Peşənizi temperamentinizə uyğun seçin

0
2442
Peşənizi temperamentinizə uyğun seçin

İşiniz xoşunuza gəlmir? Bəlkə səbəb onun sizin temperamentinizə uyğun olmamasıdır. Sizə uyğun peşəni seçməyi bacarın.

İş, peşə seçimi zamanı uşaqlıq arzusu, perspektiv, maaş səviyyəsi kimi faktorlarla yanaşı, işin insanın xarakterinə, temperamentinə uyğunluq faktoruna da fikir verilməlidir.

Temperament sözünün latın dilində hərfi tərcüməsi “hisslərin lazımi qarşılıqlı nisbəti” deməkdir. Yunan həkimi Hippоkratın (V-IV əsr) yanaşmasında bildirilir ki, temperament dedikdə insanın həm fərdi anоtоmik-fiziоlоji, həm də psiхоlоji xüsusiyyətləri nəzərdə tutulur. Temperament tiplərinə Hippokratın verdiyi sanqvinik, хоlerik, fleqmatik və melanхоlik adları müasir psiхоlоgiyada indi də işlənilməkdədir.

Xoleriklər

Bu tip temperamentə malik olan insanlar cəld olub, işə bütün ruhu ilə verilirlər. Xoleriklər çətinlikləri dəf etməyi sevirlər. Lakin tarazlığını tez itirən, emosional və xasiyyəti tez dəyişən insanlar olur. Xoleriklər çətin işlərdən yapışır və öz imkanlarını adətən şişirtməyə meyillidirlər. Xoleriklər rəhbərliklə heç bir zaman razılaşmır, lakin sonadək də inad etmir. Xoleriklər yüksək konsentrasiya və enerji tələb edən işləri sevirlər. Xoleriklər liderdilər, kiminsə hesabına yaşamağı sevmirlər, sutkalarla işləyə bilərlər və ağır işdən sonra tez bir zamanda bərpa oluna bilirlər.

Xoleriklər üçün artist, təyyarəçi, cərrah, inşaatçı, menecer, aşbaz, müstəntiq, iş adamı, elektrik, jurnalist kimi peşələr uyğun ola bilər.

Fleqmatiklər

Fleqmatik – astagəl, heç bir emosiyası olmayan insanlardır. Onların əhval-ruhiyyəsi demək olar ki, stabil olaraq qalır. Fleqmatiklər çox az hallarda emosiyalarını nümayiş etdirə bilirlər. Fleqmatiklərin astagəlliyi işdə, evdə, təhsildə və s. yerlərdə özünü göstərir. Buna görə də fleqmatiklər üçün sakit, əziyyətli iş uyğundur. Böyük səbrə malik olan bu insanlar başlarını aşağı salıb işləyəcəklər.

Fleqmatiklər ideya irəli sürən olmadıqları üçün liderlik onlar üçün deyil. Həmçinin yeni iş yeri və yeni şəraitə çox çətin adaptasiya olurlar. Fleqmatiklərə uyğun peşələr iqtisadçı, mühasibat, terapevt, mexanik, elmi işçi, kənd təsərrüfatı işçisi kimi peşələrdir. 

Sanqviniklər

Sanqviniklər dünyanın ən “sağ” insanlarıdır. Onlar çətinlikləri tez keçirlər, yüksək enerjili, psixoloji aktivlikləri ilə fərqlənirlər. Sanqviniklər tez “yanıb”, tez “sönürlər”. Bu insanlar yeni peşəyə tez bir zamanda adaptasiya olurlar. Buna görə də sanqviniklər əsas ixtisasları ilə yanaşı, daha bir neçə peşəyə yiyələnə bilirlər. Monoton bir iş sanqviniklər üçün “ölümə” bərabərdir. Müəllim, rəhbər, tərbiyəçi, təşkilatçı, mühəndis, psixoloq və s. əsl sanqvinik peşələridir.

Melanxoliklər

Tez küsən insanlar, uğursuzluqları çox pis keçirən insanlardır. Ətraf insanlarla çox çətin ünsiyyətə girirlər, təklikdə özlərini daha komfortlu hiss edirlər. Melanxoliklər dərt çəkməyi sevirlər. Melanxoliklər işdə tez-tez istirahət etməlidirlər. Melanxoliklərə daim ünsiyyət tələb edən işlər uyğun deyildir.

Melanxoliklər incəsənət xadimi, bəstəkar, rəssam, pedaqoq, radiomexanik, çilingər, yazıçı, veterinar, qeoloq, mühasib və s. bu kimi peşələri seçə bilərlər.


 

 

ŞƏRH YAZIN