Üzr İstəməkdən Çəkinmə!

0
1950
Üzr İstəməkdən Çəkinmə!

Ailədə uşaqlar böyüyür, onların tərbiyəsi valideynlərin ən böyük qayğısıdır. Təbii ki, bütün valideynlər öz övladlarının gözəl tərbiyə ilə sağlam yetişməsini arzu edirlər. “Gözəl tərbiyə” dedikdə, əlbəttə, ilk növbədə adamın ağlına ədalətli olmaq, haqqın tərəfində durmaq, başqalarına qarşı səmimi, təvazökar davranmaq, insanlara xeyir verməyə çalışmaq, zülmə boyun əyməmək… kimi keyfiyyətlər gəlir.

Bu saydıqlarımın içərisində ədalət və təvazökarlıq, heç şübhəsiz, çox mühüm yer tutur. Əslinə qalanda əksər müsbət keyfiyyətlər eyni ağacın budaqları kimi bir-birinə bağlıdır.

Biz insanıq və xətalardan, günahlardan sığortalanmamışıq. Bilərək və ya bilməyərək xətalar edirik. Xətamızı anlayan kimi onu düzəltməyə çalışmalıyıq. Bizim üçün ən doğru yol, ən xeyirli seçim də budur

 

Siz ailə başçısısınız və övladlarınız sizin hər əməllərinizə göz qoyur, sizdən öyrənirlər. Öyrənmək deyəndə sınanmış bir gerçək var ki, uşaq eşitdiyini yox, gördüyünü götürür. Əgər siz övladınıza söz verib yerinə yetirməmisinizsə, bir də onunla dürüstlükdən, mərdlikdən, ədalətli olmaqdan danışmağınız əbəsdir. Çünki uşaq o yalanınızı üzə vurmasa da, ürəyində söylədiklərinizə yox, elədiklərinizə görə sizə dəyər verəcək. Valideyn üçün də bu, çox ağır fəlakətdir ki, övladı ona inanmır, sözünə etimad eləmir, amma bunu üzə vurub onu üzmür, sadəcə, ağır yük kimi ürəyinin bir tərəfində saxlayır.

Ola bilsin ki, bir söz vermisiniz və necə olubsa, o vədinizi unutmusunuz. Övladınız da o sözü sizə xatırlatmağa həya edir, istəmir ki, qəlbinizi qırsın və ya sizə inanmadığınızı üzünüzə desin. Üstündən xeyli keçəndən sonra birdən verdiyiniz o söz yadınıza düşür. Övladın nəzərində öz etimadınızı bərpa etmək üçün mütləq üzr istəmək lazımdır. Təkcə üzr istəmək yetərli deyil, verdiyiniz sözü də yerinə yetirməyə çalışmalısınız. Əgər iş işdən keçibsə, yəni o vədiniz daha bir əhəmiyyət daşımırsa və ya onu yerinə yetirmək mümkün deyilsə, o xətanı kompensasiya edə bilmək üçün təkliflər irəli sürməlisiniz. Yəni əsas məsələ etimadı bərpa etmək, övladın nəzərində yalançı valideyn kimi tanınmamaqdır.

Başqa misallar gətirək: sizə lazım olub və heç fərqinə varmadan övladınız üçün çox gərəkli bir kağızı və ya hər hansı yazını onun icazəsi olmadan götürmüsünüz. İndi övladınız o itkinin yerini doldurmaq üçün xeyli əziyyət çəkməlidir. Əlbəttə, üzr istəmək lazım gələcək.

Başqa bir misal: dərs ili başlayıb, amma siz hansısa problem üzündən övladınıza vəd etdiyiniz şeyləri hələ də ala bilməmisiniz. Əlbəttə, həm üzr istəmək, həm də həqiqəti onunla paylaşmaq lazımdır.

Dərs ilini uğurla başa vuracağı təqdirdə, ona velosiped hədiyyə edəcəyinizi demişdiniz, yenə sizdən asılı olmayan və ya hansısa üzrlü səbəbə görə gecikir və övladınız o xəyalına qovuşmaq üçün çox səbirsizlik edir. Yenə həm üzr istəyəcək, həm də gerçəyi söyləyib, bir qədər də gözləməsini xahiş edəcəksiniz.

Təkcə övladdan deyil, həyat yoldaşından, bacıdan, qardaşdan, qonşudan, daha doğrusu, kimə qarşı xəta işləmisinizsə, ondan üzr istəmək sizi ağıllı övladın gözündə daha da ucaldar.

Təbii ki, həssas davranmalı və mümkün qədər xətalardan, günahlardan uzaq durmağa çalışmalıyıq. Amma əlimizdən bir xəta çıxdısa, onu aradan qaldırmaq üçün də əlimizdən gələni etməliyik. Sizin övladınız başa düşməlidir ki, insan başqalarının haqqını tapdamamağı, tapdadısa, xətasını anlayan kimi haqqı, ədaləti bərpa etməyi özünün həyat prinsipinə çevirməlidir.

Əgər siz ailədə, uşaqlarınızın qulağı eşidə-eşidə qonşunun qeybətini edirsinizsə, onun haqqında iftira danışırsınızsa, inanın ki, ən böyük ziyan özünüzə dəyəcək. Çünki bu qədər ağır bir hadisədən sonra övladınız nə qədər çalışsa da, öz nəzərində sizin dürüst insan obrazınızı formalaşdıra bilməyəcək.

Üzr istəmək mənəvi yüksəklikdir, üzr istəyən ədalətli adamdır. Həm də cəza alacağından qorxmadan, güclü, üstün olduğu halda üzr istəmək, qarşı tərəfin kim olmasından, sosial durumundan asılı olmayaraq ondan halallıq istəmək böyüklükdür.

Üzr istəməyi əskiklik sayan, haqsız olduğunu bilə-bilə inad edən, təkəbbürlü davranan heç vaxt yaxşı adam ola bilməz.

Təvazökarlıq insanın böyüklüyünün, təkəbbür isə kiçikliyinin ölçüsüdür. El arasında deyildiyi kimi, ağac nə qədər çox bar verirsə, başını o qədər aşağı dikər. Barlı ağac kimi dolu olub, təvazökar davranmaq üstünlükdür.

Bu məsələdə orta yolu tutmaq çox önəmlidir. Təkəbbür göstərmək zərərli, özünə zülm etmək olduğu kimi, xəta işləməyi və üzr istəməyi adət halına gətirmək də insana bir şey qazandırmaz. Amma bütün hallarda üzr istəmək təkəbbürdən daha yaxşıdır.

Biz uşaqlarımızdan üzr istəməyi bacarmalıyıq ki, onlar da bir xəta işlədiklərini anlayan kimi üzr istəyə bilsinlər. Yəni tərbiyənin təməli valideynlərin üzərinə düşür. Bu mövzuda valideynlər nə əkərlərsə, onu da biçərlər. Doğrudur, bəzən bu prinsip də özünü doğrultmur, amma hər halda biz valideyn olaraq boynumuza düşənləri qüsursuz şəkildə yerinə yetirməklə mükəlləfik.

Üzr istəməyi bacarmayan övlad ya bunun qarşılığını nə zamansa ağır cəza ilə ödəməyə məhkum olur, ya da bu təkəbbürünə görə cəmiyyətdən çıxdaş edilir. Əslində bu cür insanları kimsə sevməz, onlara etibar, etimad etməz. Üstəlik də, təkəbbür elə bir mənəvi xəstəlikdir ki, uzaq çevrədən başlayaraq mərkəzə doğru yaxınlaşır və bir gün övlad eyni münasibəti ən yaxınlarına, valideynlərinə belə göstərir.

Üzr istəyəni bağışlamaq da mənəvi ucalığın, böyüklüyün əlamətidir. Bəndələrinin günahlarını bağışlayan Allah bu yolu tutan qullarını sevər.

Evdə övladlar böyüyür. Siz bəzən onlarla söhbət edirsiniz və bu söhbət zamanı öyüd-nəsihət verirsiniz, amma əmin olun ki, onlar sizdən eşitdiklərini deyil, gördüklərini götürürlər. Ona görə də nə dediyinizi və nə deyəcəyinizi irəlicədən yaxşı-yaxşı ölçüb-biçməlisiniz. Övladınızın ədalətli, təvazökar, səmimi, xeyirxah olmasını istəyirsiniz. Bunun üçün gərək onda görmək istədiyiniz keyfiyyətləri özünüz yaşayaraq nümayiş etdirəsiniz. Uşaq sizin söylədiklərinizi sözdən deyil, gördüklərindən alaraq öz ruhuna, xarakterinə hopdurmalıdır. Əgər bunu bacarsanız, demək, məqsədinizə nail ola bilmisiniz.

Üzr istəməkdən çəkinməyin. Siz övladınızdan üzr istəyin ki, o da böyüyüb bir xəta işləyəndə başqalarından üzr istəyə bilsin. Yoxsa hansı əməl boşa gedəcək ki?! Bir gün hər şeyin hesab-kitabı olmayacaqmı?- Əlbəttə, olacaq. Var, inanın ki, var, hər alınan nəfəsin, hər atılan addımın hesab-kitaba çəkiləcəyi bir gün var. Övladınızı o günə hazırlamaq istəyirsinizsə, bu dediklərimiz haqqında ciddi-ciddi düşünməlisiniz. Düşünün, doğru istiqamətdə düşünmək də ibadətdir. Düşünün, Allah köməyiniz olsun!

 Korrektor redaktor:Salmanlı Ayna

ŞƏRH YAZIN