Kəlmələrin Beyinə Təsiri

0
17187
Kəlmələrin Beyinə Təsiri

Sözlərdə ehtiyatlı olmaq bəlağətli nitqdən daha üstündür. (Frensis Bekon)

İnsanı digər canlılardan fərqləndirən əsas xüsuslardan biri də nitqdir. Nitq isə sözlərdən ibarətdir. Ünsiyyət zamanı bir və ya bir neçə mənası olan sözlərdən istifadə edirik. Kəlmələr insan beyninə, xarakterinə və davranışlarına təsir edir. 
Neyroloq A. Nyuberq və nitq mütəxəssisi M. Robert “Sözlər beyninizi dəyişə bilər” kitabında yazırlar: “Bircə söz belə fiziki və emosional stressi tənzimləyən genlərə təsir edir.”
 
Sevgi, xoşbəxtlik, sevinc kimi pozitiv kəlmələrdən istifadə şüurlu düşüncəni artırır və frontal lobdakı mərkəzləri gücləndirərək beyinin işləməsinə müsbət təsir edir. Müsbət sözlərdən çox istifadə etmək beyinin motivasiya şöbələrini hərəkətə gətirir. 
Mənfi kəlmələrdən istifadə isə stressə nəzarət edən bəzi neyrokimyəvi qanunauyğunluqları pozur. Mənfi söz və ifadələrin beyinə girməsinə icazə verəndə beyindəki qorxu mərkəzi (amiqdala)  aktivləşir və stress hormonları ifraz olunur. Bu hormonlar da məntiqi düşüncənin funksiyasını pozur və “bloklayır”. Mənfi sözlər beyinə xəbərdarlıq siqnalları göndərir. Frontal loblardakı məntiqi düşünmə nahiyələrinin işini ləngidir.  
 
İnsan müsbət və xoş kəlmə fikirləşəndə frontal lob aktivləşir. Bu nahiyədə insanın hərəkətə keçməsinə səbəb olan motor kortekslə birbaşa əlaqəli dil mərkəzləri yerləşir. Diqqəti pozitiv kəlmələrə yönəltmək beyinin digər bölgələrinə də təsir edir. Təpə payının (parietal lob) funksiyasında da dəyişikliklər başlayır. Bu da ünsiyyətdə olduğumuz insanlar haqqındakı qənaətimizi dəyişir, həmsöhbətlərimizin yaxşı yönlərini görməyə başlayırıq. Bunun əksi olanda isə insanlara şübhə və qərəzlə yanaşır, onların daha çox mənfi tərəflərini görürük. 
 
Əsəbiləşəndə də sonradan peşmançılıq gətirən sözlərdən istifadə edirik. Bunun səbəbi gərginlik zamanı beyinin ön lobundakı məntiqi düşünmə nahiyəsinin “dekativ” olmasıdır. Pozitiv kəlmələrdən istifadə edərək ön lobu inkişaf etdirmək mümkündür. Beləcə əsəbi olanda belə özümüzü ələ almağı bacararıq.
Kəlmə, düşüncə və hislər tədricən talamusa da təsir edir. Talamusdakı dəyişikliklər həyatı anlama şəklində də birbaşa özünü göstərir.  
 
Bir araşdırmada hər gün dəftərə üç müsbət və “güclü” söz yazmağın talamusa yaxşı təsir etdiyi göstərilmişdir. Əgər həyatınızda nə isə qaydasında getmirsə, demək mənfi sözlərdən çox istifadə edirsiniz. Bunu müəyyənləşdirmək üçün işlətdiyiniz mənfi kəlmələri yazmaq üçün bir dəftər ayıra bilərsiniz. Və ya bir dəftərə hər gün sizi xoşbəxt edən üç söz yazaraq özünüzü daha sevincli və hərəkətli hiss edə bilərsiniz. Həmçinin diqqətinizi müsbət kəlmələrə yönəldərək sağlamlığınızın qeydinə qala və beyninizin fəaliyyətini artıra bilərsiniz. Mənfi söz və düşüncələrdən qurtulmaq üçün işlətdiyiniz kəlmələrə diqqət edin. Kəlmələrinizi dəyişin həyatınız dəyişsin!
 
Tahir Kamiloğlu
Yaşam Koçu 
 
 
 

ŞƏRH YAZIN