Güc Birlikdən Doğar

0
12624
Güc Birlikdən Doğar

 Bir dəstə ac göyərçin səmanı dolaşaraq yemək axtarırdı. Bir çox yerləri gəzib-dolaşdıqdan sonra quşlar yoruldular və bir ağaca qondular. Elə həmin anda düz ağacın altına çoxlu dən səpildiyini gördülər. Göyərçinlər bu qədər bolluca yemək tapdıqlarına sevinmişdilər. Bütün göyərçinlər yerə qonub dənləri dimdikləməyə başlamışdılar ki, qəfildən üstlərinə nəhəng bir tor atıldı və quşlar tələyə düşdülər.

Göyərçinlərin hamısı təşvişə düşdülər. Ağacdan bir qədər aralıda bir ovçunun əlində ox-kamanla dayandığını görmüşdülər. Başa düşdülər ki, yerə dən səpib onları torla tələyə salan elə bu ovçudur. Ovçu yerindən qalxdı və göyərçinlərə tərəf gəlməyə başladı. 

Göyərçinlərin başçısı dedi: “Dostlar, hamımız tələyə düşmüşük. Əgər cəld hərəkət eləməsək, ovçu bizi tutacaq. Bircə çıxış yolumuz var. Hamımız əlbir olaq və yuxarı uçub toru da özümüzlə birgə qaldıraq. Birlikdə güc versək və uçsaq, toru da qaldıra bilərik. Başladıq”.

Göyərçinlər hamısı başçı ilə razılaşdılar və qanad çalıb toru da özləri ilə birgə qaldırdılar. Ovçudan uzaqlaşdıqdan sonra isə yerə enib ehtiyatla bir-bir torun altından çıxdılar. Beləliklə, ovçunun hiyləgər tələsindən birlikdə xilas oldular.

Əslində sözümüzün canı var. İlk olaraq demək istəyirəm ki, komanda şəklində işləyərək möcüzələr yaratmaq olar. Ümumi məqsəd olduqda insanlar qrupu komandaya çevrilir və bu məqsəd komandanın üzvlərini birləşdirir. Yaxşı komandada üzvlər bir-birinin gücündən istifadə edərək öz zəifliklərini aradan qaldıra bilərlər. Komanda yaratmaq böyük diqqət tələb edir. Qrup şəklində işləmək istəyən və işləməyi bacaran insanları seçmək lazımdır. Əsas hədəfin bir nəfərin deyil, ümumi komandanın inkişafı olmalıdır. Komanda üzvləri arasında sıx əlaqə ən çətin işlərin belə öhdəsindən gəlməyə kömək edir!

Korrektor redaktor: Salmanlı Ayna

 

 

 

ŞƏRH YAZIN