Yeniyetmələr Nə Üçün Özlərinə Zərər Yetirirlər?

0
2168
Yeniyetmələr Nə Üçün Özlərinə Zərər Yetirirlər?

Son dövrlərdə yeniyetmələr arasında özünə zərər yetirmə davranışları ilə çox qarşılaşırıq. Bununla yanaşı əşyalara zərər vermə, aqressiv reaksiyalar kimi ərtafa yönələn davranışlar valideynlərdə ciddi narahatlıqlar yaradır. Yeniyetməlik dörvü təxminən 12 – 18 yaşları əhatə edir, yəni o nə uşaq nə də yetişkindir. Yaşam boyunca hər bir dövrün özünəməxsus xüsusiyyətləri və məqsədi olduğu kimi, yeniyetməlik dövrünün də əsas məqsədi özünü tanıma, şəxsiyyətin inkişafı və problemləri həll etmək bacarığının qazanılmasıdır. Bu dövrdə dəyişən ruhi vəziyyət özünəməxsus əlamətlərlə nümayiş etdirilir. Bir saat əvvəl ağlamaq krizinə girən uşaq, ardından qəhqəhələrlə gülə bilir. Valideyninə ona nifrət etdiyini söyləyə, beş dəqiqə sonra isə onu qucaqlaya bilər. Bu cür emosional vəziyyətlər cinsi  hormonal dəyişikliklərlə də bağlıdır. Yeniyetməliyin ən əsas önə çıxan əlaməti məsələni düzgün təhlil edə bilmədiklərinə görə yanlış qərarlar alma, bunun  da nəticəsi olaraq özünə zərər yetirmə davaranışlarının meydana gəlməsidir. Məhz buna görə valideynlər bu mərhələni yaşayan övladlarına qarşı səbirli olmalı, onların dəyişkən psixoloji vəziyyətlərini daim izləməlidirlər. Hədsiz müdaxilədən uzaq, dinləyən və dəstəkləyən münasibət işləri asanlaşdıracaq. Bu inkişaf mərhələsində daha çox hər hansısa qayda – qanuna boyun əyməmə, özünü ifadə etmə, öz qanunlarını ilə yaşamağa cəhd etmə, anlanılmaması zamanı aqressiv partlayışlar sərgiləmə, bundan çox peşman olma, amma tam olaraq nə edəcəyini bilməmə kimi hallar müşahidə olunur. Uşağınız qollarına, bədəninə, saçlarına, əşyalarına, ətrafa zərər verirsə ona qətiyyən buna görə cəza verməyin. Əvvəlcə problemini anlamağa çalışın. Onların məqsədi əslində diqqət çəkmək deyil, dəyişiklik istəyirlər, yenilik, macəra axtarırlar, amma bunu üçün doğru yollar seçə bilmirlər. Yeniyetmələrin davranışına ailədəki ünsiyyət də təsir edir, təbii ki bu ünsiyyət bir nəfərdən qaynaqlanmır, bütövlükdə ailənin sistemi ilə bağlıdır. Buna görə də terapiya zamanı bütövlükdə ailənin sisteminə nəzər salmaq, aydınlaşdırmaq lazımdır. Ailənin sağlam düşüncəsi, düzgün qərarlar qəbul etməsi, adekvat qaydalar qoymaq və buna ailənin bütün üzvlərinin əməl etməsi, qarşılıqlı anlama və  dinləmə bacarığının olması, uşağa bir şəxsiyyət kimi yanaşma, onun fikirlərinə, hisslərinə  hörmət etmə çox önəmlidir. Həmçinin valideynlərə tövsiyəmiz odur ki, övladınızın yaşantılarına, həyat tərzinə yaxın olun. Belə ki, yeniyetmələr artıq uşaq olmadıqlarını, həyatlarındakı tək vacib şeyin dərs olmadığını düşünür və başqaları ilə ünsiyyətə can atma, yeni tanışlıqlar, sosial əlaqələrini genişlətməyə  olan həvəs göstərirlər. Ümümiyyətlə,  bu yaş dövrünün problemləri ilə qarşılaşan yeniyetmələrin düzgün yollarla özünü ifadə etməni öyrənmələri faydalıdır. Dəyişimin üsulları, özünüinkişaf və s.məsələri öyrənən yeniyetmələr qarşılarına çıxan problemləri həll etmədə daha düzgün yol seçəcək, özünə zərər yetirmə kimi düşüncələri isə lap arxa plana atacaqdır. 


HAZIRLADI : SEVİNC MƏMMƏDKƏRİMOVA 
 

ŞƏRH YAZIN