Başqalarının fikirlərindən asılı olmaqdan qurtulmaq olarmı?

0
2189
Başqalarının fikirlərindən asılı olmaqdan  qurtulmaq olarmı?

İnsanların əksəriyyəti  yaxın ətrafının - tanışlarının, qohumlarının və ya həmkarlarının fikirlərini şəxsi düşüncələrindən  daha üstün tuturlar. Bu isə insanlara vacib qərarları qəbul etməyə və düzgün seçimə çox mane olur. Bəs nəyə görə insanlar tez-tez başqalarının fikirlərindən asılı vəziyyətə düşürlər ?

Məlum olduğu kimi, bütün komplekslərimizin kökü uşaqlıq dönəminə təsadüf edir. Valideynlər ictimai rəyə daha çox önəm verdikdə , övladlar da erkən yaşlardan bu baxış bucağını mənimsəmiş olurlar. Beləliklə, onlar valideynlərinin sözünü dinləmədikdə etdikləri işin uğursuzluğuna inanar, istədiyi peşəni deyil, başqaları tərəfindən nüfuzlu  sayılan peşəni seçərlər. 
 
Müəyyən müddətdən sonra , belə insanlar həyatda vacib dönəmdə qərar verməkdə çətinlik çəkirlər. Çünki, onların tərbiyəsi  başqalarının fikirlərini öz fikirlərindən  daha önəmli hesab etməyə əsaslanır. Belə insanlar öz fikirlərini və hərəkətlərini başqalarının fikirlərinə uyğunlaşdıraraq yaşayırlar. Bunun altında isə qorxu yatır . Valideynlərin övladlarının hər uğursuz addımında  “mən ki sənə demişdim” ifadəsini işlətmələri, daima onların məsləhətləri ilə hərəkət etmələrini istəmələri bu qorxunun yaranmasınn əsas səbəblərindən bir neçəsidir.
 
Uşaqlıq dönəmində nə baş verməsindən asılı olmayaraq insanlar başqalarının fikirlərindən asılı olmaqdan qurtulmalıdırlar. Çünki, başqalarının fikirləri çox zaman insanların öz istəkləri ilə üst-üstə düşmür.  Təəccüblü deyil ki, indiki zamanda insanların çoxu öz istədiyi peşə üzrə çalışmır. Səbəb , bu peşəni öz istəkləri ilə deyil, qohumlarının məsləhətləri ilə seçmələridir. Yaxud bir insanın istəmədiyi biri ilə ailə qurması da ona öz həyatını deyil, tamamilə başqasının həyatını yaşamasına səbəb olacaqdır. 
 
Digər tərəfdən – insanın öz yaxınlarına inad olsun deyəü hərəkət etməsi də ona ziyanlar gətirir. İnsan şüuraltısında hiss edir ki, ona məsləhət ediləni deyil , tamamilə başqa bir şey istəyir. Amma inada hərəkət etmək, başqalarının fikri ilə razı olmadığına görə istəmədiyi bir işi etmək mənasız mövqedir. İnsan bunu etməklə nəinki ona kömək edə biləcək  məsləhəti qaçırar, hətta öz eqosunda batar.  Çünki, eqo insanın özü deyil, sadəcə sosial maskasıdır. 
 
Ruhunuzun səsini eşitmək- ilk addımdır. Həmçinin, “xeyr” sözünü deməyi bacarmaq lazımdır. Başqalarının fikirlərindən asılı olan şəxslər “xeyr” deməyi bacarmır. Əgər, başlanğıcda “xeyr” demək ağır gəlirsə, bunun əvəzində fasilə götürə bilərsiniz. Susub, yenə də öz qərarlarınızla hərəkət etmək də məqsədəuyğundur. Qərar verməmişdən əvvəl fasilə götürməyin bir faydası da situasiyanı düzgün dəyərləndirməkdir. Məsələn, iş yoldaşınız məzuniyyətini sizin məzuniyyətinizin vaxtı ilə dəyişmək istəyir və siz ona birbaşa “xeyr” deməyi bacarmırsınız. Bu zaman razılıq vermək əvəzinə düşünmək üçün fasilə götürürsünüz. Fasilə zamanı “hər kəsin öz məzuniyyətini komfortlu şəkildə keçirməyə haqqı var” faktını nəzərə alaraq, verəcəyiniz qərarın sizə uyğun olub-olmadığını düşünməlisiniz. Əgər onun təklifini rədd etməli olacaqsınızsa, qətiyyən özünüzü bunda günahlandırmayın. Həmçinin, öz qərarınızın üstündə qalmadığınızda da özünüzü günahlandırmağa dəyməz. Əgər, ən azı bir dəfə verdiyiniz qərardan zövq almağı bacarsanız, daha sonra qərarınızın üstündə qalmaq sizə daha da sadələşəcəkdir.
 
Qərarlarınızın üstündə qalmağı öyrənmək asan deyil. Ən əsası, unutmamalısınız ki , verdiyimiz hər qərarın məsuliyyətini biz özümüz daşıyırıq. Həmçinin, təzyiq altında verdiyimiz qərarların məsuliyyətini də.
 
Tərcümə etdi:  Esmira Cənnət
 
 
 

ŞƏRH YAZIN