Qaynananızla Eyni Dildə Danışın

0
1684
Qaynananızla Eyni Dildə Danışın

Qayınana-gəlin münasibətləri hər kəsdə və hər zaman parlaq deyil. Bəzən narazılıqlar, bəzən anlaşılmazlıq. Amma əgər münasibət korlanıbsa, onu yoluna qoymaq üçün məsləhətlər də var. 

Tanış olduğunuz ilk vaxtdan etibarən sizi tənqid edən, rəftarıyla əsəbləşdirən qaynananızla bu məsləhətlər sayəsində daha yaxşı yola gedəcəksiniz.  

Onu anlamağa çalışın
Qayınana və gəlin arasında yaranan problemlərin bir çox fərqli səbəbləri ola bilər. Qayınananın özünü oğlu tərəfindən ikinci plana atılmış kimi hiss etmələri əsas səbəb ola bilər. Oğlunun həyatının mərkəzindən uzaqlaşması və yeni biriylə başqa bir həyat,münasibət qurması, qayınananın özünü geri planda hiss etməsinə səbəb ola bilər.Qayınananın sizə qərəzli rəftarının arxasında da məhz bu səbəb yatır. Onu anlamağa çalışın. Qərəzli hərəkətlərinin sizinlə şəxsi bir problemi olduğu üçün yox, içində yer aldığı ruhi vəziyyətindən qaynaqlandığını heç vaxt unutmayın. Bu sizə, onun rəftarına aqressiya ilə yanaşmağınıza mane olacaq.

Aranıza fiziki məsafə qoyun
Müntəzəm bir yerdə olmaqdansa,evlərinizin ayrı şəhər, ölkədə olmağının faydası var. İmkan daxilində qayınananızla bir evdə yaşamayın. Bununla yanaşı, hər qonaqlığa, mərasimə də ərinizə qoşulub getməyin. Amma araya soyuqluğun girməsinə də icazə verməyin. Əgər fiziki məsafə işini mənəvi məsələyə də qatsanız, bundan həm əriniz, həm də onun ailəsi ilə olan münasibətiniz böyük zərər görə bilər.

Qayınananızın tənqidi fikirlərinə soyuqqanlı yanaşın
Qayınananız sizi hər vəziyyətdə tənqid edirsə, günahlandırırsa, təzyiq göstərirsə, başqalarının yanında danışmağınıza imkan vermirsə və özündənrazı olduğunuzu fikirləşirsə, onun bütün bu rəftarları aranızdakı münasibət haqqında həyəcan siqnalı verir. Onun hərəkətlərinə, sizə olan münasibətinizə,aranıza qoyduğunuz soyuqluqla cavab verin. Məsafəli olun. Hətta o sizə yaxşı rəftar etsə də,siz yenə də o məsafəni qoruyun.

Telefonda danışmamışdan əvvəl sakitləşin
Qayınananızla telefon danışığından əvvəl, axırıncı söhbətlərinizi xatırlayın. Əvvəlki telefon danışıqlarınızda qayınananızın sizin gərginləşməyinizə səbəb olan cümlələrini, eyhamlı sözlərini, iynəli atmacalarını nəzərdən keçirin. Sizi əsəbləşdirən bu cümlələri eşidəndə bir daha təkrar sarsılmamağınız üçün zəng etməmişdən əvvəl sakitləşin və belə vəziyyətlə necə mübarizə aparacağınızı fikirləşin.

Hisslərinizi nəzarətdə saxlayın
Qayınananızla aranızdakı münasibətdə hisslərinizə nəzarət edin. Qayınananıza qarşı nə çox kobud, nə də çox səmimi olun. Nə qədər çətin olsa da,qayınananıza qarşı dürüst olmağa çalışın. Hər bir gərginləşmə anında ərinizin anası olduğunu unutmayın və ona qarşı hörmətli rəftar etməyə cəhd göstərin.

Ərinizi və uşaqlarınızı fikirləşin
Əriniz və uşaqlarınızla aranızın pozulmamağı üçün, ailədaxili mehribanlığınızın zərər görməməyi üçün bəzi zamanlarda səssiz qalmağa üstünlük verin. Qayınananızla olan gərgin mübahisəniz bütün ailənin əsəbləşməyinə və gərginləşməyinə səbəb olacaqsa, özünüzün və ailənizin xoşbəxtliyi üçün cavab verməməyə cəhd edin. Qayınananızla olan mübahisələrinizlə və onun sizi kədərləndirən rəftarı ilə mübarizə aparmağın ən yaxşı üsulunun aranıza məsafə qoymaq olduğunu unutmayın.
 
 
 
 
Korrektor:Əhmədova Sevinc

ŞƏRH YAZIN