İstəkli Kürəkən - Əsmər Yusifzadə (İkinci Hissə - On Beşinci Bölüm )

0
2077
İstəkli Kürəkən - Əsmər Yusifzadə (İkinci Hissə - On Beşinci Bölüm )

Bölüm iştirakçıları:
Nərgiz – gənc xanımdır.
Tural – Nərgizin əri
Pərvin – Nərgizin anası
Fərid – Turalın dostu
İlqar – Nərgizin qardaşı
Leyla – gənc xanımdır
Vasif – Zərifin atası
Çimnaz – Zərifin anası
Jalə - Teymurun qız dostu
Şölə - Jalənin bacısı
Nazlı – qulluqçu
Anar – Leylanın əri
Teymur – Nərgizin böyük qardaşı
Polis
Uşaq
 
XXX
 
1/ Şölənin mənzili.
Şölə, Jalə. Qulluqçu Nazlı qapının arxasından qulaq asır.
Jalə - Sən məni sakitləşdirmək istəyirsən. Onsuz da əvvəl-axır hər şeyi biləcək.
Şölə - Sən deməsən hardan biləcək?
Jalə - Bilmirəm, sən vurmadın, mən yıxılmadım. Bəs nə oldu? Pullar öz-özünə yoxa çıxdı?
Şölə - Qoy o məsələ ilə polis məşğul olsun. Sənə nə? Sən ziyan çəkən tərəfsən. Sən o qədər pulunu itirmisən. Sən kirayədə yaşayırsan, sən əziyyət çəkirsən! (diqqətlə Jaləyə baxır) Üzünün bu ifadəsini saxla. Amma başqa məqsəd üçün. Teymur üçün. Teymur elə bilməlidir ki, pulların oğurlanması səni bu günə qoyub. Necədir? Ha, ha, ha (ürəkdən gülür). Qorxma, inanacaq. Bu da sənə bir dərs olar. Dur Teymura zəng vur.
Jalə - Niyə? Nə deyim?
Şölə - Halını soruş, gör polislərin araşdırması bir nəticə verdi? Ha, ha, ha (ürəkdən gülür).
 
XXX
 
2/ Həyət. Universitetin binası görünür.
İlqar bir yerdə dayanıb. Leylanı gözləyir. Leyla görünür, yanında cavan bir oğlan da var. Onlar nə barədəsə danışıb gülürlər. Bu, İlqarı əsəbiləşdirir. Qeyri-ixtiyari onlara yaxınlaşır, oğlanın yaxasından tutur.
Oğlan – Burax məni! Nə istəyirsən? Kimsən sən?
(Leyla belə vəziyyət yaranacağını gözləmirdi).
Leyla – Burax onu! Nə edirsən? Bu nədir? (Oğlana müraciətlə) Sən get. Sonra danışarıq (Oğlan əvvəl Leylaya, sonra İlqara sınayıcı nəzərlə baxır).
Oğlan – Bəlkə qalım? Sizi evinizə ötürərəm.
Leyla – Narahat olma. Özüm gedəcəm.
 
XXX
 
3/ Leyla-İlqar.
Leyla – Bu nədir? Sən nə edirsən?
İlqar – Bu kimdir?
Leyla – Sənə nə var? Məni qısqanırsan? Nə haqla?
İlqar – Sən iş yerini ona görə dəyişmisən?
Leyla – Tutaq ki, ona görə. Sənə nə dəxli var?
İlqar – Var! Mənə dəxli var! Var! Mən səni sevirəm! Səni heç kim mənim kim sevə bilməz!
 
XXX
 
4/ Tural parkda skamyada oturub. 
Fikirlidir. Dostu Fərid onu görür, yaxınlaşır.Tural–Fərid (Turalın dostu).
Fərid – Niyə tək oturmusan?
Tural – Heç, elə-belə, fikirləşirəm.
Fərid – Yüz fikir bir borcu ödəməz.
Tural – Borcum yoxdur. Borcum olsaydı, fikir çəkməzdim.
Fərid – Hə, dostum. Danış görək, nə dərdin var. Ürəyində saxlama. Deyirlər ki, dərdi bölüşəndə azalır (Tural heç nə demir). Başa düşdüm, ailə məsələsidir.
Tural – Nə bildin?
Fərid – Bunu bilməyə nə var ki? Əgər kişi işdən sonra evinə getmirsə, deməli... ailədə problem yaranıb.
Tural – Deyəsən mən səhv etmişəm, mən evlənməkdə tələsmişəm.
 
XXX
 
5/ İlqar-Leyla.
Leylanın hirsi bir qədər soyuyub.
Leyla – (yumşaq tərzdə) Başa düş, mən subay deyiləm, mənim ailəm var.
İlqar – Mən səndən heç nə istəmirəm. Qayıt öz iş yerinə (Leylanın əlini qaldırıb öpür). Belə gözəl əl heç kimdə yoxdur.
(Leyla əlini onun ovcundan çıxarmağa cəhd edir).
Leyla – (sakit tərzdə) Sən bilirsən mənim neçə yaşım var?
İlqar – Bilirəm. Sən ərə getməyə niyə tələsdin?
(Leyla gülür. Hərəkətlərində şıltaqlıq yaranır. Hiss olunur ki, İlqarın hərəkətləri onu daha əsəbiləşdirmir). Niyə məni gözləmədin? (Leylanı qucaqlayır) Sən mənə lazımsan. Mən sənsiz yaşaya bilmirəm. Sən mənim həyatımsan.
 
XXX
 
6/ Tural-Fərid. (Turalın dostu)
Fərid – Xasiyyətiniz uyğun gəlmir?
Tural – Hə, belə demək olar.
Fərid – Bu təbiidir. Əslində elə belə də olmalıdır. Bəs nə bilmişdin? Başqa-başqa ailədə böyümüsünüz. Hər kəsin öz xarakteri formalaşıb. Sən istəyirsən bu qısa müddətdə xasiyyətiniz tam uyğunlaşsın?
Tural – Demirəm tam uyğunlaşsın. Heç olmasa bir az, qismən. Heç olmasa buna çalışsın.
Fərid – Hə, dostum, bunu sən evlənməmişdən əvvəl yoluna qoymalı idin.
Tural – Bizim xasiyyətimizin uyğun olmadığını görürdüm. Amma fikirləşirdim ki, sonra düzələr.
Fərid – Bax, elə burada səhv etmisən. Xasiyyət nə dəyişir, nə də düzəlir. Heç buna çalışma da. Əgər xırda məsələdirsə, boş ver getsin.
 
XXX
 
7/ İlqar-Leyla.
Leyla – Sənin öz həyatın olacaq. Sevdiyin qız da olacaq.
İlqar – Mən heç kimi sevə bilmərəm. Ürəyimdə boş yer qalmayıb. Bax... (Leylanın əlini öz ürəyinin üstünə qoyur). Bu ürək ancaq sənin üçün döyünür.
 
XXX
 
8/ Tural-Fərid.
Fərid – Sən onunla əmr tonunda danışsan, heç nə alınmayacaq.
Tural – Bəs nə edim? Xoşluqla alınmır.
Fərid – Ya ona güzəştə getməlisən, qoy necə istəyir, elə də eləsin, ya da onunla məsləhət şəklində danış. Bəlkə belə geyinəsən? Bu sənə heç yaraşmır. Belə geyinsən daha yaxşı görünər. Necə bilirsən?
 
XXX
 
9/ İlqar-Leyla.
İlqar – Gəl bazar gününü bir yerdə keçirək.
Leyla – Hara gedək?
İlqar – Elə yerə ki, orada ancaq ikimiz olaq – sən və mən. Razısan?
Leyla – Ora çox romantik yer olmalıdır.
İlqar – Razısan! (Leylanı bir də qucaqlayır). Mən səni gözləyəcəm. Sabah... Səni gözləyəcəm.
 
XXX
 
10/ Çimnazın mənzili. 
Qapının zəngi çalınır. Çimnaz qapını açır. Polis dayanıb.
Polis – Bura 26-cı mənzildir? Vasif (əlindəki kağıza baxır) Əmirxanov bu evdə yaşayır?
Çimnaz – Yox... Hə... Nə olub ki? Vasifi neyləyirsiniz?
Polis – Vasif Əmirxanov evdədir?
Çimnaz – Yox, evdə deyil.
Polis – Bura qol çəkin (kağızı göstərir).
Çimnaz – Bu nədir? (diqqətlə baxır, qol çəkir)
Polis – Vasif Əmirxanov polis məntəqəsinə gəlməlidir. Müddət burada göstərilib (kağıza işarə edir).
Çimnaz – Vasifin polisdə nə işi?
Polis – Bir oğurluq hadisəsi baş verib.
Çimnaz – Vasifi yenə də soyublar?
Polis – Yox, bir evi soyublar. Əmirxanovun izahatı alınmalıdır. Göstərilən müddətdə mütləq məntəqədə olmalıdır.
(Polis gedir).
Çimnaz – Gör bu kişi nə günə düşüb? Gör o ləçər bunu nə günə salıb? Ölsün! Ona bu da azdır! Bu hələ harasıdır? O, türmələrdə çürüyəcək!
 
XXX
 
11/ Vasifin kabineti. 
Telefon zəng çalır. Zərifdir.
Zərif – Papa, səni polisə çağırırlar.
Vasif – Gedərəm, vaxt tapıb gedərəm.
Zərif – Bu gün mütləq orda olmalısan.
Vasif – Niyə narahat olursan? Mənim polislik işim yoxdur, qorxma. Hə, bəlkə o arvadı tapıblar, məni aldadanı. Elə bu gün gedərəm.
 
XXX
 
12/ Polis məntəqəsi. 
Vasif gəlir. Salamlaşır. Polislə üzbəüz oturur.
Vasif – Axır ki onu tutdunuz?
(Polis Vasifin sözünə əhəmiyyət vermir)
Polis – Sizə bir neçə sual verəcəm. Çalışın, doğru cavab verəsiniz.
Vasif – Buyurun, eşidirəm.
Polis – Şölə xanımı tanıyırsınız? Bir yerdə yaşayırsınız? (Vasif tutulur). Neçə ildir?
Vasif – Bu nə sorğu-sualdır? Bu, cinayət hesab olunur?
Polis – Xahiş edirəm, suallarıma cavab verin. Yəqin Jalə xanımı da tanıyırsınız?
Vasif – Əlbəttə, bu nə sualdır?
Polis – Yəqin Jalə xanımın evindəki oğurluqdan xəbəriniz var. (diqqətlə Vasifin üzünə baxır)
Vasif – Var. Xəbərim var. Sonra?
Polis – Məsələ bundadır ki, bu oğurluğu ev adamlarından biri edib. Qapı öz açarı ilə açılıb, pullar yox olub. Daha heç nəyə toxunulmayıb. Sizcə bunu kim edər?
Vasif – Məndən soruşursunuz? Oğrunu siz tapmalısınız.
Polis – Biz deyirik oğru... ev adamlarından biri olub (aramla danışır).
Vasif – Siz məndən şübhələnirsiniz? Mən ev adamı deyiləm. Mən onların heç evini də görməmişəm. Məni oğurluqda günahlandırırsınız?
Polis – Biz hələlik heç kimi günahlandırmırıq. Biz tədqiqat aparırıq.
Vasif – Nədənsə tədqiqatların nəticəsi olmur.
Polis – Hə, bizi də şübhələndirən odur ki, sizlə bağlı olan cinayət hadisələrini açmaq olmur. Hər iki hadisə çox məharətlə işlənib.
 
XXX
 
13/ Leyla. Yaşadığı bina.
Liftə minmədən pilləkənləri qaça-qaça, birnəfəsə qalxır. Qapılarının zəngini basır. Qapını əri açır.
Anar – Nə olub sənə? Çox həyəcanlısan. Bir hadisə baş verib?
Leyla – (İçindən gələn sevinc dolu həyəcanını güclə ört-basdır etməyə çalışır). Pilləkənləri piyada qalxmışam.
Anar – Niyə, lift işləmir? Mən gələndə işləyirdi.
Leyla – Lift? Bilmirəm. Mən özüm liftsiz qalxdım.
Anar – Altı mərtəbəni liftsiz qalxmısan? Lift işləyə-işləyə?
Leyla – Bir az kökəlmişəm. Ona görə liftə minmədim.
Anar – Adam yaşa dolduqca bir az kökəlməlidir. Bundan ötrü özünə əziyyət verməyə dəyməz.
(Ərinin son sözləri cavabsız qalır. Əslində Leyla heç onları eşitmir də. Həyəcanını gizlətmək üçün tez otağa keçir).
 
XXX
 
14/ Teymurla Jalənin yaşadığı mənzil.
Jalə - Mən günahkaram, mən, mən! Bu pulların itməsinə mən bais oldum (öz sözlərindən qorxur). Mən evdə olsaydım... (Teymur Jalənin vəziyyətini görüb ona ürək-dirək verir).
Teymur – Sən özünü bu qədər üzmə. Olacağa çarə yoxdur. Sən nə edə bilərdin? Hələ yaxşı ki, sən evdə olmamısan. Onlar səni də öldürə bilərdilər. Əgər günün-günorta çağı risk edib evə giriblərsə... Onlardan hər şey gözləmək olardı.
Jalə - Kaş mən öləydim. Bu qədər pulu...
Teymur – O pulu mən qazanmamışdım? Yenə də qazanacam. Söz verirəm, cavan, sağlam adamlarıq. Bizə nə olub?
Jalə - Mən də işlyəcəm. Mən sənə kömək edəcəm.
Teymur – Doğrudan? (zarafatyana) İşimiz düzəldi ki. Bax belə, gülümsə. Hər şey düzələcək. Bizim öz evimiz olacaq... çox tezliklə mənzil alacam.
Jalə - Necə alacaqsan? Hansı pulla?
Teymur – Eybi yox, kreditnən alaram.
 
XXX
 
15/ Leylanın mənzili. Mətbəx.
Leyla-Anar.
Leyla mətbəxdə yemək hazırlayır. İş görə-görə dodaqaltı mahnı oxuyur, rəqs edir. Çox şən görünür.
Anar – Sənə nə olub?
Leyla – Heç nə.
Anar – Təzə işin necədir?
Leyla – Nə?.. İşim?.. Yaxşıdır.
Anar - Sən hardasan?
Leyla – Evdə... Necə bəyəm?
 
XXX
 
16/ Leyla-Anar-uşaq (4-5 yaşlarında)
Anar – Evdəsən? Buna əminsən?
(Leyla qızarır. Özünü ələ almağa çalışır).
Leyla – (zarafata keçir) Məncə... evdəyəm. Sən mənim həyat yoldaşımsan, bu uşaq isə... (dayanır, guya fikirləşir) Bu uşaq mənə tanış gəlir (Ərinə müraciətlə). Sən bilmirsən bu uşaq kimdir? Və bizim evdə nə edir?
Anar – Mənə də tanış gəlir (Leylanın zarafatını tutur). Onu hardasa görmüşəm.
(Uşaq təəccüblə ata-anasına baxır. Sonra qalxıb gah atasını, gah da anasını qucaqlayır).
Uşaq – Siz məni tanımırsınız? Cavab verin, tanımırsınız?
(Hər üçü bir-birini qucaqlayır, şaqqanaq çəkib gülürlər).
 
XXX
 
17/ Tural-Nərgiz. 
Turalın mənzili. (Nərgiz bridji şalvarda, qısa koftadadır).
Nərgiz – Niyə belə baxırsan? Xoşuna gəlmir? Mənə yaraşmır?
Tural – Xoşuma gəlir. Sənə də çox yaraşır.
Nərgiz – Doğru deyirsən?
Tural – Doğru deyirəm. Amma mən istəyirəm ki, sən ancaq mənim yanımda belə geyinəsən. Küçədə belə gəzən qızlara pis baxırlar. Mən səni çox sevirəm. İstəmirəm ki, kimsə sənə pis gözlə baxsın.
 
XXX
 
18/ Leylanın mənzili.
Leyla-Anar-uşaq.
Uşaq – Deyin ki, məni sevirsiz. Deyin ki, siz məni sevirsiz.
Leyla – Əlbəttə sevirik, mənim balam.
Anar – Biz zarafat edirdik.
Uşaq – Bir də belə zarafat etməyin. Yaxşı? Mən çox qorxdum. Axı mən uşağam.
Anar – Yaxşı, eləmərik.
Leyla – Sən bil ki, biz səni çox sevirik, lap çox.
Anar – Dünyalar qədər.
Uşaq – Siz məni atmazsınız?
Leyla – Bu nə sözdür? Əlbəttə yox. Sən bizim canımızsan.
(Hər üçü yenidən qucaqlaşır).
 
XXX
 
19/ Leylanın mənzili.
Leyla-Anar-uşaq.
Anar – Sizə bir sual verim, görək kim tez tapacaq. Sabah hansı gündür?
Uşaq – (cəld) İstirahət günüdür. Sabah mən bağçaya getməyəcəm.
Anar – Bir təklifim var. Görək kim məni müdafiə edəcək. Gəlin sabah şəhər kənarına gedək. Təbiətin qoynuna.
Uşaq – Ura! Gedirik. Mən maşında qabaqda oturacam.
Anar – Bəs mama nə deyir? Gedirik?
Leyla – Mən... yox, gedə bilmərəm. Tələbələrə söz vermişəm... Muzeyə gedəcəyik.
(Ata-oğul təəssüflə bir-birinə baxırlar).
Uşaq – Yox, biznən get.
 
XXX
 
20/ Pərvinin mənzili. 
Pərvin-Nərgiz. Nərgiz anasına şikayət edir.
Nərgiz – Onu geymə, bunu geymə. Nə alıram, bəyənmir – bu qısadır, bu dardır... Elə bil 19-cu əsrdir.
Pərvin – O sənin ərindir. Çalış ərin necə istəyir elə də geyin.
Nərgiz – Mən onun istədiyi kimi geyinə bilmərəm.
Pərvin – Amma nişanlı olanda geyinirdin.
Nərgiz – Mən elə onda səhv eləmişəm. O gərək məni olduğum kimi qəbul edəydi. Necə varamsa, o cür.
Pərvin – Onda Tural heç vaxt sənə evlənməzdi.
Nərgiz – Mən evdə qalacaqdım? Mənə nə olub? Koram, keçələm?
Pərvin – Bilmək olmaz kimə rast gələcəkdin? Bu cür oğlanı haradan tapacaqdın?
Nərgiz – Onun kimisini heç yerdə!
 
XXX
 
21/ Pərvin-Nərgiz.
Pərvin – Səninki ərə gedənə qədər idi? Elə ərə getdin qurtardı? Nə istəsən edə bilərsən?
Nərgiz – Elə onda da sən məni məcbur edirdin – elə geyin, belə geyin. Mən beləyəm, özümü dəyişə bilmərəm.
Pərvin – Ailədə mənəm-mənəmlik olmaz. Hər işi məsləhətlə görmək lazımdır.
Nərgiz – Elə həmişə mən güzəştə getməliyəm? Nəyə görə? Nəyin xatirinə?
Pərvin – Özünə görə, öz ailənə görə.
Nərgiz – Qoy onda Tural güzəştə getsin. Olmaz?
Pərvin – Tural yaxşı oğlandır. Sən on il də axtarsan, belə ər tapmazdın!
Nərgiz – Tapanda gedərdim. Bir də nə Tural-Tural deyirsən. Onun nəyi var? Nəyin xatirinə mən ona güzəştə getməliyəm? O olmasa mən nə itirəcəm?
 
XXX
 
22/ Pərvinin mənzili.
Telefon zəng çalır. Teymurdur.
Pərvin – Salam, oğlum. Səsinə nə olub? Xəstələnmisən? Sizə oğru gəlib? Nə aparıb? Yaxşı, əsəbiləşmə. Gələrsən,danışarıq (dəstəyi yerinə qoyur).
Nərgiz – Nə olub? Rəngin niyə qaçdı?
Pərvin – Teymurun evinə oğru girib.
Nərgiz – Nə aparıblar?
Pərvin – Demədi. Bir azdan gələcək.
Nərgiz - Yaxşı ki, özlərinə bir şey olmayıb.
Pərvin – Oğurluq məsələsinə mən inanmıram. Burada başqa bir iş var. Bu, o iki bacının işidir. Onlar Teymuru quru yerdə qoyacaqlar. Mənim oğlum niyə bunu başa düşmür?!
 
XXX
 
23/ Pərvinin mənzili. 
Teymur-Pərvin xanım. Teymur Jaləni sakitləşdirsə də özü çox pərt olur. Hadisəni anasına danışır. Anası Pərvin xanım evə oğru gəldiyinə inanmır.
Teymur – Sənin Jalədən xoşun gəlmir, ona görə belə danışırsan.
Pərvin – Mənim Jalədən xoşum gəlmir, gələ də bilməz. Bu öz yerində. Amma gəl, soyuq başla fikirləşək. Pulu evin içindən kim götürə bilərdi? Özün deyirsən ki, qapı sındırılmayıb, pəncərə açılmayıb.
Teymur – Mən də səndən soruşuram – Jalə o pulu niyə oğurlamalı idi? Axı o pul onun idi. O pulu elə belə də götürə bilərdi. Nə istəsə özünə ala bilərdi. Mən o pulları kilid altında saxlamırdım. Hələ bu bir yana, ona verdiyim pullara da heç nə almırdı, yığırdı ki, ev alaq. Onu görsən tanımazsan, gecə-gündüz ağlayır.
Pərvin – Sən çox ağıllı afiristə rast gəlmisən. Gör sənin saqqızını necə oğurlayıb? Bəs nə etməliydi? Bəs sənin başını necə bişirməlidir? Teymur, oğlum, bu iş sənə dərs olmalıdır. Bu oğurluq o iki bacının işidir. O pullar cəhənnəm olsun. O qızı rədd elə. Qayıt evə. Bu hadisəyə bir kənardan bax. Onda hər şeyi başa düşəcəksən.
Teymur – Yenə başladın? Sənin bir fikrin var! Necə edəsən ki, bizi ayırasan. Nə var-nə var, mən sənin istədiyin qızla evlənmirəm. Jalə mənim xoşuma gəlir. Mən onunla evlənəcəm. Sən razı olsan da, olmasan da! Mənim evə qayıtmağımı istəyirsənsə, Jaləni də qəbul etməlisən. Mən sözümü dedim.
 
XXX
 
15-ci bölümün sonu

(Ardı var)

ŞƏRH YAZIN