Uşaqlarda Sürətli Danışma Problemi

0
3138
Uşaqlarda Sürətli Danışma Problemi

Sürətli danışma uşaqlarda tez – tez rastlanan problemdir. Bu halda uşağın danışma sürəti normaldan artıqdır, danışıq bəzi səs və hecanın deyilməməsi, normal olmayan fasilələr və təkrarlarla özünü göstərir. Danışıq zamanı səs müəyyən zamanlarda incələ və qalınlaşa bilir, danışıq monotonlaşaşır, vurğular itir. Şəxs nə deyəcəyindən və necə deyəcəyindən tam əmin deyilmiş kimi görünər. sürətli danışığın səbəbi dəqiq bilinmir və aparılan araşdırmalar bir çox faktorun birləşərək bu pozuntuya səbəb olduğunu göstərir. Neyrofizioloji amillər də səbəblər içərisindədir. Normal danışanla sürətli danışanların beyin aktivlikləri qeyd olunarkən fərqlilik olduğu aşkarlanmışdır. Bundan başqa genetik faktorlar da təsir göstərir. Uşağın birinci  dərəcəli qohumlarında sürətli danışma və ya kəkələmə kimi problem olması risk faktorları arasındadır. Psixoloji amillər danışıq pozuntusunun artmasına səbəb olur. Xüsusən də şəxs ailəsi, sosial həyatı və ya işi ilə əlaqəli problem yaşayanda, ya da stress altında olduğu vəziyyətlərdə danışığın sürəti artar və anlaşıqlıq azalar. 

Müalicə - problemi hərtərəfli öyrənmək üçün müayinə aparılır ki, buna təsir edən digər nitq pozuntusunun olub – olmamasını aydınlaşdırsınlar. Əgər belə problem varsa ilk növbədə o aradan qaldırılmalıdır. Sonra isə sürətli danışığı müalicə etmək işinə başlanılır. Terapiya əsnasında əldə olunan nailiyyət səsyazan, vaxtı qeyd edən, spidometr kimi müxtəlif cihazlardan istifadə olunaraq qeyd edilməlidir. Uşağın və ya yetkin şəxsin danışığını planlı və orqanizə hala gətirmək üçün nitq ilə ifadə bacarıqları bir arada məşq etdirilər, danışığın başlanğıcına, gedişinə və sonuna diqqət edilməlidir. Müalicənin digər bir məqamı isə uşağın danışığında harada dayanmasını öyrətməkdir.  Terapiya zamanı  uşaq asandan çətinə doğru nəfəs kordinasiyasını idarə etməyi öyrənir. Bu terapiya təxminən 3 ay davam edir və müalicə bitdikdən sonra yenə sürətin artmaması üçün müəyyən zamanlarda kontrol seanslar təşkil olunmalıdır. Uşaqlar problemi tam olaraq dərk etmədikləri üçün terapiyaya qarşı istəksiz ola bilərlər. Bu səbəblə terapiyada fərqlilik yaratmaq böyük önəm daşıyır. Bəzi hallarda valideynlər düşünürlər ki, bu həyəcan kimi səbəblərdən dolayı baş verir və onun problemli vəziyyət olduğunun belə fərqində olmurlar. Yetişkin insanlarda terapiya zamanı qısa müddətə yaxşı nəticələr əldə olunur. Bunun səbəbi yetkin insanlarda motivasiyanın yüksək olması və şəxsin öz istəyi ilə bu problemi həll etməyə yönəlik addım atmasıdır. Belə ki, sürətli danışma şikayəti ilə mütəxəssisə müraciət edən yetkin insanların sayı uşaqlara nisbətən daha çoxdur.
 
 
HAZIRLADI : SEVİNC MƏMMƏDKƏRİMOVA 

ŞƏRH YAZIN