Heç bir səhv, insan həyatından dəyərli deyildir

0
2545
Heç bir səhv, insan həyatından dəyərli deyildir

Keçmiş acılı-şirinli xatirələrlə həyat kitabımızın bir bölümüdür. Uğurlu insanlar keçmişdən dərs alıb, bugün üçün nəticə çıxarıb, gələcəyə addımlayarlar. Uğursuz insanlar isə keçmişin yükü altında əzilər, bu yükdən xilas olmaq yerinə bu yüklə yaşamağa adət edərlər. Sözləri, düşüncələri hətta davranışları belə keçmişə istiqamətlənmişdir. Hər söhbətlərində keçmiş var, keçmişdə olanlar var, keçmişdə olub bitmiş bu gün ancaq peşmanlığa səbəb olan məsələlər var. Hafizələri doludur, yaddaşları möhkəmdir.

Keçmişdə yaşananlar və xüsusən də keçmişdə olan xətalara və səhvlərə görə bu günü zəhər edər, həyat sevincini söndürərələr. Halbuki, Uca Allah tövbə edənləri bağışlayar. İnsan səhvini anlayar və yanlış yoldan dönər. Konstitusiyamızda da bir insan törətdiyi əmələ görə yalnız bir dəfə məhkum edilə bilər. Bu uğursuzlar isə insanı dəfələrlə ittiham edər və ömür boyu məhkum olmasını istəyərlər. Həyat sadəcə tək bir kadrdan ibarət deyildir. İnsana bir səhvə görə dəfələrlə əzab vermək, ona səhvlər bataqlığında içgəncə etmək olmaz. Kim səhv etmir ki, səhvsiz insan varmı?

Bir insan öz səhvini etiraf edib, üzr istəyib, cəzasını çəkdikdən sonra edə biləcəyi heç bir şey yoxdur. Ona anlayış göstərilməlidir. Bu həyatda heç kim, heç nədən sığortalanmayıb. Keçmişin bu günü və gələcəyi məhv etməsi yol verilməzdir. Hər bir insan öz səhvinin qurbanı olmamalı, yaşayaraq etdiyi səhvi unutdurmalıdır. Səhvlər bizi doğruya aparmalıdır. Səhvlər bizi doğulduğumuza peşman etməməlidir. Heç bir səhv, insan həyatından dəyərli ola bilməz. Heç bir səhv, insan həyatından dəyərli deyildir.
 
Rəşadət Hidayətov
 

ŞƏRH YAZIN