Nigar Rəsulbəyova : Hər Bir Şəxs Qanunlara Hörmət Etməyə Borcludur

0
3693
Nigar Rəsulbəyova : Hər Bir Şəxs Qanunlara Hörmət Etməyə Borcludur

Nigar Rəsulbəyova 1982-ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini,2002-ci ildə isə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Dövlət və bələdiyyə idarəetməsi fakültəsini bitirib. 1990-cı ildən hakim kimi fəaliyyət göstərir. 2005-ci ildən İxtisaslaşdırılmış Məhkəmələrin hakimlərin Assosasiyasının Sədr müavini olmuş, 2007-ci ildən hal-hazıradək Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimidir. Hüquq fəlsəfəsi üzrə elmlər doktoru, həmçinin Aviasiya akademiyasının müəllimidir.Hakim vəzifəsini nümunəvi yerinə yetirdiyinə görə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilmişdir.Ailəlidir, 3 övladı var.

Tarix boyu hüquq müdafiəçiliyi, qanunların keşiyində durmaq güclü cinsin – kişilərin peşəsi hesab edilib. Ancaq zaman keçdikcə başqa sahələrdə olduğu kimi, bu istiqamətdə də əsaslı dəyişikliklər baş verdi və bu gün bütün dünya ölkələrində hüquqşünas kimi güc strukturlarında və məhkmə orqanlarında kifayət sayda qadınlar fəaliyyət göstərir. Ölkəmizdə də bu sahədə calışan  xanımlardan birini sizlərlə tanış edəcək və fikirlərini sizlərə təqdim edəcəyik. 
 
“Son illər Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında respublikamızda bütün sahələrdə quruculuq işləri böyük vüsət alıb. Gözümüzün qarşısında yeni binalar ucaldılır, geniş və müasir yollar və körpülər tikilir. Bundan əlavə yeni iş yerləri açılır. Qısa zaman kəsiyində iqtisadiyyatın inkişafında misli görünməmiş nailiyyətlər əldə edilir və ən başlıcası da vətəndaşların rifahının yüksəldilməsi istiqamətində mühüm addımlar atılır. Heç şübhəsiz ki, bütün bunların mərkəzində insan və vətəndaş amili, yəni onların hüquqlarının və azadlıqlarının qorunması durur.“ – Bu fikirlər Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi Nigar Rəsulbəyovaya məxsusdur. Müsahibimizlə söhbətimizə qadınların hüquqşünas kimi hüququ qorumaq gücü mövzusu ilə başladıq. N. Rəsulbəyova çalışdığı sahənin zərif cinsin nümayəndələri üçün asan olmadığını, amma güc strukturlarında kifayət qədər qadının şərəflə təmsil olunduğunu vurğuladı: 
 
- Əlbəttə, qadın üçün məhkəmə orqanında çalışmaq ikiqat məsuliyyətdir. Həm də nəzərə alsaq ki, güc strukturunda, məhkəmə orqanında çalışan qadın həm də anadır, həyat yoldaşıdır, o zaman insan bu məsuliyyətin böyüklüyünü daha aydın hiss edir. Keçdiyim həyat yolunda bu məsuliyyət məndən də yan keçməyib. Övlad və ailə qayğıları  ilə paralel uzun illərdir ki, eyni sahədə çalışıram. Uşaqlar kiçik olanda mənə daha çətin idi. Əlbəttə, anam kömək edirdi, həyat yoldaşım mənim işimin ağırlığını görərək mənə dəstək olurdu. Etiraf edim ki, onların köməyi olmasaydı, mən həm ailəni idarə etməkdə, həm də işimdə uğurlar qazanmağa nail ola bilməzdim. Hər zaman deyirəm ki, işdə qazandığım nailiyyətlər üçün ailə üzvlərimə borcluyam. Və bir də əlbəttə ki, biz qadınlara bacarığımızı göstərmək üçün şərait yaradan dövlətimə. Hesab edirəm ki, digər sahələrdə olduğu kimi, hüquq sahəsində də Azərbaycan qadınları icra etdikləri vəzifələrdə ən yüksək səviyyədə təmsil olunurlar. Bu isə onu deməyə əsas verir ki, zərif cinsin nümayəndələri hər zaman olduğu kimi, bu gün də vətəndaşların hüquqlarının qorunmasında xalqımıza xidmət  göstərirlər. 
 
- Necə bilirsiz, Azərbaycanda vətəndaşların hüquqlarının, haqlı mövqelərinin lazımi qaydada müdafiə edilməsi üçün şərait varmı? 
 
- Bilirsiniz, dövlət başçısının şəxsi təşəbbüsü və göstərişləri əsasında son illər ərzində dövlət və inzibati orqanlarda islahatlar aparılıb. Onların yüksək səviyyədə işləməsi və xalqa xidmət etməsi üçün gözəl şərait yaradılıb, lazımi texnika və avadanlıqlarla təmin olunublar. Bundan əlavə yüksək vəzifə maaşları təyin edilib. Bütün bunların əvəzində isə təbii ki, orqanlarda çalışan məmurlar vəzifələrinə tam məsuliyyətlə yanaşmalıdırlar. Eləcə də biz hakimlər işimizə məsuliyyətlə yanaşmalıyıq ki, dünyəvi bir dövlətin vətəndaşlarının hüquqları pozulmasın. Hər kəs daim yadda saxlamalıdır ki, dövlət və inzibati, eləcə də, güc, məhkəmə orqanları Azərbaycan Respublikasının təməl daşlarından biridir. Buna görə də onların fəaliyyəti nümunəvi olmalıdır. Mən də çalışdığım illər ərzində baxdığım işlərə hər zaman obyektiv yanaşmağa, vətəndaşların haqlı mövqeyinin müdafiə olunmasına və nümunəvi fəaliyyət sərgiləməyə çalışmışam. 
 
- Bu gün ölkəmizdə insan hüquqlarının qorunması ilə bağlı durumla əlaqədar fikirləriniz də maraqlı olardı...
 
- Biz hamımız eyni toplumun üzvü, eyni dövlətin vətəndaşlarıyıq. Bu meyarı əsas tutaraq hər bir şəxs öz yerində qanunlara hörmət etməyə borcludur. Təbii ki, inzibati orqanlar insan hüquqlarına hörmətlə yanaşmalı, cəmiyyət üzvləri isə qanunun normalarına riayət etməlidirlər. Dövlət-vətəndaş münasibətləri qarşılıqlı anlaşma əsasında qurulmalıdır. Qeyd edək ki, hər bir vətəndaş dövlət orqanlarından onun hüquqlarına aid olan hərtərəfli informasiya və qoyulan bütün suallara cavab almaq hüququna malikdir. Dövlət orqanlarının nümayəndələri vətəndaşlara qarşı etik normalara uyğun davranmalıdırlar. Onlar vətəndaşı diqqətlə dinləməli, onları narahat edən suallara cavab verməlidirlər. Məmurların kobudluğu, etinasızlığı və öz xidməti vəzifələrinə səhlənkar yanaşmaları vətəndaşların dövlət orqanlarından narazılığına səbəb olur. Heç bir məmur bunu bir an da olsun unutmamalıdır. İstərdim bu yerdə bir Latın aforizmini xatırladım: “Qanunlar ona görə verilib ki, güclünün hakimiyyətini məhdudlaşdırsın”. “İnzibati icraat haqqında” qanuna əsasən, hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ var. Aidiyyatı orqan isə öz növbəsində aidiyyatı müraciətə baxmalı, müraciətə əsasən qərar qəbul etməyə və ya məlumat verməyə borcludur. İşə baxılmasında isə qərəzsiz mövqe olmalıdır. Onu da deyim ki, inzibati icraatın konkret müddəti var. Məsələn, ərizənin və ya müraciətin qeydiyyata alındığı vaxtdan, bir qayda olaraq, ən geci 30 gün müddətində həmin aktın qəbul edilməsi və ya onun qəbul edilməsindən imtina olunması haqqında qərar qəbul edilir. Dövlətlə vətəndaş arasındakı problemin məhkəmə yolu ilə həll edilməsi isə vətəndaşların qanuni hüquq və maraqlarının qorunmasında ən son mərhələdir. 2011-ci ilin yanvarından ölkəmizdə inzibati məhkəmələr fəaliyyət göstərir və artıq çoxsaylı ərizələrin araşdırılmasına başlanılıb.  Ümumiyyətlə, məhkəmələr inzibati mübahisələrə baxdıqda hər şeydən əvvəl öz müstəqilliklərini qorumalı və cəsarətli, eyni zamanda ədalətli qərarlar qəbul etməlidirlər. Bununla yanaşı hakim bütün məhkəmə icraatı zamanı “etik davranış kodeksi” qaydalarını unutmamalıdır. 
 
- Sizcə, nümunəvi, ədalətli bir hakim necə olmaldır?
 
- Məlum olduğu kimi, hüquqi bir dövlət kimi Azərbaycan dövləti hər bir vətəndaşının hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Məhkəmə qərarları isə dövlətin adından çıxarıldığı üçün məhkəmə prosedurları ədalət məhkəməsinin nümunəvi şəkildə keçirilməsini müəyyənləşdirən hüquq normalarına uyğun olmalıdır. İnzibati qaydada iddialara baxan hakimlər öz professional biliklərindən səmərəli istifadə edərək Avropa İnsan Hüquqları Konvensiyasının, Azərbayacan Respublikası Konstitusiyasının, İnzibati Prosessual Məcəllənin tələblərini yerinə yetirərək, beynəlxalq hüquq təcrübəsindən istifadə edərək, hər hansı bir maddi və prosessual hüquq normalarını pozmadan qanuni və əsaslı qərarlar qəbul etməlidirlər. 
 
İnzibati işlərə baxan hər bir məhkəmə instansiyası nəzərə almalıdır ki, hər hansı qanuna zidd və şəxslərin hüquqlarını pozan məhkəmə qərarı Avropa İnsan Hüquqları Məhkəməsinin araşdırma predmetinə çevrilə bilər. Bu isə ölkəmizin məhkəmə sisteminin, həm də Azərbaycanın imicinə xələl gətirə bilər. İstərdim ki, hər bir hakim ona göstərilən etimada layiq şəkildə  qanunun aliliyini hər zaman uca tutsun.
 
Mətanət Ağamirli

ŞƏRH YAZIN