Ən Axmaq Kəşflərə Verilən Mükafatlar.

0
5650
Ən Axmaq Kəşflərə Verilən Mükafatlar.

Dünyada elm və sənət sahələri üzrə sayı-hesabı bilinməyən beynəlxalq və milli mükafatlar mövcuddur. Hər il minlərlə, bəlkə də, on minlərlə insan öz uğurunun bəhrəsini dadır.

Lakin onlar mükafat almaq arzusu ilə alışıb-yanan milyonların yalnız cüzi hissəsini təşkil edirlər. 
 
Yerdə qalanlar isə bəzən elə «kəşflər»ə imza atır, elə «yüksək» sənət əsərləri yaradırlar ki, onların əməyini qiymətləndirməmək ən azından insafsızlıq olardı. 
 
Bunu nəzərə alan xeyriyyəçi-filontroplar və estetlər sayı o qədər də çox olmayan antimükafatlar təsis etmişlər və hər il xeyli insan bu mükafatlara layiq görülür. 
 
Məsələn, Rusiyanın məşhur «Kitab icmalı» qəzeti ən pis tərcümə, redaktə və korrektə işinə görə hər il «Abzas» adlı antimükafat verir. Antimükafatın ən «prestijli» nominasiyası «Tam Abzas» adlanır. Rusiyada «qaloşa oturanlar» üçün bundan az populyar olmayan «Qızıl qaloş» antimükafatı da verilir.
 
Ukraynada «xüsusi fərqlənənlər» üçün «İlin qanqalı» antimükafatı təsis edilmişdir. 
 
ABŞ-da hər il məşhur «Oskar» mükafatının təntənəli mərasimindən öncə «Qızıl moruq» antimükafatı verilir. Bu antimükafat ilin ən uğursuz filmlərinin yaradıcı kollektivləri üçün nəzərdə tutulmuşdur.
 
Bu cür mükafatlara, demək olar, bütün mədəni xalqlarda rast gəlmək olur və bütün dünyada tanınan, nüfuzlu mükafatlar olduğu kimi, son dərəcə «prestijli» antimükafatlar da vardır. Bunların sırasında əlbəttə ki, «İg Nobel mükafatı»nı (İg Nobel Prize – ingiliscədə «ignoble» - biabırçı, əttökən sözündən) xüsusilə qeyd etmək lazımdır. Mükafat Maks Abraham və «Qəribə tədqiqatların səlnaməsi» adlı yumoristik jurnal tərəfindən 1991-ci ildə təsis edilmişdir. Bir qayda olaraq Harvard universitetində düzənlənən mərasimdə verilən antimükafat əsl Nobel mükafatı laureatları tərəfindən təqdim olunur. İgNobelin verilməsi proseduru da adına uyğun şəkildə təşkil olunur. Harvardın Sanders Teatrının 1166 yerlik zalında kağız təyyarələr uçuşur. Laureatların çıxışı 60 saniyədən çox olmamalıdır. Laureat 60 saniyədən çox danışdığı halda Sviti Pu adlı səkkiz yaşlı qızcığaz cır səslə qışqırır: «Xahiş edirəm, bəsdir, zəhləm getdi!». Amerika televiziyası və radiosu mükafat mərasimini birbaşa translyasiya edir və bütün dünya mətbuatı günlərlə bu hadisə haqqında danışır.
 
İndi isə gəlin görək kimlər, hansı «kəşflər»inə görə İg Nobel mükafatına layiq görülmüşdür. Biz burada mükafatçıların yalnız az bir qismini qeyd edəcəyik. Onların tam siyahısı və tədqiqat işlərinin xarakteristikası ilə bağlı İg Nobelin rəsmi saytından məlumat əldə edə bilərsiniz.
 
2008-ci ildə tibb sahəsinin İg Nobeli Harvardda işləyən alim Debora Andersenə təqdim olunmuşdur. Andersen və həmkarları müəyyən etmişdilər ki, «Koka-Kola»ya düşən spermatozoidlər bir dəqiqədən sonra məhv olur. Onlar bu başıbəlalı içkidən arzuolunmaz hamiləlikdən qorunmaq üçün istifadə etməyin yollarını da araşdırmışlar. Doğrudur, onlar bir şeyi nəzərdən qaçırmışdılar: hədəfə çatmayan spermatozoidlərin ömrü istənilən halda bir dəqiqədən çox olmur. 
 
Bir qrup ABŞ alimi isə Andersenin tədqiqatını belə kölgədə buraxan çalışmaya imza atmaqla İg Nobel mükafatını qazanmışlar. Onlar uzun təcrübələr apararaq, hamilə qadınların öz tarazlıqlarını necə saxladıqlarını aydınlaşdırmışlar. 
 
2010-cu ildə Yeni Zelandiyalı fiziklər qarlı-buzlu ölkələr üçün çox aktual eksperimentlər aparmışlar. Nəticədə onlar belə qənaətə gəlmişlər ki, əgər corabları ayaqqabının üstündən geysən, buzun üstündə sürüşüb-yıxılmazsan. 
 
Vaşinqtonlu elmlər doktoru M.Sidoli «Orqanizmdən yüksək səslə xaric olunan qazlar hədsiz qorxu hissindən müdafiə kimi» elmi məqaləsinə görə bu mükafata layiq görülmüşdür.
 
2005-ci il yapon alimi Takesi Makino S-Check aerozolunun yaradılmasında fəal iştirak etdiyinə görə İg Nobel almışdır. Həmin aerozolu kişinin alt paltarına səpməklə qadınlar ərlərinin onlara xəyanət edib-etmədiyini müəyyənləşdirə bilirlər.
 
2006-cı ildə Mak-Hill universitetinin alimi P.Brass «Ağacdan düşən kokosların yetirdiyi xəsarətlər» elmi araşdırmasına görə mükafatlandırılmışdır.
 
Prinston universitetinin professoru Daniel Oppenqeymer öz nitqində jarqon və mürəkkəb tərkibli eruditlər haqqında dərc etdirdiyi məqaləyə görə bu şərəfə layiq görülüb. O, belə qənatə gəlmişdi ki, çox çətin oxunan mətnləri, adətən, yüksək intellekti olan müəlliflər yazırlar. 
 
2007-ci ildə Barselona universitetinin alimləri Xuan Toro, Jozel Xuan, Nuriya Qalles sübuta yetirmişdilər ki, siçovullar tərsinə səsləndirilən yapon sözlərini tərsinə səsləndirilən holland sözlərindən fərqləndirə bilmir. Nəticədə təntənəli surətdə İg Nobel almışdılar.
 
2012-ci ildə ABŞ-ın hesablama palatası İg Nobelə layiq görülmüşdür. Palata hesabatlar haqqında hesabatın hesabatını tərtib edərək, hesabatların hesabatlarının hesabatının hazırlanmasını vacib bilmişdir. 
 
Qeyd etmək lazımdır ki, İg Nobelə layiq görülənlər, adətən, bu mükafatı təşkilatçıların əlindən şəxsən alırlar və buna kifayət qədər yumorla yanaşmağa çalışırlar.

Korrektə etdi: Hürü Mustafayeva

ŞƏRH YAZIN