Dünya Ölkələrində Bizneslə Bağlı Bilmədikləriniz

0
2092
Dünya Ölkələrində Bizneslə Bağlı Bilmədikləriniz

- Məlumdur ki, "Apple" şirkətinin əsası Stiv Cobs və Stiv Voznyak tərəfindən qoyulmuşdur. Lakin unutmamaq lazımdır ki, şirkətin Ronald Ueyn adlı daha bir təsisçisi olmuşdur. Şirkət səhmlərinin 10%-nə sahib olan bu şəxs sözügedən səhmləri digər həmtəsisçilərə 800 dollar müqabilində satmışdır.

- 1924-cü ildə Adolf və Rudolf Dassler qardaşları tərəfindən yaradılan firma qısa müddət ərzində idman ayaqqabılarının istehsalına görə dünya liderlərindən birinə çevrildi. İkinci Dünya Müharibəsindən sonra qardaşların arasında yaranan münaqişə nəticəsində şirkət iki hissəyə bölündü. Adolf öz şirkətini "Adidas" (bu ad Adi Dassler adından götürülmüşdür), Rudolf isə öz şirkətini RuDa (bu ad Rusi Dassler adından götürülmüşdür), bir müddət sonra isə şirkətin adında dəyişiklik edərək onu "Puma" adlandırdı. Bu iki şirkətin yerləşdiyi alman şəhərciyi bugünün özündə də iki hissəyə parçalanmış vəziyyətdədir. Bu parçalanma şəhər sakinlərinin seçimlərində və bir-birinə qarşı münasibətlərində də nəzərə çarpır.
 
- "Max Factor" adlı dünyaca məşhur kosmetika şirkətinin yaradıcısı 1877-ci ildə həmin dövrdə Rusiya İmperiyasının bir hissəsi hesab olunan Polşada dünyaya gəlmiş Maksimilian Faktoroviç olmuşdur. O, ilk mağazasını Ryazan şəhərində açmışdır. Zaman keçdikcə sözügedən şəxs çar ailəsinin tədarükçüsü statusunu qazanmışdır. 1904-cü ildə isə ABŞ-a mühacirət etmişdir.
 
- Yaponiyada övladlığa götürmə faktının 90%-i uşaqların deyil, 20 yaşdan yuxarı şəxslərin, əsasən də kişilərin payına düşür. Bu təcrübə bir çox yapon şirkətlərinin ailə biznesinə sahib olmasından irəli gəlir. Biznes sahibinin övladı olmadıqda yaxud övladları şirkəti idarə etmək iqtidarında olmadıqda və ya buna maraq göstərmədikdə, bu zaman biznes sahibi gələcəkdə onun varisi ola biləcək bir şəxsi - bacarıqlı bir gənci öz ailəsinə qəbul edir. Bir çox hallarda bu prosedur ögey atanın qızı və övladlığa götürülən şəxs arasında nikah münasibətlərinin qurulması ilə müşayiət olunur.

- Amerikalı iş adamı Bleyk Maykoski Argentinada istirahət edən zaman belə bir hadisənin şahidi olmuşdur. Belə ki, kasıb ailədən olan uşaqların küçələrdə ayaqyalın dolaşması onun diqqətini cəlb etmişdir. Bu fakt onun beynində yeni ideyalara yol açmışdır. Elə ki, növbəti xeyriyyə fondu yaratmaq əvəzinə, o, "Toms Shoes" adı altında ayaqqabıların istehsalı üzrə müəssisə yaratmışdır. Ayaqqabılar hazırlanan zaman Latın Amerikası ölkələrində ənənəvi ayaq geyimi hesab olunan hörgülü səndəllərin forma və dizaynı əsas götürülmüşdür. 2006-cı ildən bəri "Toms" markası altında alıcılara təklif olunan ayaqqabıların istehsal prosesində hələ də ciddi qaydalara əməl olunur: Belə ki, hər satılan bir cüt ayaqqabının müqabilində şirkət tərəfindən bütün dünyada yaşayan kasıb ailələrin uşaqlarına daha bir cüt ayaqqabı təqdim olunur. 2012-ci ilin nəticələrinə görə, həmin il 25 ölkədən olan 1 milyondan çox uşağa bu marka adı ilə istehsal olunan ayaqqabılar verilmişdir. 
 
Korrektor: Abdullazadə Sevinc

ŞƏRH YAZIN