Üzdə Qırışları Yaradan Əsl Səbəbkar

0
228
Üzdə Qırışları Yaradan Əsl Səbəbkar

İstər danışın, istər qaşqabaqlı, istərsə də gülərüz olun. Əgər mimikanızla hər hansısa bir hissi ifadə edirsinizsə, bu zaman üz əzələlərinin hərəkəti nəticəsində simanızda kiçik deformasiyalar yaranır. “Memorial Sloan Kettering Cancer Center”-də (Nyu Yorkda yerləşən xərçəng müalicəsi və tədqiqatı mərkəzi) dermatoloq olaraq fəaliyyət göstərən doktor Anthony Rossi (Antoni Rossi) bildirib ki, bu qırışlar dərinin altında yerləşən əzələnin hərəkətinə perpendikulyar yaranır. “Məsələn, alnımızdaki qırışlar üfüqidir, çünki altındakı əzələlər şaquli hərəkət edir.”

Gülümsəmə mövzusuna gəldikdə isə deyə bilərik ki, bu zaman yaranan uzun xətlər “nazolabial qırışlar” adlanır. Yəni, gülümsəyərkən güzgüdə əksinizə baxsanız, burnunuzun kənarlarından dodaqlarınızın ucuna uzanan mötərizəyə bənzəyən, qövsvari iki xətt görəcəksiniz. Nyu Yorklu dermatoloq doktor Marc Glashofer (Mark Qlashofer) izah edir ki, bu deformasiya siz hər gülümsəyəndə meydana gəlir və yaşınız artsa belə, həmin qırışlar solub getmir. Amma bu səbəblə gülüşünüzü günahkar hesab etməyin, əsl günahkar üz dərinizin azalan elastikliyidir. 
 
Rossi üz dərinizin yenilənməsinə mane olan bioloji dəyişiklikləri “daxili yaşlanma” adlandırır. Dərinizin əsas quruluşunu pozan faktorlar isə itirilən yağlar və əzələ atrofiyasıdır (əzələnin inkişafdan qalması). Rossi-ə görə digər faktor genetika ilə bağlıdır. Belə ki, fərqli genlərə məxsus olan insanların yaşlanma mərhələləri də fərqli olur. Çünki melanin qatılığı və yağ ifrazı da nazolabial qırışlarının nə zamandan iz buraxmağa başlamasını müəyyən edən faktorlardandır. Təəssüf ki, bu nüansları nəzarətə almaq mümkün deyildir. Ancaq nəzarət edə biləcəyiniz bir nüans var: Günəşdən gələn ultrabənövşəyi şüalar. Glashofer deyir ki, “Bu, gözətrafı qırışların yaranmasında önəmli rol oynayır”. Dəriniz nə qədər çox günəş şüası udsa, toxumaların sərtliyi və elastikliyi bir o qədər itər.
 
Bu səbəbdən, Glashofer və Rossi həm UVA, həm də UVB şüalarının dərinizlə təmasını əngəlləmənizi məsləhət görür. Hər iki dermatoloq dərini qurumağa qoymamağı və çoxlu su içməyi faydalı görür. Rossi düşünür ki, H2O derma üçün ən önəmli komponentlərdən biridir (derma – bizi gənc göstərən bütün komponentlərin birləşdiyi proteinlərlə zəngin dəri qatı). O həm də dəri nəmləndiricilərindən istifadə etməyi məsləhət görür.  
 
Retinol əsaslı kremlər yaşın artmasıyla qırışların yaranmasının qarşısını almaq üçün istifadəyə yararlı hesab edilir. Onlar təkcə yeni hüceyrələrin yaranmasına kömək etməklə qalmır, eyni zamanda qırışların görünüşünü yaxşılaşdıran və yaranma sürətini azaldan kollagenin ifrazını da artırır. 
 
Bütün bu açıqlamalara baxmayaraq, gülüşünüzü azaltma seçimindən istifadə etmək də sizin haqqınızdır. Ancaq bu halda günün birində immuniteti gücləndirən, stresin azalmasına öz xidmətini göstərən gözəl bir gülüşü axtaracağınızı da nəzərə alın. Glashofer deyir: “Mən heç vaxt kiməsə gülüşündən uzaqlaşmağı məsləhət  görmərəm, çünki o kəs ki gülə bilir, deməli həqiqətən Allahın bəxtəvər bəndəsidir ”. 
 
 
Tərcümə etdi: Jalə Mirzəyeva   
 

ŞƏRH YAZIN