Təsirli Yazmaq İstəyənlər Üçün Son Çağırış

0
3921
Təsirli Yazmaq İstəyənlər Üçün Son Çağırış

Həyat da çay kimidir, axına qarşı üzənləri sevmir və belələrini var gücü ilə itələyir. Həyatda baş verənləri labüd hesab etmək və həyatın şərtlərini qəbul etmək lazımdır. İnsan, yalnız yaşadığı cəmiyyətin şərtləri daxilində fəaliyyət göstərə bilər. Düzdür, bir qədər də cəsarət lazımdır.

Həyatda gözləməyi, şərtlər daxilində yaşamağı bacarmalısan!

Həyat bir səfərdir. Kimi üçün qısa və gözlənilməz, kimisi üçün uzun və təfərrüatlı. Müxtəlif dayanacaqları olan bir avtobus səfəri kimi. Hər dayanacaqda avtobus dəyişdirmək lazım gəlir. Hər dayanacaqda bir az gözləmək və növbəti səfər üçün maddi və mənəvi təcrübələr qazanmaq lazım gəlir. Maraqlıdır ki, heç də hər avtobusa minə bilmirsən. Bəzən son dəqiqəni qaçırırsan, sonrakını gözləyirsən, bəzən də avtobus dolu gəlir qapılar açılmır. Yaxud, baxırsan ki, dayanacaqda izdiham var, bəzən əvvəlki dayanacağa qayıtmalı olursan, bəlkə yer tapa bilərəm deyə. “Kiminin əvvəli, kiminin sonu” - deyərək həyatı gözləmələr və gözləniləni arzulamaq ilə keçirirsən və buna “ümid etmək” deyilir. Məsələn, ümid edirik ki, növbəti avtobusa minəcəyik.

Ümidə yaxınlaşarkən, üfüqdə yeni işıqlarını yandırmış bir başqa avtobus meydana çıxır. Bu sistemin içində növbəni gözləməyi, avtobus gəldiyi zaman minə bilməyi ümid etməyi və minə bilmədiyin avtobusların arxasınca düşünməklə vaxt xərcləməməyin lazım olduğunu öyrənirsən. Avtobus dayanacaqlarında yetkinləşirsən. Sonsuz bir ümidlə gözlədiyin bu avtobuslarda özünə yer tapa bilmədiyin vaxtlar da olur. Məsələn şəhərdaxili avtobusların birində ayaq üstə səyahət etmək məcburiyyətində qala bilərsən. “Bir yer boşalar”  ümidiylə davamlı gözləyirsən. Məlum olur ki, avtobusa minmək məmnuniyyət gətirməyə də bilir. Səyahətlərimiz zamanı hisslərə qapılırıq. Elə bir gün olur ki, bir əcnəbinin yanındakı oturacaqda yuxuya dala bilirik və ya bir gün bir yaşlıya, ya da uşaqlı bir ailəyə yer veririk. O səyahətimiz bu xeyirxah əməlin verdiyi həzz ilə ayaqüstə keçir, ətrafdakıların müsbət baxışlarını görüb, özümüzü xoşbəxt hiss edirik.

Əvvəlki səfərimizdə ayaqüstü səyahət etmək bizi necə yormuşdu?! İndi isə yerimizi ehtiyacı olan birinə vermə fikri bizi şad edir. Maraqlı situasiyadır! Həyat gözləmək, ümid etmək, gözlədiyinə qovuşmaq və yeri gələndə özününkünü başqaları ilə paylaşmaq kimi özünü göstərir. Sənin nöqteyi-nəzərinə görə həyat, bəzən yorucu, bəzən kefli, bəzən də qürur verici səfərlərdə özünü hiss etdirir. Yaşadığının fərqinə varır və mənliyinin həyatdakı mövqeyini anlayırsan. Zaman keçir və sən dayandırmağı xəyal etdiyin, amma dayandıra bilmədiyin o zamanın içində gözləmənin düsturunu əzbərləyirsən. Həyatı öyrənir, zamanın içində yetkinləşirsən. Hər şeyin vaxtlı-vaxtında olmasını istəyir, gözləməyi sevmirsən. Gecikmələr zamanı narahatlıq duyursan. Xüsusilə ictimai iş, yoldaş  dairəsi kimi kateqoriyalar daxilində zamanın məhsuldar səviyyədə istifadə edilməsini istəyirsən.

“İctimai” sözü ilə başlanılan cümlələrdə, işin içinə sizdən başqa psixologiyalar və müxtəlif təcrübələri olan digər insanlar girir, sizin yetkinləşdiyiniz ərəfələrdə və ayrı-ayrı avtobus dayanacaqlarında minən insanlar, həyata baxışları, dünyagörüşləri sizinki ilə üst-üstə düşməyə biləcək insanlar. Sizin zamana qatmaq istədiyiniz səmərəni başqa mənalarda anlayan və o mənaların yükü altında ictimailəşməyi seçən insanlar… O dəqiqədən etibarən “mənim” deyə bir zaman və ya həyat qalmır.

Gözləməyi öyrənərkən, davamı olaraq nəyi isə gözləməyi öyrənirsiniz. Əks təqdirdə planlarınız və istəklərinizin müvəffəqiyyətə çata bilməyəcəyi ehtimalını və bu ehtimalın statistik olaraq yüksək əmsala sahib olduğunu anlayır və “iztirab” deyilən bir hissi dadırsınız. Fəlsəfi anlamda, bütün bu ümidlər və gözləmələr içində bölüşməni və bölüşərkən nigarançılığa məğlub olmamağı öyrənirsiniz. Gözləmənin bölüşməyə faydasını hiss edir, gözləmələrin sizi depressiv bir perioda itələdiyini öyrənirsiniz. Eyni kökdən törəyən və ziddiyyət təşkil edən sözlərin arasında yetkinləşirsiniz.  

Həyatda gözləməyi öyrənməlisən, arzularından planlar qurmalısan. Reallaşdıra bilmədiklərin üçün yeni tarixlər müəyyən edəcək, unutmayacaq və o planlarını heç vaxt beynindən silməyəcəksən. Bir-bir arzu etdiklərini prioritet növbəyə uyğun həyata keçirməklə məşğul olmalısan. Bu əməliyyatları gözləmə prosesinə keçmədən etmək lazımdır. Şübhəsiz ki, insan arzularının hamısına çata bilmir. O dəqiqədə \"ictimai\" sözünü düşünəcək və həyatda tək olmadığını xatırlayacaqsan. “Hər işdə bir xeyr vardır” ifadəsini həyat dəftərinin ilk səhifəsində asanlıqla görünən bir yerə diqqətlə yerləşdirəcəksən ki, dəftərini hər dəfə açanda bu cümlə sənin təhtəlşüuruna daha möhkəm kök atsın. Əmin ol ki, bu ifadə, sənin həyata pozitiv baxışına və arzulaydıqlarını reallaşdırmağına kömək edəcəkdir. Başına gələn talehsiz və təsadüfi  hadisələri ağır dərd kimi fikrinə salmayacaq və bu hadisələri ictimaiyyətin bir parçası olaraq anlamağa çalışacaqsan.

Neft tapılmadan əvvəlki dövrlərdəki, quraqlıq ölkələri düşünəcəksən. Tarixdə o coğrafiyada doğulmağı arzulamayan milyonlarla insan yaşamışdır. İndi isə, o bölgələrdə yaşayanların zənginliklərini arzulayan yenə milyonlarla kasıb insanın olduğu sənə məlumdur. Bir də o nefti əldə etmək üçün yıxılan rejimləri və həyatlarını qurban verənləri düşünmək lazımdır. Bütün bunlar sənin həyat şərtlərini asanlaşdıran faktorlardır. Həyatın səninlə başlayıb səninlə bitməyəcəyini öyrənəcək, anlayacaq və yetkinləşəcəksən.

Həyata daha çox şans verəcəksən. Yaşadıqca yaşlanacaq və həyatın birdən çox mənası  olduğunu anlayacaqsan. Avtobus dayanacaqlarının çoxluğunu və sənin bu dayanacaqlarda niyə gözlədiyinin səbəbini anlayacaqsan. Yaşlandıqca hisslərin sürətlənəcək, amma sən yavaşayacaqsan. Sürətin bir keyfiyyət olduğunu öyrənəcəksən. Beş dəqiqə əvvəl gedəcəyin yerdə olmanın sənə gətirəcəyi mənfəəti və səndən alacağı məsrəfi təhlil edəcəksən. Fərqlilikləri özündə yaşatmağı və yeniliklərə köhnəlikdən məna qatmağı öyrənəcəksən.

Yetkinləşəcəksən! Nə qədər yetkinləşmişsənsə, qarşılaşdığın gözlənilməz hallara qarşı o qədər hazırlıqlı olacaqsan. Səni yetkin edən hər anı xatırlayacaq, film lentinə xronoloji bir məna verəcəksən. Üzündə illərin köhnəldə bilmədiyi o optimist təbəssümlə özünü sonsuzluğun qollarına buraxdığın zaman, həyatın niyə gözləmək üstündə qurulduğunu bütün ruhunla hiss edəcək və sonsuzluğa azad qanadlar çırpacaqsan. O gün gələnə qədər həyatda gözləməyi biləcək, ümid etməyi öyrənəcək və yetkinləşərək, həyatda yıxılmayacaqsan. Cəmiyyətin içində, okeanda bir damla qədər zərrəcik olsan da, o okeanın tarazlığını təyin edən bir zərrə olduğunu biləcəksən. Bu sənin özünə və həyata olan inamın olaraq səni növbəti avtobus dayanacağına daşıyacaqdır.

Dahi qəzəlxan Əliağa Vahidin məşhur meyxanasını burada xatırlamaq yerinə düşər:

Xaliqin zərrəsidir növi-bəşər,

Zərrənin qismətinə zərbə düşər,

Zərrələr get-gedə lap zərrələşər,

Kim kiçilməz səsi haqqın səsidir!

 

"Ehtiras və Məqsəd" romanından

ŞƏRH YAZIN