Yerişinə bax ...

0
2770
Yerişinə bax ...

 Hər bir yeriş tərzi sahibinə özəldir. Necə ki, barmaqlar... Bəziləri belini büküb, başını və baxışlarını aşağı dikərək, bəziləri isə əksinə başını dik tutaraq yeriyir. Psixoloqların fikrincə, uzaqdan kiminsə yerişini müşahidə edərkən belə onun haqqında müəyyən şeyləri yanılmadan demək olur.


Onların fikrincə, gündəlik həyatda yerişi təlqin etmək çox çətindir. "Baş verən hadisələrə fərdlərin fərqli reaksiyaları, eləcə də onların həyatı boyu yaşadıqları, hissləri, fikirləri, vərdişləri onların yerişində, jest və mimikalarda da əks olunur. Bu səbəbdən də tanımadığınız insan haqqında onun yerişi sizə hətta onu tanıdıqdan sonra öyrəndiklərinizdən daha çox məlumat verə bilər. Misal üçün, addımlarını sakit, ağırlığını isə barmaqlarının ucuna atan adamlar diqqət mərkəzində olmağı sevmirlər. Onlar qapalı, qəmgin olurlar. Ünsiyyət qura bilmirlər. Lakin belə adamlar kifayət qədər cazibəli olur".

Mütəxəssislər yerişləri rəqsi xatırladan adamlara isə inanmaq olmaz deyirlər. "Belə adamlar ciddi olmurlar. Çox şeyi söz versələr də, sözlərinin üstündə heç vaxt durmurlar. Onlar daim əyləncə axtarışında olur və əyləncələrini tez-tez dəyişdirirlər. Münasibətdə unutqandırlar. Tezliklə özlərinə yeni münasibət qururlar. Ağır yeriş, yeriyərkən əllərin aşağı hərəkətsiz sallanması isə onu göstərir ki, belə adamın ya iradəsi zəifdir, ya da o, yaşlı adamdır. Şəxsi münasibətlərdə belə adamlarla maraqsız olur. Tez-tez yeriyənlər isə tez qərar verə bilənlərdir. Belə insanlar uğurlu olur, işləməyi və istirahət etməyi sevirlər. Asta yeriyənlərin isə bir qismi həyatdan narazı olanlar, bir qismi isə biganə, soyuq adamlardır. Onlar xoş hadisələrə belə sevinmir. Çox vaxt heç nəyə nail ola bilmirlər".
 
Bəzən insanlar gəzərkən ayaqları əsir. "Bu o deməkdir ki, insan xəstə və zəifdir. Bu, insanın çox kasıb olmasından da xəbər verə bilər. Belə adamlar kasıb yaşamağa öyrəşib və sabahı başqa cür təsəvvür edə bilmirlər. Addımlarını xırda, lakin tez-tez atanlar isə xoş təsir bağışlamır. Onlar qapalı, ünsiyyəti sevməyən və çox deyingən olurlar. Təmkinli yeriş isə əksinə, emiosiyalarını idarə edə bilən, ciddi, sadiq adamdan xəbər verir. Amma belə adamların yenilikləri çətin qəbul etməsi bəzən dözülməz həddə olur".
 
Psixoloqların dediyinə görə, gəzərkən əllərini çox yelləyən adamların maraqlı, fərqli xüsusiyyətləri olmur. "Onlar enerjili olsalar da, məqsədyönlü deyillər. Çox vaxt yaradıcı olurlar. Şəxsi münasibətləri yaxşı qura bilir, səmimi adam olurlar. Əlləri cibində gəzənlər isə özlərinə və ətrafdakılara qarşı tənqidi yanaşırlar. Bəzən bu vəziyyət problemlərin çox olmasına və həmin adamın problemləri artıq həll edə bilməməsinə də işarədir. Çox çıxılmaz vəziyyətdə olanlar isə bununla bərabər getdiyi istiqamətə deyil, başqa tərəfə baxırlar".

Özünə əmin insanlar düz yeriyir və addımlarını cəld adır. "İnsan başını aşağı salıb, əllərini aramsız yelləyirsə, deməli o, depressiya keçirir. Ola bilsin, belə adam onun xoşuna gəlmədiyi insanla görüşməlidir. Hoppanaraq gəzənlər isə xoşbəxt adamlardır. Onların əhvalını heç nə korlamır, şəndirlər".

Bu arada, insanın yerişi onun keçirdiyi xəstəliklər barədə də xəbər verə bilər. "Məsələn, dizlərini bükərək gəzənlərin oynaqlarında ağrılar var. Əgər sağlam adam belə yeriyirsə, deməli, o, özünə inanmır. Bəzi adamlar isə ayaqlarını yerə möhkəm vuraraq addımlayır ki, bu da insanın özünə olan inamını göstərir. Belə adamlar digərlərinin diqqətini çəkmək istəyir, özlərinin çox vacib olduğunu düşünürlər".

Sakit, heç kimin diqqətini çəkmək istəməyənlər, tez-tez arxaya boylananlar onu göstərir ki, insanın vicdanı təmiz deyil. "Bu cür daim intriqalarla yaşayan, digərlərinə şər atanlar, düyünlədiyi hadisələrdən günahsız çıxanlar gəzir. Elə adamlar da var ki, bir qədər qabağa əyilərək gəzirlər. Bu onu göstərir ki, həmin adam sadiqdir. O, kobudluq etmir, mehribandır. Belə adamlar ağlı hesabına çətinlikləri dəf edir, çox güclü və etibarlı olurlar".

İti yeriyənlərin isə tez özündən çıxan və kinli olduqlarını deyən psixoloqlar bildirib ki, onlar yaxın və çox sevdiyi insanlarla da münasibətdə kobuddurlar. "Bəzi adamlar isə yeriyərkən bütün vücudu tərpənir. Bu isə həmin insanın dəyişkən əhvala sahib olmasını göstərir. Onlara ünsiyyətdə hədsiz əminlik hissi mane olur. Yüngül, gözəl yeriş isə sahibinin şəxsi və işgüzar həyatda uğurlu olmasını göstərir".

ŞƏRH YAZIN