Uğurun açarı - 10 000 saat qaydası

0
2414
Uğurun açarı - 10 000 saat qaydası

İstənilən sahədə uğur qazanmaq və həmin sahənin peşəkarına çevrilmək üçün 10 000 saat işləmək lazımdır.

Məşhur jurnalist və sosioloq Malkolm Qladuelin "Dahilər və autsayderlər" kitabında belə bir maraqlı nəzəriyyəyə yer verilir: İnsan dahi kimi doğulmur, tədricən dahiyə çevrilir. Psixoloq Anders Eriksonun təcrübəsinə əsaslanaraq, o, əfsanəvi şəxsiyyətlərin və şirkətlərin uğur hekayələrini tədqiq etməyə başlamış və bu araşdırma nəticəsində "10 000 saat qaydası" meydana gəlmişdir.

Kitabdan bir hissə: "İstənilən sahədə peşəkarlıq səviyyəsinə və dünya miqyaslı ekspert statusuna sahib olmaq üçün 10 000 saatlıq təcrübə tələb olunur. 10 000 saat dedikdə, 10 il ərzində gündə təxminən 3 saatlıq və ya həftə ərzində təqribən 20 saatlıq təcrübə nəzərdə tutulur. Təbii ki, bu rəqəmlər çox çalışmağın nə üçün bir insana daha çox, digərinə isə daha az fayda verməsinin səbəbini izah etmir. Lakin bugünə qədər heç kim ustalıq və peşəkarlıq səviyyəsinə 10 000 saatdan daha az müddət ərzində çalışmaqla nail olmayıb. Elə bu səbəbdən də belə bir fikir formalaşır ki, beyin yalnız 10 000 saat ərzində bütün vacib məlumatları mənimsəyə bilir".

Sözügedən kitabda nümunə qismində Motsart, "Bitls" qrupu, Bill Qeyts və Bobbi Fişer kimi məşhurların uğur hekayələrindən istifadə olunmuşdur:

- Motsart özünün ilk konsertini müstəqil şəkildə (atasının köməyi olmadan) 21 yazşında yazıb. Bu vaxta qədər o, artıq 10 il idi ki, musiqi bəstələyirdi.

- Qrossmeyster olmaq üçün də təxminən 10 il tələb olunur. Yalnızca əfsanəvi Bobbi Fişer bu fəxri adı qazanmaq üçün 9 il sərf etmişdir.

- Hesablamalara görə, Bill Qeyts kompyuterdə proqramlaşdırma üçün təxminən 10 000 saat sərf etdikdən sonra irəliyə doğru böyük bir addım atmağa müvəffəq olmuşdur.

- "Bitls" qrupu ABŞ-a 1964-cü ilin fevral ayında gəlib. Onların gəlişi Amerika səhnəsinə "Britaniyanın hücumu" kimi qiymətləndirilsə də, əslində sözügedən qrup öz hitləri ilə musiqi sənətində köklü dəyişikliklər etməyi bacarmışdı. Qrupun yarandığı ilk gündən onların ən məşhur albomlarının (“Çavuş Pepperin tənha ürəklər klubunun orkestri" albomu və "Ağ albom") işıq üzü gördüyü günə qədər 10 il keçmişdi.

Bununla da, Malkolm Qladuel iddia edir ki, insanın bir işdə uğur qazanması üçün fitri istedad və ya yüksək İQ səviyyəsi ilə yanaşı, insanın sevdiyi işlə uzun müddət ərzində nə dərəcədə ciddi məşğul olması da mühüm rol oynayır. Bundan əlavə, bu məsələdə insanın əhatə dairəsi də müəyyən təsirə malikdir. Çünki heç bir dahi alim, məşhur musiqiçi və ya peşəkar idmançı təkbaşına və maddi vəsait olmadan bu statusa nail ola bilməz.

Bu məsləhəti diqqətdən qaçırmayın: Fəaliyyətin öyrənilməsinə deyil, işin təcrübi tərəfinə vaxt ayırmaq lazımdır. Bununla yanaşı, getdikcə mürəkkəbləşən tapşırıqların həlli zamanı yalnızca inadlı məşqlər uğurlu nəticələr verə bilər. Əks təqdirdə, yerinizdə saymaqda davam edə bilərsiniz.

 

ŞƏRH YAZIN