İstəkli Kürəkən - Əsmər Yusifzadə (İkinci Hissə - On Üçüncü Bölüm )

0
1743
İstəkli Kürəkən - Əsmər Yusifzadə (İkinci Hissə - On Üçüncü Bölüm )

Bölüm iştirakçıları:
Nərgiz – gənc xanımdır.
Pərvin – anası, evdar qadındır.
Teymur – böyük qardaşı
İlqar – əkiz qardaşı
Jalə - Teymurun istədiyi qız
Oqtay – Jalənin internetdə tanış olduğu oğlan
Tural – Nərgizin əri
Aynur – qonşu qız
Pikəxanım – falçı
 
XXX
 
1/ Turalın mənzili. 
Tural-Nərgiz. Kiçik mənzildir. Bir otaq və bir mətbəxdən ibarətdir. Bazar günüdür. Tural mətbəxdədir. Çay dəmləyir. Nərgiz yatır. Tural ehmalca Nərgizə yaxınlaşır. Yumşaq səslə, qayğıkeşliklə:
Tural – Nərgiz, durmaq vaxtıdır, çay hazırdır.
Nərgiz – Mən yatmaq istəyirəm.
Tural – Çox yatmaq yaxşı deyil. Sonra başın ağrıyacaq. İstəyirsən sənin üçün kakao bişirim?
Nərgiz – Necə kakao? Südlə?
Tural – Əlbəttə.
Nərgiz – Yox, mənim süddən zəhləm gedir.
Tural – Yeməyi elə bura gətirəcəm, uzanan yerdə ye.
Nərgiz – Yaxşı, dururam. Qoymazsan ki, istirahət günü istədiyim qədər yatam?
Tural – Yox, yox, durma. Əgər istəyirsənsə, yat. Amma bir şərtlə. Səhər yeməyini ye, sonra. Danışdıq?
Nərgiz – Yaxşı.
 
XXX
 
2/ Mənzil. 
Pərvin otaqda var-gəl edir. Narahatdır. Öz-özünə danışır.
Pərvin – Mən öz oğlumu tanıya bilmirəm. Elə bil onu dəyişiblər, heç nə görmür, heç nə eşitmir. Ona nə isə ediblər. Ona cadu ediblər. Başqa cür ola bilməz. Niyə bu, indiyə kimi mənim ağlıma gəlməyib? Yaxşı falçı tapsaydım...
(Bu vaxt qapının zəngi çalınır. Gələn qonşudur).
Qonşu – Xəbərin var xəbərdən?
Pərvin – Yenə nə olub?
Qonşu – A, xəbərin yoxdu? Pikəxanıma vergi verilib.
Pərvin – Pikəxanım kimdir?
Qonşu – Gəl onu da tanıma. 1-ci blok, 1-ci mərtəbə.
Pərvin – O süpürgəçi Pikəni deyirsən? Sən Allah, qoy oturmuşuq. Sən də lap avamsan ey. Kimdi ona vergi verən?
Qonşu – Pərvin canı, düz sözümdü. Bütün qonşular onun evindədir. Belə möcüzədi ey. Evdə nə yeyirsən, nə içirsən, onu da bilir.
Pərvin – Bunu bilməyə nə var? Adam nə yeyər? Ot yeməyəcək, saman yeməyəcək.
Qonşu – Səni qınamıram, özüm gözlərimlə görməsəydim, mən də inanmazdım. Balacaxanıma bilirsən nə dedi? Bax, bu qulaqlarımla eşitdim. Dedi ki, sən həmişə xörəyi qırmızı soğanla bişirirdin. Dünəndən keçmisən ağ soğana. Balacaxanım quruyub qaldı. Bunu sən, mən bilirik? Yox! Mehribanla getmişdik.
Pərvin – Mehriban kimdir?
Qonşu – 1-ci blok, 5-ci mərtəbə.
Pərvin – Hə, tanıdım, o cavan gəlin.
Qonşu – Özüdü ki, var. Ona dedi ki, saçının kraskasını dəyişdirmisən. Ay qız, kraskaların adını da dedi.
Pərvin – Bunlar təsadüfdü. Mən belə şeylərə inanmıram.
Qonşu – Dur gedək, uzaq deyil ki, qonşudu da. Özü də çox pul götürmür. Kim nə istəsə verir.
Pərvin – İndi gecdir. Sabah gündüz gedərik.
Qonşu – Az, elə axşam adamları qəbul edir də. Gündüz onun vaxtı haradaydı. Bütün günü bu həyətləri süpürür. Bir gün süpürməsə, bilirsən də buralar nə gündə olar.
Pərvin – Ondan danışma. Yaxşı, dur gedək.
 
XXX
 
3/ Jalə-Teymur. 
Teymur işə getməyə hazırlaşır. Jalə nə isə edir. Hiss olunur ki, həyəcanlıdır. Həyəcanını gizlətməyə çalışır. Arxası Teymura tərəfdir.
Teymur – Mən gedirəm...
Jalə - (tələsik) Get, get.
Teymur – Evə nə isə lazımdır?
Jalə - Hə? ... Yox, lazım deyil. Sən get.
Teymur – (bir qədər təəccüblənir). Bəs sən nə edəcəksən? Bir planın var bu günə?
Jalə - (qorxur) Nə? Nə plan?
Teymur – (gülümsünür) Niyə qorxdun? Yəni soruşuram ki, bu gün nə işlə məşğul olacaqsan?
Jalə - Bir iş tapacam. Sən get (zorla özünü ələ alır), yoxsa gecikərsən.
Teymur – Yaxşı, darıxma, çalışacam tez gəlim. Sənə bir ev tapşırığı verirəm – mən gələnə kimi hazır olmalıdır. (Jalə qorxaq gözlərlə Teymura baxır). Sən bir plan hazırlamalısan.
Jalə - (həyəcanla) Nə plan? Mən heç nə hazırlamıram.
Teymur – Sənə nə olub? (Kompüterə işarə ilə) Ora az bax. Orada nə oxumusan? (Kompüterə yaxınlaşmaq istəyir)
Jalə - (cəld kompüterin qabağını kəsir) Daha oxumayacam, sən get, narahat olma.
Teymur – Yaxşı, mən tələsirəm. Sən fikirləş, bu axşamı biz harada və necə keçirəcəyik? Oldu? (Jalənin burnuna çırtma vurur) Danışdıq? (Jalə gülümsəməyə çalışır) Darıxma.
(Teymur otaqdan çıxır. Jalə yerindən tərpənmir. Telefonu zəng çalır. Jalə diksinir. Cəld telefonu götürür).
Jalə - Harada gözləyirsən? Pullar hazırdır. Gəlirəm.
(Jalə dolabdakı pulları çantasına doldurur və otaqdan çıxır).
 
XXX
 
4/ Falçının evi adamla doludur. 
Pikəxanım evin başında, xalçanın üstündə oturub. Əvvəlcə qapıdan içəri girənin kim olduğu ilə maraqlanır. Həmin anda onun barəsində olmuş bir hadisə danışır.
Pikəxanım – O uşaq kimdi?
Kim isə - 3-cü mərtəbədəki Şərqiyyənin oğludur.
Pikəxanım – Ə, qırışmal, niyə dərslərini pis oxuyursan?
Uşağın anası – Yox, pis oxumur, xalası.
Pikəxanım – Dünən riyaziyyatdan iki alıb. Coğrafiyanı alababat bilir. Ondan da hələ 4-dən yuxarı qiymət almayıb.
(Uşaq başını aşağı salır. Anası pərt olur).
Pikəxanım – O bəstəboy gəlin kimdi?
Kim isə - O da qonşudu, 4-cü blokda ikinci mərtəbədə yaşayır.
Pikəxanım – Bir az yaxın gəl. Səni yaxşı görmürəm. Nə çox badımcan yeyirsiz? Arabir uşaqlara ət də bişir.
Bəstəboy xanım – Doğrudur, biz badımcanı çox xoşlayırıq. Tez-tez badımcan dolması bişirirəm.
Pikəxanım – Yox, dolma bişirmirsən. Bax, bu həftə sən heç yarım kilo ət bişirməmisən.
(Bəstəboy xanım pərt olur. Bu vaxt içəri hündür, dolu bir xanım daxil olur. Birbaşa Pikəxanımın yanına keçir).
Dolu xanım – Təzə xəbər var, Pikəxanım.
Pikəxanım – Nə xəbərdi? Bəddi, yoxsa şad?
Dolu xanım – Sənin üçün şaddır, biz qonşular üçün bəd.
(Hamı təəccüblə ona baxır. Yerbəyerdən soruşurlar) – Nə olub? Nə xəbərdi?
Dolu xanım – Bəs xəbəriniz yoxdur Hacıbalanın yeni sərəncamından?
Yerbəyerdən – Hacıbala kimdir? Nə sərəncam?
Dolu xanım – Gəlin, məni də tanımayın. Şəhər merini tanımırsız? Hə, bax o, təzə qərar çıxardıb. Kim küçəyə, həyət-bacaya zibil atsa, cərimə olunacaq. Özü də bilirsiniz nə qədər? Bir siqareti, ya bir konfet kağızını yerə atsan, 25 manat, bir vedrə zibili küçəyə atsan, 250 manat cərimə verməlisən.
Yerbəyerdən – Vay, vay, bu nə işdi başımıza gəldi?
Sənə nə var, 2-ci mərtəbədə yaşayırsan. Bəs mən yazıq nə edim? 4-cü mərtəbədən düşüb hər gün zibili zibilxanaya atmaq olar? Belə də iş olar?
Bəs mən nə edim? Mən 8-ci mərtəbədə yaşayıram. Mənim işim lap müsibətdir.
Pikəxanımın halı pisləşir.
Yerbəyerdən – Buna nə oldu?
Ürəyi getdi ki...
Bir az aralanın, kənara çəkilin.
Su gətirin...
Su gətirirlər, üzünə çiləyirlər. Pikəxanım özünə gəlir.
Pikəxanım – Otağı boşaldın. Hamınız çıxın. (Xəbəri gətirən xanıma) Sən qal. (Hamı otaqdan çıxır) Sən bu bəd xəbəri hardan eşitdin?
Dolu xanım – Televizordan. Öz qulaqlarımla...
Pikəxanım – (əllərini dizinə çırpır) Qoymurlar da işləməyə. Elə bil it ağzına keçmişəm. Bu qədər zəhmət çəkdim, biznesimi qurdum, bu da axırı.
Dolu xanım – Nə biznes? Falçılığı deyirsən? Birdən biznes-ledi olarsan ha. (gülür). Qoy oturmuşuq. Səndə Allah vergisidir.
(Pikəxanım kədərli halda qonşusuna baxır).
Əslində bu sərəncam sənin xeyrinədir. Daha hər gün həyəti süpürməyəcəksən.
Pikəxanım – Həyət-baca təmiz olsa, mən nə edəcəm? Haranı təmizləyəcəm? Deyəcəklər, hər yer təmizdir. Daha sənə ehtiyac yoxdur.
Dolu xanım – Hə, elə də ola bilər. Olsun da. Sənin özün dediyin kimi, biznesin var. Öz işini bir az da genişləndirə bilərsən. Özü də falçılığa görə heç kimi cərimələmirlər.
Pikəxanım – (öz-özünə) Bəs mən bundan sonra fala necə baxacam? Mən haradan biləcəm ki, kim evdə nə yeyib-içir? Kim başını hansı şampunla yuyur? Kimin sevgilisi ona nə bağışlayır? Hə?!
 
XXX
 
5/ Turalın mənzili. 
Tural-Nərgiz. Televizora baxırlar. Tural divardakı saata baxır.
Tural – Nərgiz, günortadan keçib, nahara bir şey hazırla yeyək.
Nərgiz – Həvəsim yoxdur. Qoy kino qurtarsın, gedərik anamgilə. Orada yeyərik.
Tural – Yox, gəl bu gün heç yerə getməyək. İstəyirsən, mən də sənə kömək edim, bişirək.
Nərgiz – Sən xörək bişirə bilirsən?
Tural – Əlbəttə, sənin kimi yox, amma bir az bacarıram. Türkiyədə olanda dolma da bişirmişəm.
Nərgiz – Doğrudan? (sevinir). Onda bu gündən xörəyi sən bişirəcəksən.
Tural – Mənim bişirdiyimi sən yeyə bilməzsən. Bilirsən dolma necə çıxmışdı? Daş kimi.
Nərgiz – O niyə?
Tural – İçinə düyü tökməmişdim. (gülüşürlər). Gəl belə edək. Sən mənə göstəriş verərsən, mən də yerinə yetirərəm. Necə fikirdir?
Nərgiz – Yox, mən heç nə bişirmək istəmirəm. Get, sosiska al, yeyək.
Tural – Həftənin altı günü sosiska, kolbasa, ya da yumurta yeyirik. Dadlı ev xörəyi istəyirəm. Sən necə yeməklər bişirirdin, yadındadır?
Nərgiz – Nə vaxt?
Tural – Atan evində olanda.
 
XXX
 
6/ Jalə-Oqtay. (Jalənin internetlə tanış olduğu oğlan).
Oqtay – Pullar hanı?
Jalə - (sumkasına işarə edir) Hamısı buradadır.
Oqtay – Nə qədərdir?
Jalə - Nə vardısa, hamısını götürdüm.
Oqtay – Düz eləmisən. İngiltərədə təhsil bahadır (çantanı açıb baxır)
Jalə - Nə vaxt gedirik? Hanı bilet? Saat neçədə?
Oqtay – Bu günə bilet olmadı. Sabaha söz veriblər.
Jalə - Mən evə qayıda bilmərəm. Sən axı dedin bilet hazırdır.
Oqtay – Nə fərqi var – bu gün, ya sabah? Əsas odur ki, pulumuz var. Düzdür, mənim fikirləşdiyim qədər deyil... Amma bir ilə çatar. Hələ mənzil də tutmalıyıq. Orada hər şey puldur.
Jalə - Bir ilə çatar? Bəs sonra?
Oqtay – Mən bu il universiteti qurtarıram. Sonra mən işləyəcəm, sən oxuyacaqsan. İndi qayıt evə. Bileti alan kimi sənə zəng vuracam. Danışdıq?
(Jalə çantasını götürüb getmək istəyir. Oqtay çantanı buraxmır).
Oqtay – Hə, bu pulları belə apara bilmərik. Gərək pulları Londondakı bank hesabına keçirim.
Jalə - (çantasını təkidlə Oqtaydan götürmək istəyir). Biletləri al, sonra.
Oqtay – Sonra nə vaxt? Səhər yola düşürük. Bizim üçün indi hər dəqiqə qiymətlidir. Bəlkə mənə inanmırsan? İnanmırsansa, hara gedirsən? Bu pul sənin bir illik xərcindir. Biz isə orada ömürlük yaşamağa gedirik. Bir-birimizə etibar eləməsək, necə yaşayacağıq? (Çantanı qaytarır) Yox, mən belə yaşaya bilmərəm (getmək istəyir).
Jalə - Dayan... Mən sənə inanıram. Götür... Biletləri alan kimi zəng elə.
Oqtay – Mən qaçdım. Zəngimi gözlə.(Çantanı götürüb, gözdən itir).
 
XXX
 
7/ Turalın mənzili. Nərgiz-Tural.
Nərgiz – Yaxşı, nə bişirim? Nə istəyirsən?
Tural – (sevincək) Sən nə bişirsən yeyərəm.
Nərgiz - Kotlet xoşlayırsan?
Tural – Kartofu da yanında. Əlbəttə, xoşlayıram. Gedib bir şampan da alaram. Öz evimizdə balaca bir bayram keçirərik.
Nərgiz - Onda əvvəlcə əti maşından keçir.
Tural – O da baş üstə.
Nərgiz - Kartofu da sən soyacaqsan. Mənim əllərim qaralar.
Tural – (zarafatla) Xanımın bütün əmrləri yerinə yetiriləcək.
 
XXX
 
8/ Pərvinin mənzili. Pərvin-İlqar.
İlqar evə gəlir.
Ana – Xörəyi qızdırım?
İlqar – Yox, ac deyiləm, yemişəm.
Ana – Harda?
İlqar – Kafedə. Hə, qonşu qızı da gördüm.
Ana – Nə qız? Hansı qonşu qızı?
İlqar – Təzə qonşumuzu, həkim qızı.
Ana – Doğrudan? Nə yaxşı. Mənim də o qızdan xoşum gəlir. Özü də çox yaxşı ailədəndir.
(İlqar heç nə demir. Keçir öz otağına).
 
XXX
 
9/ Turalın mənzili. Nərgiz-Tural.
Tural – Ət hazır oldu. Sən içinə nə lazımdırsa qat, mən də gedim şampan alım. Göyərti də lazımdır. Daha nə lazımdır?
Nərgiz - Bilmirəm.
Tural – Yaxşı, özüm baxaram (otaqdan çıxır).
Nərgiz – (dərhal anasına zəng vurur) Mama, Tural kotlet istəyir. Necə bişirim? Bilirəm, əti maşından keçirəndən sonra onun içinə nə qatım? Yumurta, neçə dənə? Ət nə qədərdi? Nə bilim, yarım kilo, bir kilo. Çörək qatım? Kotletə çörək qatarlar? Axı mən də acmışam. Sən bişirib gətirənə qədər biz acından ölərik ki.
Pərvin – (telefonla danışır) Gedin bir yerdə oturun, yeyin. Şəhər doludur kafe-restoranla.
Nərgiz – Tural bu gün heç yerə getmək istəmir.
Pərvin – Onda gedib hazır yeməklərdən alsın, qızdırıb yeyin.
 
XXX
 
10/ Turalın mənzili.
Nərgiz-Tural. Tural mətbəxə daxil olur.
Tural – Bu da mən. Bu şampan (əlini qaldırıb şampan şüşəsini göstərir, sonra o biri əlini qaldırır) bu da ... tort. Sənin xoşladığından.
(Nərgiz anası ilə sağollaşıb, dəstəyi yerinə qoyur)
Nərgiz – Sən gəldin? Mən hələ heç nə eləməmişəm.
Tural – Eybi yoxdur, hara tələsirik? Bu gün bütün günü evdəyik. Gəl başlayaq. Ətin içinə nə qatmaq lazımdır?
Nərgiz – Ətə soğan qatarlar, kotletə yumurta lazımdır.
Tural – Duz yaddan çıxıb.(Birtəhər bişirirlər, kotletin üstü yanır, içi bişmir).
 
XXX
 
11/ Turalın mənzili. 
Nərgiz-Tural. Mətbəxdə oturublar. Masanın üstündə yanmış kotlet, göyərti, şampan şərabı, qab-qacaq görünür. Tural kotleti yemək istəyir. Yeyə bilmir.
Tural – İçi bişməyib.
Nərgiz – Kotlet xoşuna gəlmir?
Tural – Kotleti mən çox xoşlayıram. Bu dəfə bizdə alınmadı. Eybi yox, kartof yeyərik (yanmış kartofdan birini götürür). Bunu da yandırmışıq.
Nərgiz – Qazı çox vermişik. Yağ əlimə sıçradı. Ona görə vaxtı ötürdüm.
Tural - Eybi yox, tortla çay içərik. Ürəyini sıxma.
 
XXX
 
12/ Jalə evə qayıdır. 
Çox narahatdır. Otaqda var-gəl edir. Heç bir işlə məşğul ola bilmir. “Birdən Teymur pulların yoxluğundan xəbər tutdu?! Teymur nə demişdi? Hara isə getməliyik. Hara? Nə fərqi var? Gərək evdə olmayaq. Səhərə qədər dözməliyəm. Bir gün qalıb. Cəmi bir gün. Birdən sabaha da bilet olmadı? (özü öz fikrindən qorxur). Yox, yox, bu ola bilməz. Bu mümkün deyil. Oqtaya zəng vurmalıyam. Sabaha bilet mütləq hazır olmalıdır. (Zəng edir. Oqtay cavab vermir. Telefonu bağlıdır. Bir də zəng vurur. Cavab vermir. Niyə? Bəlkə məni aldadıb? Ona pul lazım idi. O, qaçıb! Yox, yox, bu ola bilməz. Mən özümü ələ almalıyam. Hər şey yaxşı olacaq. İndi başımı bir işlə qarışdırmalıyam. Stolun arxasına keçir. Nə bişirim? (Kartof, soğan götürür. Hövsələsi çatmır. Onları bir kənara itələyir). Heç nə bişirə bilmərəm, biz onsuz da axşam evdə olmayacağıq (güzgünün qabağına keçir. Üzünə baxır. Üzünün ifadəsi xoşuna gəlmir). Teymur məni belə görsə şübhələnəcək. Mən özümü ələ almalıyam. Yaxşısı budur, mən özümü səliqəyə salım. Teymur gələn kimi evdən çıxarıq” (telefon zəng çalır).
 
XXX
 
13/ Hava yarı qaranlıqdır. 
İlqar həyətə çıxır. Qonşu qızı görür. Qız kimdənsə qorxub özünü tələsik bloka atır. Qızla İlqar toqquşurlar. Qız əvvəlcə diksinir, sonra İlqarı görüb özünə gəlir. Dönüb arxaya baxır. Kimsə kölgə kimi görünüb yox olur.
İlqar – Kimdi o? Tanıyırsan?
Qız – Tanımıram. Məni qarabaqara izləyir.
İlqar – Belə qaranlıqda tək gəlməyin yaxşı deyil.
Qız – Xəstəxanadan gəlirəm. Həftədə 3 dəfə evə gec qayıdıram. Təcrübədə oluram. Dərsdən sonra. Evdə desəm məni qoymayacaqlar. Onsuz da deyirlər ki, dərsin çoxdur, özünü yorursan.
İlqar – Bəlkə düz deyirlər.
Qız – Yox, bu mənim üçün vacibdir. Nəzəri bilik azdır.
İlqar – İstəsən mən səni qarşılaya bilərəm.
Qız – Amma biz bir-birimizin heç adını da bilmirik.
İlqar – İlqar (əlini uzadır).
Qız – Aynur (İlqarın əlindən tutur).
 
XXX
 
14/ Turalın mənzili. Nərgiz-Tural.
Tural – Sabah mən işə çıxıram. Sən tək qalacaqsan. Darıxacaqsan?
Nərgiz – Özümə bir iş taparam.
Tural – Sabah dadlı bir xörək bişirərsən. Bilirsən, hansından? Biz nişanlı olanda bişirdiyin xörəklərdən (Nərgiz dinmir). Xörəyi bişirərsən (aramla deyir), ərinin işdən gəlməyini gözləyərsən (əslində bir az zarafatyana danışır).
Nərgiz – Yox, işdən gələndə nə istəyirsən al gətir. Mən aşbaz deyiləm.
Tural – İncidin? Yaxşı, istəmirsən bişirmə.
Nərgiz – Sən mənə ona görə evlənmisən ki, mən sənin çayını dəmləyim, xörəyini bişirim?
 
XXX
 
15/ İlqar-Aynur. Kafe. 
İlqarla Aynur oturub nə isə yeyirlər, söhbət edirlər. İlqarın gözü önünə Leyla gəlir. (Aynurun yerində Leyla oturub, gülümsünür). İlqar diqqətlə qarşısındakına baxır. Aynur onda olan dəyişikliyi hiss edir.
Aynur – Niyə mənə belə baxırsan?
İlqar – (Elə bil yuxudan oyanır) Heç, elə-belə (siqaret çıxarır. Çəkmək istəyir).
Aynur – Burda siqaret çəkmək olmaz.
İlqar – Hə? İndi gəlirəm (kafedən çıxır).
 
XXX
 
16/ Jalə-Oqtay. Telefon danışığı.
Oqtay – Biz səninlə xaricə gedə bilməyəcəyik.
Jalə - Niyə? Nə olub ki? Bu nə deməkdir?
Oqtay – Orada imtahanlar qurtarıb. Qaldı gələn ilə.
Jalə - Eybi yox, gələn il olsun. Gələn il oxuyaram. Bəs nə vaxt gedirik?
Oqtay – Gələn il. Daha orda sənin nə işin var?
Jalə - Necə gələn il? Bəs pullar?
Oqtay – Pullardan narahat olma. Bankdadır. Gələn il oxuyarsan.
Jalə - Yox, onda pulları qaytar. O pullar mənim deyil.
Oqtay – Dedim axı xarici bankdadır. Onları necə qaytarım? Narahat olma. O pullar itmir. Üstünə faiz də gələcək. Salamat qal.
Jalə - Dayan, sən nə danışırsan? (qışqırır) Qaytar mənim pullarımı!
Oqtay – Qud bay....
 
XXX
 
On üçüncü bölümün sonu

(Ardı var)
 

ŞƏRH YAZIN