Uğurlu Ünsiyyət Qaydaları

0
20836
Uğurlu Ünsiyyət Qaydaları

Ümumiyyətlə, insan həyatını ünsiyyətsiz təsəvvür etmək qeyri-mümkündür. Çünki  insan mövcudluğu ünsiyyət tələb edir. Biz ünsiyyət zamanı fikirlərimizi paylaşır, hadisələrə münasibətimizi bildirir, düşündüklərimizi ifadə edirik. Bütün bunlar ünsiyyət prossesində baş verir. Bundan başqa insanlarla ünsiyyətdə olduğumuz müddət ərzində biz yeni “insan tiplərini” kəşf edirik.Məsələn, bu pisdi, o yaxşıdı, o maraqsız insandı, o çox ünsiyyətcildi, bu çox çətin adamdı və.s

Ətrafdakılarla ünsiyyət qurmaq üçün bir şeyi yadda saxlamaq çox vacibdir: insanlar onlara maraq göstərən, düşüncələri ortaq olanlarla ünsiyyət qurmağa çalışırlar. Əgər insanlarla yaxşı ünsiyyətin alınmasına nail olmaq və özümüzü onlara sevdirmək istəyiriksə əməl olunması vacib sayılan 5 üsulu yadda saxlamalıyıq:

Adamlara maraq göstərmək. Məsələn qarşımızdakının problemləri, qayğıları, hər hansı hadisə ilə bağlı təəssüratları, fikirləri və.s. ilə maraqlanmalıyıq. Bu vasitə ünsiyyətdə çox effektiv təsirə malikdir. Çünki, yaddan çıxarmayaq ki, hər kəs özü haqqda danışmağı çox sevir. 

Gülümsəmək. Gülüş insanlara təsir edən ən effektiv vasitədir. Ona görə ki, gülüş ətrafdakılara müsbət emosiyalar göndərir. Bu da hər kəsə xoş olur. Buna görə təbəssümü üzümüzdən əksik etməməliyik.

Yaxşı dinləyici olmaq. Başqalarını özləri haqqda danışmağa vadar etməliyik. Belə olarsa onlar bizimlə daha çox ünsiyyətdə olmağa çalışacaqlar. Bu vasitənin əsas tərəfi də odur ki, dinləyici olsaq qarşımızdakı bizə sevə-sevə özü və hadisələr haqqda informasiya verəcək.

Qarşımızdakının bacarıq və imkanlarına, bizə olan səmimi münasibətinə inanmaq. Əgər belə etmiş olsaq, onda zaman keçdikcə doğurdan da istədiyimizi əldə edə biləcəyik. Yəni qarşımızdakının bizə münasibəti müsbət istiqamətdə dəyişəcək.

Başqasına maraqlı olan dildə danışmaq. Münasibətlərdə uğur qazanmaq üçün həmsöhbətimizin maraqları ilə üst-üstə düşən dildə danışmağı öyrənməliyik. Bu ünsiyyət qanunudur və bunu ilk tanışlıqda, münasibətlərin sonrakı axarında, iş həyatında, o cümlədən, ailə münasibətlərində gözləməliyik. Başqaları ilə elə rəftar etməliyik ki, onlar o rəftarı bizdən gözləyirlər.

Xoşumuza gəlməyənlər. Ünsiyyət qurmanın əsas məsələsi budur ki, bizə xoş təsir etməyən, xoşumuza gəlməyən adamlarla ünsiyyət qura bilək. Bunu bacarmaq üçün isə aşağıdakılara diqqət yetirməliyik:

-Ona qarşı olan bu mənfi münasibətimizin səbəbini dəqiqləşdirməliyik;

-Onun ən azı 5 müsbət xüsusiyyətini tapmalıyıq;

-Onu ən yaxın bildiyimiz və çox istədiyimiz insanın simasında görə bilməyi bacarmalıyıq;

-Onunla ünsiyyətə girməli və fikirlərimizdə ortaq nöqtələri tapmalıyıq;

-İmkan daxilində ona hədiyyə almalıyıq (ucuz və baha; fərq etməz).

Amma çalışmaq lazımdır ki, bütün bu etdiklərimiz tam səmimi alınsın. Əgər yuxarıda qeyd olunanlara əməl etsək həmin şəxsin bizə qarşı münasibəti müsbət istiqamətdə dəyişməsinə azda olsa nail olarıq. Elə biz də özümüzü, ruhumuzu ləkələrdən qorumalıyıq. Çünki pis fikirlər, çirkin əməllər insanın ruhunu ağırlaşdırır; həyatdan, yaşamaqdan zövq almasına mane olur.

Əbədi olan yalnız hisslər və qarşılıqlı münasibətlərdir. Bunlar da öz əksini ünsiyyətdə tapır. Ona görə də insanlarla sağlam ünsiyyətdə olmağa çalışmalıyıq. Unutmayaq ki, dağ yalnız uzaqdan əlçatmaz görünür. Biz insanlar üçün isə keçilməz meşələr və aşılmaz dağlar yoxdur. İstəklərimizə nail olmaq üçün SƏBR, ZAMAN və HƏRƏKƏT lazımdır.



Korrektə etdi:Günel İbadova

ŞƏRH YAZIN