Puldan düzgün istifadə etməyi öyrənək və öyrədək

0
2099
Puldan düzgün istifadə etməyi öyrənək və öyrədək

Pul kisənizə hər gün 24 saat ərzində təsir edən düşmən - reklamdır. Bu reklamla “sən buna layiqsən” prinsipinə əsaslanaraq “AL“ təklifi verməklə ürəyin ən yaralı yerlərinə toxunurlar. Siz də xilas olmaq ümüdi ilə alırsınız, lakin nə xilas yolu görünür, nə də pul tapılır.

Birinci növbədə zərbə uşaqlara dəyir, çünki, uşağa yox demək çətindir. Reklam uşaqları “istəməyə” məcbur edir və istədiyini valideynlərindən xahiş etmək üçün bütün imkanlara əl atır. 

Pulun idarə edilməsi - böyük bir elmdir. Amerikanın məşhur psixoloqu Alan Fromm qeyd edib ki, xərcləmək bacarığı istəklərimizi nəzarət altında saxlamaq bacarığımızı əks etdirir. Bu bacarığa uşaq vaxtı yiyələnmək lazımdır. Uşaq bilməlidir ki, pulun xərclənməsi - Pulun yerləşdirməsidir. Həttə dondurma alanda da, siz pulu yerləşdirmiş olursunuz. Əgər bunu yadda saxlasanız, bu sizə xərclədiyiniz pulu faydalı şəkildə əlinizdə saxlamağa kömək edəcək. 

Bizə puldan düzgün və ağılla istifadə etməyi, pulu necə qazanmağı və necə xərcləməyi öyrətmirlər. Bu da bizim təhsil sistemin əsas çatışmamazlığıdır. Hətta doğma valideynlər də hər zaman buna diqqət yetirmirlər. Ən yaxşı halda puldan düzgün istifadə etmədiyinə və ya həddindən artıq xərclədiyinə görə danlayıb cazalandırırlar. Özümüzün puldan düzgün istifadə etməyimizi öyrənməyin və uşaqlarımıza da öyrətməyin vaxtı çatıb.

Pul, yalnız lazımi şeyləri almaq üçün vasitə deyil, pul həm də bir növ təhlükə mənbəyidir. Əslində pulun mənfi və ya müsbət təsir xüsusiyyətləri yoxdur. Lakin pula düzgün olmayan münasibət xoşagəlməz vəziyyətlərə səbəb ola bilər.

Bu məsələni bizimlə bölüşən Təhsil üzrə ekspert Məlahət Mürşüdli qeyd etdi ki, bu mövzu Təhsil Nazirliyin təsdiq etdiyi dərslik əsəsında iqtisadiyyat dərslərində aparılır: “Burada əsas mövzular bunlardır: gəlirlərin bölünməsi, gəlirlərin işlənməsi, maliyyənin sərf edilməsi və s. Əlbəttə burada ölkənin maliyyələşdirilməsindən və ölkənin gəlirlərindən söhbət gedir. Düşünürəm ki, peşəkar müəlimlər bu mövzuları verərkən, ailə məsələlərinə toxunmalıdır. Uşaqları gəlirlərin özləri tərəfindən xərclənməsi məsələsinə yönəldən müəllimlərimiz var. Ancaq elə müəlimlərimiz də var ki, bu proqram çərçivəsindən kənara çixa bilmirlər. Müşahidələrimiz göstərir ki, orta məktəblərin 9-11-ci siniflərində bu məsələlər üzrə işlər çox aşağı səviyyədə aparılır”. 

Biz məsələ ilə bağlı məktəbdə dərsliyin keçdiyini deyən müsahibimiz qeyd etdi ki, bu 8-ci sinifə qədər keçirilən “Həyat bilgisi” dərsliyidir: “Bu dərslikdə bu məsələlər əsas diqqətdə olan məsələlər kimi deyil, umumi şəkildə öz əksini tapır. Müəllimlər buna diqqət yetirməli və mövzuları uşağın ailəsinin qazancına uyğunlaşdıraraq xərcləməsini öyrətməlidir. Mövzudan kanara çıxmaq, yaradıcı yanaşmaq, həyatla bağlamaq lazımdır, çünki həyat təcrübəsində ailə ilə uşağın özü ilə bilavasitə təmasa girir, çünki onda dərs də maraqlı olur və uşağın yaddaşına həkk olur. Düşünürəm ki, təkcə məktəb daxilində deyil, eyni zamanda təhsillə bağlı, ən azı büdcə məsələləri ilə məşğul olan müxtəlif qeyri-hökümət taşkilatları var. Onlar özlərinin proqramlarını, layihələrini bu məsələlərə həsr etməlidir. Orta məktəb şagirdlərin arasında treninqlərin, seminarların, muhazirələrin keçirilməsi çox faydalı olar. Azad Müəlimlər Birliyi 5-il bundan əvvəl bir sinif daxilində belə seminarlar apardı, maliyyə cəhətdən elə o qədər imkanımız olmasa da, sınaq üçün belə proqramı həyata keçirdi. Bəzi uşaqlar mücrülərini gətirib göstərirdilər ki, valideynlərin gündəlik verdiyi xərcdən nə qədərini xərcləyir, nə qədərinə də qənaət edirlər, yəni israfçılığa yol vermirlər. Bu, kicik yaşlı uşaqlara çox yaxşı təsir edir. Həm də uşaqlarda yaxşı vərdiş formalaşır. Təəssüf ki, biz bu layihəni davam etdirə bilmədik, çünki, görülən işlərin hamısı maliyyə ilə bağlıdır və hər təşkilat da bunu öz hesabına edə bilməz. Amma bu iş gözəl nəticə vermişdi və valideyinlər çox razılıq edirdilər ki, uşaqlar qanaəti öyrəniblər və israfçılığa yol vermirlər”.

“Bu məsələyə uşaqların diqqətini aşaqı siniflərdən cəlb etmək düzgün deyilmi” – sualına cavab verən M. Mürşüdli qeyd etdi ki, biz təhsilin hər sahəsində ağacın kökünü qoyub, budaqlarından yapışırıq: “Budaqdan yapışmaqla, biz ağacın kökünə çata bilmərik. Kök ibtidai sinifdir. Məktəbin bünövrəsi ibtidai sinifdən başlayır və bunların hamısını kökündən qazmaq lazimdır ki, bu bacarıq və vərdiş biliklə yanaşı, uşağın yaddaşına hopsun. Avropa təcrübəsinə əsaslnanaraq demək istərdim ki, Avropa ölkələrində QHT-lər bu sahədə böyük işlər görürlər. Dərslik öz yerində, vətəndaş cəmiyyəti institutları ilə birgə işlər daha səmərəli olur. Bunu təkcə müəllimin boynuna atmaq da düz olmaz, eyni zamanda valideyn də evdə bunu etməlidir. Valideyin tərəfindən pul xərcləmə qaydaları haqda uşağa verilən dərs məktəbdə tamamlanmalıdır”.

İqtisadiyyat üzrə ekspert Oktay Haqverdiyev bildirdi ki, bu cür qlobal suala cavab verməzdən əvvəl qısaca da olsa, məsələ ilə bağlı ümumi vəziyyətə baxış keçirmək lazımdır. 

“Biz uşaq bağçalarından başlayaraq, ali məktəblərə qədər uşaqları potensial korrupsioner kimi hazırlayırıq” – deyən müsahibimiz bildirdi ki, bağçaya gedən uşaq valideynlərinin tərbiyəçiyə uşaqlarına yaxşı baxmaq üçün pul verməsini görür: “O, hiss edir ki, valideynlərindən pul alandan sonra tərbiyəçi ona qarşı daha diqqətli olacaq. Oxşar hal orta və ali mərtəblərdə də baş verir. Uşaqlar böyüyüb şüurlu yaşa çatdıqda öz uşaqlarina həmən məqsəd üçün hardansa vəsait əldə etməyini düşünürlər. Bu günə olan vəziyyət budur. İnsanların pulun xərclənməsində prioritet axtarmaq istəyi yoxdur. Yalnız pulun kifayət qədər olması istəyi var. Mən Laosda işlədiyim vaxt orada bir nazirin evində olmuşam və fikir vermişəm ki, onun 2 mərtəbəli evində yalnız bir televizor var. Bu evdə bir dənə də artıq şey yoxdu. Yalnız insan üçün zəruri olan əşyalar vardı. Bizdə bu gün bir qayda olaraq hər otaqda, mətbəxdə, bəzilərin hətta hamam otağında da televizoru var. Pulun xərcləmə mədəniyyəti insanın təbii mədəniyyətinin ayrılmaz hissəsidir. İnsanda umümi mədəniyyət yoxdursa, deməli pulun xərcləməsində də olmayacaq. Yəqin ki, cibindən əzilmiş halda pul çıxardan insanlara rast gəlmisiniz. Bu cür pullar zəhmət ilə qazanılmayıb, ona görə də gəldiyi kimi də gedir”.

Uşaqları pulun düzgün xərcləməsi qaydalarını öyrətməyin zərurətindən danışan O.Haqverdiyev, “toylarımızda baş verənlərə diqqət yetirin və özünüz bu sualı cavablandırın” – deyə qeyd etdi: “Hər şeyin dərəcəsi var, israfcılığın da dərəcəsi olmalıdır. İnkişaf etmiş və firavan ölkələrin əhalisi pullarını xərcləyərək israfçılığa yol vermədiyi halda, bizim aramızda qazandığından daha çox xərcləmək istəyənlərin sayı azalmır. Məktəblərdə, hətta uşaq bağçalarında bu barədə maarifçilik işinin aparılması olduqca vacibdir. Bu iş yoruducu olmadan həyata keçirilməli, neqativ halları lağa salmaq yolu ilə söhbət şəklində aparılmalıdır. Qoy uşaqlar buna gülüb lağ etsinlər və bu haqda fikirləşsinlər. Pulun xərclənmə mədəniyyətini tərbiyə vermə prossesindən sonraya saxlamaq olmaz. Bu prosses bir günə, bir ilə, hətta onillərlə əmələ gələn deyil, nəsillər və düşüncə dəyişməlidir“.

Bir sözlə uşağlarınızı pullarıla düzgün rəftar etməyə öyrədin ki, onların şüurlu həyatı dövründə “Valideynlərə yardım” maddəsi, “Valideyndən yardım” madəsindən üstün olsun!

 

ŞƏRH YAZIN