Yapon Uğurunun Sirri!

0
3955
Yapon Uğurunun Sirri!

Hər bir dövlətin özünəməxsus qanun qaydaları və mütləq yazılmamış qanunları var. Məsələn, Yaponiya kimi. Gəlin, yaponları daha yaxından tanıyaq və uğurlarının sirrini açaq.

Bir yaponun sizi evinə dəvət etməsi çox böyük hadisədir, bizim kimi qonaqpərvərlikləri yoxdur. Ailəvi dostlarla restoranda görüşürlər. Yaponun evinə dəvət edilmisinizsə, bu, böyük fəxrdir.

Nə badə çağırıldığınız evə ayaqqabı ilə girəsiniz. Bu, ev sahibinə hörmətsizlik sayılır. Evə girən kimi qarşınıza Çin Səddi kimi "başmaq ordusu" qoyurlar, birini seçib geyinməlisiniz.

Ev sahibi sizə çay təklif edirsə, bu, artıq getmə vaxtınızın çatdığına işarədir. Çayı içib getsəniz yaxşıdır.

Yapon qızları evlənən kimi işini-gücünü atıb, evinin xanımı olur. Kişinin qazancı evin əsas gəlir mənbəyi sayılır. Xanımlar uşaqlar və ev işləri ilə maraqlanır, ailənin büdcəsi xanımın əlindədir, hətta restoranda hesabı da xanımlar verir. Boş vaxtlarında idmanla məşğul olur, dostları ilə görüşür, alış-veriş edirlər. Gündüz vaxtı restoranlarda, kafelərdə 65-70 yaşdan aşağı kişi görmək mümkün deyil, çünki kişilərin əksəriyyəti işdə olur.

Yaponiyada heç kim bir-birinin işinə qarışmır, istədiyiniz paltarı geyinib gəzin, gözlərinin ucu ilə də baxmazlar.

Gözünü kiməsə zilləyib baxmaq ayıb sayılır, ona görə qatarlarda, metroda yatmasalar da, hamı gözünü yumub, özünü yuxuluğa vurur.

Velosipedinizdən asdığınız çantanıza axşama qədər bir nəfər də əl vurmaz.

Qadınlar gecə tək gəzir, istədikləri yerdə içki içirlər, bu məsələdə sərbəstdirlər. Heç kim fikir vermir bu cür şeylərə.

Sörfinqçilərdən başqa dənizə girməyi xoşlayan çox az yapon var.

Qışda bizimki kimi bütün evləri qızdırmırlar. Bunu əlavə xərc hesab edərək ancaq oturduqları otağı isidirlər.

İş evin kişisi və ailə üçün hər şeydir, xanımlar kişilər rahat işləsin deyə əllərindən gələni edirlər. Ona görə kişilərin evə gec gəlməyi problem sayılmır.

Kişi ilə qadın arasında ən böyük dava bəlkə də qapını bir az bərk örtmək mövzusunda ola bilər. Sözlə dava etmirlər, əsas baxışlardır. Evdə də, işdə də belədir. Çox danışmırlar, bir baxış, bir hərəkət hər şeyi həll edə bilir. İş yerlərində ən çox danışanlar gənclərdir, yüksək kürsüdəkilər onları dinləyir və axırda qərarlarını açıqlayırlar.

"Tapşırmaq" anlayışı yoxdur, yaş və təcrübə həmişə öz sözünü deyir.

Əllə salamlaşmaq, öpüşmək, qucaqlaşmaq yoxdur. Yüngülcə əyilərək salam verirlər. Əllə çox nadir hallarda görüşürlər. Bir uşağın başını oxşasanız, valideynləri də, özü də çox hirslənər və onu alçaltdığınızı düşünər.

Qadının və kişinin dostları fərqli ola bilər, bizdəki kimi ər-arvad hər yerə birlikdə getmir.

Münasibətlərdə hər iki tərəf çox sərbəstdirlər. Evin qadını gecə dostları ilə görüşüb harasa gedə, istədiyi saatda da qayıda bilər.

Hörmət hər şeydir, evdə, işdə, cəmiyyətdə hamı bir-birinə hörmətlə yanaşır. Paltarlarından qopan bir ipi də yerə atmazlar, başqalarının hüquqlarını öz hüquqlarından əvvəldə tuturlar.

Qrup psixologiyası ilə yaşayırlar, ona görə özlərini nadir hallarda tək, yalnız hiss edirlər.

Korrektə etdi: Hürü Mustafayeva

ŞƏRH YAZIN