İşə yeni başlamısansa ...

0
1919
İşə yeni başlamısansa ...

 Yeni iş, yeni mühit, yeni insanlar... İlk iş təcrübənə başlayırsan amma qorxuların da var. Təcrübəsizliyin və naşılığın təsiri ilə gənclər iş həyatlarının ilk illərində bir sıra səhvlərə yol verirlər. Bu səhvlər isə onların gələcək həyat və fəaliyyətlərində silinməz “izlər” buraxır. Bəs bu xətaların baş verməməsi üçün gənclər nələrə diqqət etməlidirlər?


Danışmaqdan qorxmayın

İş yerində hansısa məsələ ilə bağlı düşüncələrinizi söyləməkdə, istərsə də, münasibət qurmaq baxımından səy göstərməyinizdə fayda var. Özünüzə güvənir və düşüncələrinizi professional və məntiqli şəkildə təqdim edirsinizsə, həmkarlarınız bundan müsbət mənada fayda görəcəklər. Öz dəyərinizi bilin və yaşınızın, ya da təcrübəsizliyin sizi mənfi təsirləndirməsinə imkan verməyin.

Siz işinizi görün...

İş günü ərzində kimlərinsə sizin nə etdiyinizə fikir verdiyini, ya da sizinlə maraqlandığını düşünsəniz özünüzə ziyan vurmuş olarsınız. Ən yaxşısı belələrinə əhəmiyyət verməyin, əksinə işinizdən zövq alın.

Özünüzü sosial şəbəkələrdən kənarda tutmayın, lakin bütün günü kompyuter arxasında əyləşib boş-boş işlərlə də məşğul olmayın.

Çünki vaxt itkisi məhsuldarlığınızın aşağı düşməsinə səbəb olacaq, həm də özünüzü narahat, gərgin hiss edəcəksiniz. Odur ki, hər zaman işgüzar və diqqətli olun, mənasız şeylərlə başınızı qatmayın.

Geyiminizə diqqət edin

Bəzən gənclər nə qədər professional olsalar da, gərgin iş rejimi onlar üçün çətin və sıxıcı olur. Odur ki, özlərini təqdimetmə mövzusundakı davranışlarında bəzi səhvlərə yol verirlər. Bu mənada geyiminizə həmişə diqqət yetirin. Çox köhnə, ya da dəbdəbəli, gözəgəlimli geyimlərlə iş yoldaşlarınızda özünüz haqqında o qədər də xoşa gəlməyənfikir yarada bilərsiniz. Unutmayın, iş yeri moda nümayişi yeri deyil.

Münasibət qurmaqdan çəkinməyin

Fədakarlıqla çalışmaq professional iş həyatında vacib amillərdən biridir. Münasibət qurmaq, başqalarını və özünü lazımınca tanıtmaq da olduqca önəmlidir. Bəzən gənc işçilər iş yerində rəhbərliklə münasibətdən çəkinirlər və s. Halbuki çəkinmək lazım deyil. Çünki bu cür düşünmək işin ziyanına ola bilər.

Dediqodulara qoşulmayın

İş yerində dediqodu yaradanlara qoşulmayın. Yoldaşlarınızla söhbətləşmək, onların qayğıları ilə maraqlanmaq yaxşıdır. Ancaq bunu adət halına gətirmək, yersiz söhbətlər etmək xoşagəlməzdir. Çünki hamının dərdini çəkmək sizin özünüzdə də stressə, gərginliyə səbəb ola bilər. Əgər dostlarınız dediqodu, ya da yersiz şikayətlər üçün sizə müraciət edirlərsə, onlara qatılmayın və tərəfsiz qalın.

İşə gecikməyin

Çalışdığınız müəssisədə ən çalışqan işçi ola bilərsiniz, hətta işiniz çox olduğu üçün fədakarlıq edib onun bir hissəsini evinizə də daşıya bilərsiniz. Ancaq işə tez-tez geciksəniz, nə qədər çalışqan olsanız da, qarşınızdakı insanlar sizin təmbəl olduğunuz düşünəcəklər. İnsanlar işə gec gələnlərə, ya da erkən gələnlərə diqqət edirlər. Sizin haqqınızda da buna görə bir fikir formalaşır.

Özünə güvən, ancaq yenə təcrübəlilərdən öyrənməyə çalış

Gənclər, xüsusən də, gənc professionallar özlərinə çox güvənirlər, başqalarının fikir və düşüncələrini qəbul etmək istəmirlər. Bu səhvdir. Nə qədər bilsən də təcrübəlilərdən öyrənməyə çalışmaq xeyirlidir.

ŞƏRH YAZIN