Ailənizin Fərqindəsinizmi?

0
1021
Ailənizin Fərqindəsinizmi?

Masaya dağılan çayı sakitcə təmizləyərək uşaqlarınızın qəlbində " nə şəfqətli anamız var", — deyə taxt qurdunuzmu bir daha? Bütün bunlar gələcəkdə ən gözəl xatirələr kimi həkk olunacaq yaddaşlarınıza. Biz bunları yaşamasaq xatirələrimiz də olmaz, elə deyilmi? Atalara gəlincə… "Axşam işdən çıxar-çıxmaz evə gəlirəm! Bütün vaxtımı evdə keçirirəm", — deməyin, əziz atalar. Evdə olmaq heç də ailənizlə bir yerdə olmaq deyil. Qəzetinizi oxuyub qurtarmağınızı gözləyən, ya da" oyun qurtarsın, sonra deyərəm", — deyə ətrafınızda  "keşik çəkən" uşaqlarınızın yerinə qoyun özünüzü. Sizin üçün çox əhəmiyyətli olmasa da, qızınız imtahandan 5 aldığını göstərmək istəyir. Oğlunuz futbolda rəqiblərinə necə qalib gəlmələrindən danışaraq, sizi sevindirmək üçün növbə gözləyir… Bir də sizin üçün niyə əhəmiyyətli olmasın ki, bunlar? Uşaqlarınız sizin həyatınızın qayəsi deyilmi? Hətta balaca körpənizin də sizin qayğınıza nə qədər ehtiyacı olduğunu görmək üçün qucağınıza alıb onu bərk-bərk öpün. Şirin-şirin qığıldayıb gülümsəyərək cavab verəcək sizə. Bu gözəllikləri görməməzliyə vuraraq, xatirələrinizi öz əllərinizlə məhv etməyin.

Xanımlar da bəzən təmizlik xəstəsinə çevrilirlər. Axşam sular gələr-gəlməz özlərini mətbəxə və ya hamama salırlar… Oranı sil, buranı təmizlə… Bir də baxırlar ki, həyat yoldaşı qarşısına qoyduqları bir stəkan çayı yarımçıq qoyub, gedib yatmağa… Uşaqların hərəsi bir tərəfdə… Məktəb çantalarını belə yığışdırmadan gedib yatıblar. Belə bir axşamın hansı gözəl xatirəsindən bəhs etmək olar? Vaxtdan necə gəldi istifadə etdiyimiz üçün, gözəl xatirələrə malik olmaq imkanımızı qurban veririk.

Elə isə, hər şeyi bir yerdə etməyə, həyatı ailənizlə birlikdə yaşamağa alışdırın özünüzü. Ailədə hamı bir- birinin evə gedib-gəldiyi saatları bilməlidir. Bütün ailə üzvləri eyni süfrə başına yığışıb, yeməyi bir yerdə yeməlidir. Evin böyüyü işi ilə bağlı axşam yeməyində evdə olmasa belə, ana uşaqlarını bir yerə yığıb birlikdə şam etməlidirlər.

Yuxu saatlarında da uyğunluq şərtdir. Xanım yatdığı halda, səhərə qədər televizora baxan bir kişi və ya həyat yoldaşı yatdığı halda səhərə qədər paltar yuyan bir qadın ailə səadətini nə qədər təhlükə altına atdığını təsəvvür etmək istəmir bəlkə də… Kimin nə vaxt gedib, nə vaxt gəldiyinin məlum olmadığı, qarnı acanın mətbəxdə qarnını doyurduğu, istəyənin yatıb, istəyənin yuxusuz qaldığı bir evə ev demək olar, yoxsa otel? Buyurun, özünüz qərar verin...

 
 

 

ŞƏRH YAZIN