilə nəticələnib.

Dariqa ərindən boşandı

Dariqa ilk vaxtlar ərini müdafiə etsə də, "Nurbank"la bağlı məsələni prezidentin və onun siyasətinin gözdən salınması cəhdi kimi dəyərləndirir. 2007-ci ildə, Qazaxıstan məhkəməsi R.Əliyev barədə həbs qərarı çıxarmadan ərindən boşanır.

Qeyd edək ki, bu ilin fevralında keçmiş kürəkən Avstriyadakı Vyana həbsxanasında ölü tapıldı. Həbsxana rəsmiləri onun intihar etdiyini açıqladılar.

Dariqanın siyasi karyerasında çöküş

Əri barəsində atasının qərarı Dariqanın siyasi faəliyyətinə də təsirsiz ötüşmədi. Belə ki, 2003-cü ildən aktiv siyasətlə məşğul olan (2003-cü ildə respublikaçılar partiyası olan “Asar”ı yaratdı. Hansı ki sonradan hakimiyyəti dəstəkləyən digər partiyalar kimi Nazarbayevin partiyasına - “NurOtan”a birləşir) Dariqa əvvəlcə hakim partiyanın - “NurOtan”nın birinci müavini postunu tərk etdi. 2007-ci ildə Konstitusiyaya edilən dəyişiklik nəticəsində N.Nazarbayevin rəsmi şəkildə “NurOtan” partiyasının başına keçməsinin ardınca birdəfəlik partiyadan xaric olundu. Bu səs-küylü qalmaqaldan sonra müəyyən müddət kölgəyə çəkilən Dariqa Nazarbayeva ictimai və xeyriyyə fəaliyyəti ilə məşğul olmağa başladı.

2008-ci ildə Qazaxıstan müxalifətinə yaxın mətbu orqanlarında onun ölkədən mühacirət etməsinə dair məlumatlar yayıldı. Hətta Dariqanın “Xabar”dakı, “Nurbank”dakı, “Diabet Mərkəzi”ndəki hissələrini satdığı iddia olunurdu.

Dariqanın pulları

“Forbes”in 2013-cü ilə olan qiymətləndirməsində Dariqa Qazaxıstanın ən varlı adamlarından biri kimi göstərilir. Onun sərəncamında 1 milyard dollara yaxın vəsait var. Nəzərə almaq lazımdır ki, bu, onun sərvətinin həcmi ilə bağlı rəsmi rəqəmdir. D.Nazarbayevaya məxsus  “ALMA TV” (1994-cü ildə “Alma-TV” adı ilə yaradılan şirkətin hissələrinin 50 faizi Amerikanın kommunikasiya şirkəti olan Metromedia International Telecommunications Inc.-ə məxsus olub. 2002-ci ildə amerikalı şirkətin payı satın alınıb) kabel televiziyası xidməti göstərməklə bərabər, Qazaxıstanın 18 şəhərində limitsiz internet xidməti göstərir. Onu da bildirək ki, şirkətdə Nazarbayevanın hissələri 80 faiz, oğlu Nurəli Əliyevin hissələri 20 faiz təşkil edir. Dariqa Nazarbayevanın biznesinə həmçinin “Evropa plyus Kazaxstan”, NTK, “AlmaİnvestHoldinq”, TOO, “Almatıstroysnab” daxildir.

Siyasətə qayıdışı

Dariqa 2011-ci ildə yenidən aktiv siyasətə qayıdaraq Qazaxıstanın ən nüfuzlu qadınlarından birinə çevrilməyi bacarır. Belə ki, Qazaxıstanın “Hakimiyyət” jurnalı 2013-cü ildə ölkənin ən nüfuzlu qadınlarının siyahısında Dariqanın adını birinci sırada çəkib.

Dariqa həm də müğənnilik edir. Qazaxıstan əhalisi ekranlardan onu təkcə siyasətçi, iş adamı kimi deyil, müğənni kimi də seyr edir. Özünün dediyinə görə, istedadını hələ təhsil aldığı dövrdə sezib. Hətta konservatoriyaya dəvət alıb. Amma atası ona universitetdəki təhsilini yarımçıq qoymağı qadağan edib.

Atasının varisi

Dariqa Nazarbayeva italyan, rus, ingilis, alman dillərini bilir. O eləcə də Nazarbayevə təsir imkanı olan şəxs sayılır. Qazaxıstan prezidentinin bir çox siyasi qərarlarda Dariqa ilə hesablaşdığı deyilir. Düzdür, son illər kiçik bacısı Aliyə də ictimai həyatda aktiv iştirak edir, amma Dariqa atasının əsas siyasi varisi hesab edilir. Bu günlərdə o, ölkə başçısının imzaladığı fərmanla baş nazirin müavini təyin edilib.

 

Leyla Əliyeva

 

ŞƏRH YAZIN